İlham Əliyev: Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır

İlham Əliyev: Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır
22:13 10 Mart 2020
104 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı deyib:

"Hesab edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

İnformasiya mühafizəsi ilə bağlı. Çünki biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir. Amma bunun fəsadları odur ki, bizə qarşı informasiya kampaniyası aparılır - qara piyar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya. Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır.

Sosial siyasətlə bağlı. Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır.

Gənclər siyasəti ilə bağlı. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/307376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR