Azərbaycanın koronovirusdan daha böyük bəlası...

Azərbaycanın koronovirusdan daha böyük bəlası...
17:43 13 Mart 2020
118 Digər
Ölkə mətbuatı
A- A+

“Niquşun Azərbaycanda koronovirus var” xəbərdarlığı ilə başlanan təşviş “Tünzalə”dən “zarafatcıl ölümə” və sairə şayiələrə qədər gəlib çıxdı. Xəbər yayıldı ki, “saat 11-dən axşam saat 5-ə kimi eşikdə paltar qoymayın, koronavirusa görə təyyarə ilə dərman tökəcəklər”, daha sonra şayiə buraxdılar ki, “Corat tərəfdə həyətdə gəzən uşaqları və müəllimlərini polislər tutub aparacaq, uşaqlarınızı həyətə buraxmayın” və sair və ilaxır.

Dünya koronavirusla əlləşir, Azərbaycanın isə öz bəlası var.

Dünən yenə “WhatsApp” sosial şəbəkəsində Eyvaz Cəfərov adlı şəxsin koronovirusda öldüyü haqda şayiə yayıldı. Azərbaycanın gözəl insanları bu şayiəni bir-birinə ötürə-ötürə yaydılar, yaydılar və sözün gerçək mənasında ağını çıxardılar. Sonda şayiəni yayanlar bunun sadəcə zarafat olduğunu bildirdilər və “bilsəydik etməzdik” kimi üzrxahlıq da etdilər.

Həqiqətən də Azərbaycanın koronavirusdan daha böyük bəlası var: qulaqdan qulağa ötürülən şayiələr və məsuliyyətsiz vətəndaşlarımız. Və bizə nə edəcəksə, elə bunlar edəcək.

Reallıqlar və şayiələr: Çində bütün dünyanı təşvişə salan koronavirus peyda olanda dövlət Azərbaycanı epidemiyadan qorumaq məqsədilə hərəkətə keçdi: Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradıldı və Fəaliyyət Planı hazırlandı; ilk gündən bütün sərhəd-keçid məntəqələrində və hava limanlarında önləyici addımlar atıldı; Virus qonşu İranda peyda olanda profilaktiv tədbirlər gücləndirildi; Ölkəyə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər və tibbi ləvazimatlar gətirildi; Təhsil müəssisələrində mümkün təhlükəyə görə tədris prosesi müvəqqəti dayandırıldı; Yerüstü və yeraltı nəqliyyat vasitələri hər gün dezinfeksiya olunur; Karantin zonası yaradıldı və virusa yoluxma şübhəsi olanlar cəmiyyərdən təcrid edildi; İndiyə qədər ölkədə yalnız bir nəfər bu virusdan vəfat edib, həmin şəxs də böyrək çatışmazlığından əziyyət çəkirdi; Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycan Hökumətinin virusa qarşı mübarizəsini yüksək qiymətləndirir.

Bu, bütün dünyanın üzləşdiyi təhlükəlidir və Azərbaycanda dövlət üzərinə düşən işi həyata keçirir. Nazirlər Kabinetinin yanında yaradılmış operativ qərargah isə hər gün ictimaiyyəti məlumatlandırmaq vəzifəsini yerinə yetirir. Bu, reallıqdır, biz isə şayiələrə inanırıq.

Bütün dünyadakı vəziyyət haqqında dəqiq informasiyalar verən ÜST Azərbaycanda koronavirusa yoluxma halının olmadığını deyəndə biz “Niquşa” inandıq...

Sonra “Tünzalə”yə, “WhatsApp” şayiələrinə, daha sonra da iki dənə “zarafatcıla”...

Koronovirusdan daha təhlükəli olan bu bəlanı cəmiyyət olaraq özümüz yaratmışıq, indi də əziyyətini çəkirik. Bəlamız olan həmin “zarafatcıllar” da elə öz dilləri ilə cəmiyyəti “barmaqlarına doladıqlarını” etiraf etdilər. İndi elə cəmiyyət olaraq, bu bəlanı aradan qaldıra bilsək, koronadan da, virusdan da xilas olacağıq.

- Rəsmi informasiyalara etibar etməliyik. Rəsmi qurumların bütün informasiyaları ictimaiyyətlə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına da təqdim olunur, bu baxımdan, şübhəyə yer yoxdur;

- Ölkədə təşviş yaradanlara qarşı tədbirlər daha sərt olmalı və üzrxahlıqla bitməməlidir. Bu gün Uzaq Şərqdə Çindən tutmuş, okeanın o tayına, ABŞ-a qədər koronavirus təhlükəsi ilə üzləşən ölkələr ictimai təşvişə səbəb olan məlumatlara qarşı sərt mübarizə metodları seçirlər: belə informasiyaları yayanlar cinayət məsuliyyətinə cəlb olunur. Bunun başqa yolu yoxdur;

- Dünyanın ən böyük ölkələri sosial şəbəkələrdə – Feysbuk, Tvitter, Yutub və s. - koronavursla bağlı məlumatları məhdudlaşdırır. Sosial şəbəkələrin Azərbaycan seqmentində də bu, tətbiq edilməlidir;

- Cəmiyyət bu məsələdə daha həssas olmalı və şayiə tirajçılarına qarşı ictimai qınaq güclənməlidir;


Əks təqdirdə, bizi koronavirus yox, “Niquşlar” və şayiələr öldürəcək...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR