“Google Glass” eynəyi gözdən əlillər üçün adaptasiya edilib (VİDEO)

“Google Glass” eynəyi gözdən əlillər üçün adaptasiya edilib (VİDEO)
09:35 14 Mart 2020
Ölkə mətbuatı
A- A+

Niderlandın "Envision" şirkəti "Google" ilə əməkdaşlıqda "Google Glass" "ağıllı" eynəyinin gözdən əlil və zəif görən insanlar üçün nəzərdə tutulmuş xüsusi versiyasını hazırlayıb.

 

ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, söhbət ötən ilin mayında təqdim edilən "Google Glass Enterprise Edition 2" eynəyindən gedir. "Envision" şirkəti tərəfindən eynək üçün daha kompakt çərçivə hazırlanıb və ona əvvəllər "Envision" mobil əlavəsində tətbiq edilən sifət, şəkil və mətnlərin tanınması sisteminin dəstəyi quraşdırılıb. Mövcud kamera və səsli köməkçi funksiyası vasitəsilə eynək istifadəçisi məkanda istiqaməti müəyyənləşdirə, lövhə, məktub və kitabları oxuya (səsli köməkçi funksiya tanınan mətni səsləndirir) və yaxınlıqda tanış insanlardan kimin olduğunu öyrənə biləcək. Şirkət mütəxəssislərinin sözlərinə görə, alqoritm hətta əllə yazılmış mətni, eləcə də 60 dildə yazılmış mətnləri tanıyır və ucadan səsləndirir.

 

Hazırda şirkətin saytında qiyməti 1699 dollar təşkil edən "Envision" "ağıllı" eynəyi üçün ilkin sifarişlər qəbul edilir. Qurğunun bu ilin avqustunda 2099 dollara satışa çıxarılacağı gözlənilir.

 

Qeyd edək ki, "Google Glass" eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat isə 2012-ci ilin ortalarında "Google" tərtibatçılarının konfransında baş tutub.

 

"Google Glass" eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da "Google" şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.

 

Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.

 

Qurğu "Wi-Fi" və "Bluetooth" standartlı simsiz rabitə modulları ilə təchiz edilib. "Bluetooth" vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.

 

Nizam Nuriyev

 

 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67122-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR