Prezident Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Ağ evdə keçirilən mətbuat konfransında terrorizmə qarşı mübarizə metodlarını müzakirə ediblər

Prezident Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Ağ evdə keçirilən mətbuat konfransında terrorizmə qarşı mübarizə metodlarını müzakirə ediblər
17:08 17 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, Ağ ev, 17 yanvar, AzərTAc
Böyük Britaniyanın baş naziri Devid Kemeron bu həftə Vaşinqtonda rəsmi səfərdə olub. Yanvarın 16-da Ağ evdə ABŞ prezidenti Barak Obama ilə bağlı qapılar arxasında bir neçə saat davam etmiş görüşdə milli təhlükəsizlik ilə bağlı böhranlı məsələlər müzakirə olunub. Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirilib.
Prezident Obama Devid Kemeronu və Britaniya nümayəndə heyətini salamlayaraq deyib ki, bu il Vaşinqtonda 1812-1815-ci illərdə İngilis-Amerika müharibəsinin son mərhələsi olan Yeni Orlean uğrunda döyüşdə ABŞ-ın Britaniya üzərində qələbəsinin iki yüz illiyi qeyd edilir. Lakin XVIII və XIX əsrlərdə bu ölkələr arasında baş vermiş müharibələrə baxmayaraq bu gün Böyük Britaniya ABŞ-ın mühüm müttəfiqidir.
Mətbuat konfransında qlobal iqtisadi problemlər, qlobal istiləşməyə qarşı mübarizə metodları, Ukraynada vəziyyət, Qərbi Afrikada Ebola virusunun yayılmasının qarşısını almaq üzrə qlobal tədbirlər, 2014-cü ildə Əfqanıstanda Amerika missiyası başa çatandan sonra bu ölkədə vəziyyət, müxtəlif terrorçu qruplaşmalara, o cümlədən Boko-Haram qrupuna qarşı mübarizədə müvafiq ölkələrin rəhbərliyinə kömək, İranın nüvə proqramına dair danışıqlar və terrorizmə qarşı qlobal müharibə məsələləri müzakirə edilib.
D.Kemeron və B.Obama ekstremizmə qarşı mübarizə sahəsində əsas vəzifələr barədə razılığa gəlsələr də, bu mübarizənin həyata keçirilməsi metodları barədə ABŞ və Böyük Britaniya rəhbərlərinin mövqeləri fərqlidir. Kemeron və Obama keçən həftə Parisdə törədilmiş terror aktlarından və bu günlərdə Belçikada terror aktının qarşısı alınandan sonra genişlənməkdə olan ekstremizmə qarşı mübarizə metodları barədə öz mövqelərini təqdim ediblər. Barak Obama deyib: “Bu, zorakı ekstremizm fenomenidir... onun ideologiyası, onun təşkil etdiyi şəbəkələr, gəncləri ələ almaq qabiliyyəti metastaz kimi dünyanın bir çox ölkələrində geniş yayılıb”.
Prezident deyib ki, ABŞ və Avropa müsəlmanların əksəriyyətinin inandığı dəyərlərə, o cümlədən tolerantlıq və dünya birliyi yaradılmasında əməkdaşlıq kimi dəyərlərə tərəfdardırlar. Ağ evin rəhbəri vurğulayıb ki, silahdan istifadə etmədən də ekstremizm üzərində qələbəyə nail olmaq mümkündür. Bu mübarizənin metodlarından biri dünya müsəlmanlarının əksəriyyətini təmsil edən mütərəqqi insanların çıxışlarıdır. Fanatik ekstremistlərin məlumatları kimi, bu insanların mövqeyi də ucadan səslənməlidir.
Barak Obama Avropada və Amerikada terrorizmə qarşı mübarizə problemlərini və bu sahədə vəzifələri müqayisə edərək bildirib ki, yeni immiqrantları assimilyasiya etmək qabiliyyəti Birləşmiş Ştatların üstünlüyüdür. Bu proses Amerika ənənələrinin tərkib hissəsidir. “Bizim müsəlmanlar özlərini amerikalı hesab edirlər”, - deyən prezident vurğulayıb ki, Avropanın çox hissəsində, o cümlədən Şimali Afrikadan olan immiqrantların assimilyasiyaya məruz qalmadığı Fransada vətəndaşların özünü identifikasiya etməsi sarıdan vəziyyət bir qədər fərqlidir.
Devid Kemeron ekstremizmə qarşı mübarizə məsələsində özünün daha sərt mövqeyini şərh edərək bildirib ki, legitim rəhbərlik tərəfindən idarə olunmayan, terrorçuların özbaşınalıq etdiyi ərazilər dərhal bağlanmalıdır, beynəlxalq birlik özünü “İraq və Livan İslam Dövləti” adlandıran terrorçu qruplaşmaya qarşı mübarizədə əməkdaşlıq etməli, “ölüm təbliğ edən zəhərli fanatizmə və İslamı təhrif edən ideologiyaya qarşı” mübarizədə birləşməlidir. Baş nazir terror aktlarının qarşısını almaq üçün kəşfiyyat idarələrinin və milli təhlükəsizlik təşkilatlarının əməkdaşlığının zəruriliyini xüsusi qeyd edib.
Baş nazir Devid Kemeron son altı ayda Avropada baş verən hadisələr və qitədə terror aktları təhlükəsinin artması ilə əlaqədar, ABŞ rəhbərliyinə və ABŞ-ın texniki şirkətlərinə tövsiyə edib ki, potensial terror aktlarının qarşısının səmərəli şəkildə və vaxtında alınması, habelə ekstremist şəbəkələrin ləğv edilməsi üçün informasiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirsinlər. ABŞ prezidenti bu ideyaya o qədər də maraq göstərməyib.
Prezident Obama öz şərhində qeyd edib ki, terror ocaqlarının aşkar edilməsi və potensial təhdidlərin qarşısının alınması sahəsində əsas məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşməlidir və yalnız bu cür təhdidlər müəyyən edildiyi hallarda texniki şirkətlər dövlət strukturları ilə daha yüksək səviyyədə əməkdaşlıq edə bilərlər. Ağ evin rəhbəri vurğulayıb: “Nəzərə almaq lazımdır ki, bu şirkətlər həm də öz müştəriləri, əmtəə və xidmətlərin istehlakçıları qarşısında cavabdehdirlər və onlar hüquqi təminatlar baxımından, istənilən istehlakçının şəxsi informasiyasından istifadə edilməsinə imkan verə bilməzlər”.
Qeyd edək ki, Vaşinqtonda ikitərəfli müzakirələr zamanı prezident Obama və baş nazir Kemeron kibercinayətlərdən və kiberhücumlardan müdafiə sahəsində Amerika-Britaniya əməkdaşlığını genişləndirməyi və gücləndirməyi qərara alıblar. Onlar hər iki ölkənin strateji əhəmiyyətli infrastrukturlarının kiberhücumlardan müdafiəsini genişləndirməyi və potensial təhlükələrə dair informasiya mübadiləsini gücləndirməyi vəd ediblər.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR