Milli həmrəylik və təhlükəsizlik amili: Koronavirusla mübarizənin ən effektiv yolu

Milli həmrəylik və təhlükəsizlik amili: Koronavirusla mübarizənin ən effektiv yolu
14:03 16 Mart 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

“İzolyasiya – bu həmrəylikdir, bir neçə həftə təcrid formada yaşamaq, hər halda xəstələnməkdən və ölməkdə daha yaxşıdır”.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç belə deyir.

Dünyanın hazırkı mənzərəsi pandemiya səviyyəsi alan koronavirusa qarşı mübarizədə hələki əsas çıxış yolunun izolyasiya olduğunu göstərir: sərhədlərin bağlanması, başqa ölkələrlə əlaqələrin minimal səviyyəyə endirilməsi, insanların kütləviliyinin maksimal həddə aşağı endirilməsi və s.

Azərbaycan Hökuməti virusun yayılmasının minimallaşdırılması məqsədilə bəzi sosial izolyasiya tədbirlərinin görülməsi haqda qərar qəbul etdi. Bura aprel ayının sonuna qədər toy mərasimlərinin qadağan edilməsindən iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasına qədər bir sıra addımlar daxildir. Məqsəd vətəndaşların sağlamlığının təmin edilməsi, Azərbaycanın dünyanı bürümüş bu bəladan mümkün qədər uzaq tutmaqdır.

Vuynoviçin dediyi kimi, “bir neçə həftə təcrid formada yaşamaq xəstələnməkdən daha yaxşıdır”.

Bütün dünya ölkələri məhz bu prinsiplə hərəkət edir: virusun peyda olduğu və ən çox tüğyan etdiyi Çin ilk gündən izolyasiya yolunu seçdi. Koronavirusun episentri olan Uhan şəhəri təcrid olundu, bütün ölkə üzrə səfərlər minimallaşdırıldı, insanların kütləviliyinin qarşısını alındı, nəticədə, bu gün epidemiyanın yayılması minimuma endirilib. Eyni addımları bu gün Avropa ölkələri və ABŞ da atır.

Azərbaycan da virusla mübarizənin ən effektiv yolu olan bu variantı seçdi. Bu situasiyada dövlət qurumları ilə yanaşı, cəmiyyətin üzərinə də böyük məsuliyyət düşür. İndiki halda təşvişə düşməmək, izolyasiyanı “hüquqlarımızın məhdudlaşdırılması” kimi yox, səhhətimizin qorunması kimi qəbul etmək, kimliyindən, vəzifəsindən, düşüncəsindən asılı olmayaraq, həmrəy olmaq, əlaxüsus da şayiələrə yox, real faktlara inanmaq lazımdır. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Bu, milli həmrəylik məsələdir və dünyanın bəlasına çevrilmiş bu epidemiyadan yeganə çıxış yolu da həmrəy olmaqdadır.

Milli həmrəylik: tarix göstərir ki, həmrəy olan toplumlar istənilən problemin öhdəsindən gələ bilir. Xalq olaraq indi buna ehtiyacımız çoxdur. Hər kəs – düşüncəsindən və mövqeyindən asılı olmayaraq, bu məsələdə üzərinə düşəni etməlidir. İlk növbədə sosial izolyasiya qaydalarına əməl etməli, gigiyena qaydalarına digər insanların, əsas da yaxınlarının sağlamlığı üçün əməl etməli, çətinliyin aradan qaldırılmasında fərdi olaraq dövlətə dəstək verməlidir.

Və bu məsələ həm də milli təhlükəsizlik yükü daşıyır. Epidemiyadan qorunmaq və qaydalara əməl etmək şəxsi sağlamlıqla yanaşı, həm də cəmiyyətin təhlükəsizliyinin təmin edilməsidir.

Milli təhlükəsizlik: dünyada epidemiyaların milli təhlükəsizlik məsələsi olaraq qəbul edən ölkələrin təcrübəsi var. Misal üçün, Ebola virusunun yayıldığı vaxt Obama Administrasiyası bu epidemiya ilə mübarizəni milli təhlükəsizlik prinsipi olaraq qəbul etmişdi. İndiki ABŞ hökuməti, eləcə də Avropa ölkələri də koronavirusa bu kontekstdə yanaşırlar. Bu baxımdan, Azərbaycanın virusla mübarizəyə milli təhlükəsizlik fonunda yanaşması vacibdir.

Milli təhlükəsizliyin qorunması məqsədi daşıyan izolyasiya qaydalarına əməl edilməsində milli həmrəylik nümayiş etdirəcəyimiz təqdirdə, virusa qalib gəlmək daha asan olacaq. Hər-halda bir neçə həftə belə yaşamaq, xəstələnməkdən və ölməkdən daha yaxşıdır...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR