Koronavirus bioloji silahdır? - Çoxlarını maraqlandıran suala professordan cavab

Koronavirus bioloji silahdır? - Çoxlarını maraqlandıran suala professordan cavab
21:32 16 Mart 2020
129 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən ilin noyabr ayından Çinin Hubey əyalətində yaranıb, 2020-ci ilin əvvəllərindən bütün dünyaya yayılan koronavirusla (COVID-19) bağlı müxtəlif iddialar səslənməkdədir.

İddiaların bir qismi virusun yaranmasında ABŞ-ın günahkar olduğu yönündədir. Bəziləri isə iddia edir ki, koronavirus bioloji silahdır və insanların sayının azaldılması üçün istifadə edilir.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbuldakı məşhur universitetlərin birində təşkil olunan "Koronavirus: Son vəziyyət" adlı tədbirdə xəstəliklə bağlı maraqlı fikirlər səsləndirilib. Tədbirdə xəstəliyin mənbəyi, yayılması, qorunma üsulları və başqa məsələlər müzakirə edilib.

Bu mövzularla yanaşı, tədbirdə koronavirusun bioloji silah olub-olmaması məsələsinə də toxunulub. Professor Özer Akgülün dediyinə görə koronavirus bioloji silah deyil. Belə ki, onun dediyinə görə öldürücülük qabiliyyəti 3 faiz olan virus bioloji silah ola bilməz.

"Əvvəlkilərdən fərqli olaraq yeni növ koronavirusun yoluxuculuq qabiliyyəti çox yüksək olsa da, öldürücülük faizi çox aşağıdır. 2000-ci illərdə yayılan SARS və MERS kimi virusların öldürücülük qabiliyyəti 10, 35 faiz idi. Amma, COVİD-19-un öldürücülük nisbəti 3 faizdir. Öldürücülük qabiliyyəti bu qədər aşağı olan virus bioloji silah olmaz. Virusla əlaqədar uydurulan şayələr, virusdan daha sürətlə yayılır", - deyə o, çıxışında söyləyib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə koronavirusa dünya üzrə 175769 nəfər yoluxub. 6716 nəfər bu virusdan ölüb, 77868 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR