Məşhur aktyordan maraqlı ETİRAFLAR: Müslüm Maqomayevi tanımırdım - MÜSAHİBƏ

Məşhur aktyordan maraqlı ETİRAFLAR: Müslüm Maqomayevi tanımırdım - MÜSAHİBƏ
12:08 17 Mart 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Son günlərdə koronavirus vahiməsi ilə yanaşı, gözəl hadisələr də baş verir. Məsələn, Rusiyanın birinci kanalında efirə gedən “Maqomayev” serialı kimi...

Ekran əsərində Azərbaycanın nəhəng sənətkarı Müslüm Maqomayevin obrazını uğurla canlandıran aktyor Miloş Bikoviç Publika.az-ın özəl qonağıdır.

Miloş Bikoviç 1988-ci ildə Serbiyanın paytaxtı Belqradda doğulub. Hələ kiçik ikən özündən 16 yaş böyük qardaşı kilsəyə üz tutub, rahib olur. Bir müddət sonra valideynləri boşanır. Miloş anası ilə Belqradın müxtəlif məhəllələrində kirayədə yaşadığı üçün şəhərin bütün nöqtələrini tanımağa başlayır. Avropanın digər ölkələrində çalışan atası ilə də əlaqəsi itmir. Uşaqlığı 90-cı illərdə baş verən müharibələrə, böhrana təsadüf etsə də, şirin xatirələri daha çoxdur.

13 yaşından etibarən aktyorluq məktəbinə yazılan Miloşun gələcəyini də elə bu məktəb təyin edir. Bir sıra idman növləri ilə məşğul olsa da, hamısını yarımçıq qoyub, aktyorluğa davam edir.

- Miloş, necə hesab edirsiniz, uşaqlıq xüsusiyyətlərinizi bu günə qədər özünüzlə gətirə bilmisiniz, yoxsa keçmişdə qalıb?

- Düşünürəm ki, insan öz xüsusiyyətlərini böyüdükcə inkişaf etdirir. Önəmli olan hər zaman uşaq qalmağı bacarmaqdır. Çünki uşaq safdır, tək istəyi oynamaqdır. Oyun isə yaradıcılığın özəyi və xoşbəxtliyin ən gözəl formalarından biridir. Həmçinin azad həyat deməkdir.

- Doğma vətəniniz Serbiyadır...

- Bəli, Serbiya Avropanın Rusiyaya çox yaxın yerləşən kiçik ölkəsidir. Türkiyənin mədəniyyətimizə böyük təsiri olub. Serb xalqının çox qədim tarixi var. Yüksək yumor hissi, zəngin mədəniyyəti olan xalqıq. Nikola Tesla kimi dünyanı dəyişən dahi alimin, Mixaylo Pupin kimi fizikin vətənidir Serbiya. Sizi Serbiyaya dəvət edirəm ki, özünüz daha yaxından tanış olasınız.

- Məmnuniyyətlə növbəti dəfə səfər edəcəm. Miloş, Rusiya və Serbiyanın kifayət qədər məşhur aktyorusunuz. Sizin üçün çətin və gözlənilməz rol anlayışı var?

- Aktyor üçün bütün obrazlar çətin və gözlənilməzdir. Öncədən ssenari ilə tanış olsan da, həyəcanı, gözəlliyi yalnız obrazı canlandıranda dadırsan. Bütün rollarıma eyni həssaslıq və məsuliyyətlə yanaşıram.

- Yəqin buna görə də “Maqomayev” serialında çəkilmək təklifi gələndə, öncə imtina etmisiniz. Fikrinizi dəyişməyə nə vadar etdi?

- Açığı deyim, Müslüm Maqomayevi tanımırdım. Bəli Rusiya mədəniyyəti ilə tanış idim. Amma bu mədəniyyət Serbiyaya bötövlükdə nüfuz etmir. Dəvət alandan sonra onun həyat və yaradıcılığını araşdırmağa başladım, çox heyrətləndim. Maqomayev tək Azərbaycanın deyil, Rusiyanın, bütövlükdə dünyanın sənətkarıdır. Anladım ki, bu dahi insanla müəyyən mənada mənəvi bağımın olmasını istəyirəm.

- Düşünürəm ki, buna nail oldunuz. Özünüz necə, oxumağı sevirsiniz?

- Sevirəm, amma dinləməyi tövsiyə etmirəm.

- Serialın çəkilişlərinin bir hissəsi Bakıda baş tutdu. Küləklər şəhəri sizi nə ilə təəccübləndirdi?

- Bakı çox rəngarəng şəhərdir. Bir tərəfdən super-müasir şüşəli göydələnlər, digər yandan şərq memarlıq nümunələri və Çar Rusiyasının dövrünə aid tikililər şəhərin palitrasını zənginləşdirir. Günəşli şəhərin bu vəhdəti çox xoşuma gəldi. Azərbaycanın başqa bölgələri, Xəzər dənizinin digər sahilləri ilə yaxından tanış olmaq istəyirəm.

- O zaman sizi yay aylarında Bakıya dəvət edirik. Heyvanları sevirsiniz?

- Çox sevirəm. İtim vardı. 3 il öncə öldü. Hələ də onun yasını tuturam. Doğrudur pişikləri də sevirəm. Təəssüf ki, pişiklərə və atlara qarşı allergiyam olduğu üçün onlarla zaman keçirə bilmirəm.

- Sizcə, onlar da dünyanı bizim kimi görüb duyur?

- Bizdən daha sadə və təmiz yaşadıqlarına əminəm. Ona görə daha xoşbəxtdirlər.

- İncəsənət sizin üçün nədir?

- Mənə görə incəsənət azadlığın təzahürüdür. İnsan nə qədər azaddırsa, yaradıcılıq enerjisi də bir o qədər güclənir. Tanrının ona verdiyi vəzifənin öhdəsindən daha yaxşı gəlməyə başlayır. Yalnız bu yolla insan ən yüksək məqama, tanrıya toxuna bilər. Başqaları üzərində hökmranlıq etmədən, pulunun gücü ilə deyil, ən təmiz yolla nail ola bilər. Çünki incəsənət çox təmizdir, odur ki, özümüzü bütövlükdə onun ixtiyarına buraxmalıyıq.

- Zövqünüzü formalaşdıran yazıçıları və əsərləri sadalaya bilərsiniz?

- Təbii ki... Dostayevski, Şekspir, Çexov bədii zövqümə çox böyük təsir göstərib. Lakin serb əsilli Nobel mükafatçısı İvo Andriçin, Miloş Sırnyanskinin (Ми́лош Црня́нский), Meşa Selimoviçin adlarını xüsusi qeyd etmək istəyirəm. Sizə də onların yaradıcılığı ilə tanış olmağı tövsiyə edirəm. İstərdim ki, mənə rus və ya serbcə oxuya biləcəyim Azərbaycan yazıçılarının bir neçəsinin adlarını deyəsiniz.

- İvo Andiç sevdiyim yazıçılardandır. Azərbaycanlı yazıçıların rus və serbcəyə tərcümə olunmuş əsərləri ilə sizi mütəmadi olaraq tanış edəcəyəm.

- Miloş Bikoviçi yaradıcılığa sövq edən, ilhamlandıran məqamlar nədən ibarətdir?

- İncəsənətin müxtəlif qolları, rəsm əsərləri, musiqi, poeziya, kino, psixologiya və həyatın özü. Hər şey... İnsanları müşahidə etmək aktyorun ən böyük ilham qaynağıdır.

- Xeyir və şər... Yaxşı və pis...

- Bu qərarı şüur və qəlb eyni anda verməlidir. Bu sərhədi duymaq üçün eyni anda bütün hisslərini səfərbər etməlisən.

- Deyirlər, aktyorluq peşə yox, diaqnozdur.

- Belə də tərif vermək olar. Serb dilində buna daxili çağırış, gözlə görünməyən dəvət deyirlər. Sənətimizin insanları əyləndirən, şənləndirən klounu olmaq da, düşüncələri işıqlandıran, sahmana salan rahibi olmaq da öz seçimimizdir. Cəmiyyəti müəyyən dəyərlər ətrafında toplayıb, zaman çarxı ilə keçmişə geri qaytarmaq, müasir insanı Müslüm Maqomayev kimi dahi ilə tanış etmək də mümkündür. Lakin nəzərə alaq ki, aktyor bunu tək etmir. Onunla çiyin-çiyinə çox böyük yaradıcı komanda çalışır.

- Səhnəni vaxtından tez tərk etmək vacibdir, yoxsa ən sonda?

- Düşünürəm ki, hər ikisi yanlışdır. Sənətkarın hüdud, çərçivə duyğusu olmalıdır.

- Miloş, sonda oxucularımıza ürək sözlərinizi çatdırmağınızı istəyirəm...

- Bütün dünyanı bürüyən dəhşətli pandemiya dövründə hamınıza sağlamlıq arzulayıram. İstənilən halda başımıza gələn hər şeyə müsbət yöndən yanaşmağı bacarmalıyıq. Əminəm ki, bu çətin dövr bizə doğmalarımızın və zamanımızın dəyərini anlamağa bir daha təkan verəcək. Hər şey sakitləşəndən sonra isə buyurun, Serbiyaya gəlin. Əminəm ki, bu səfər hamınız üçün yeni dünyanın kəşfi olacaq.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/307987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR