Millət vəkili: “Vətəndaşlar koronavirusla mübarizədə hökumətin gördüyü tədbirlərə dəstək verməlidir”

“Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır”.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.

F. Yıldırım bildirib ki, virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və mübarizə xarakterli tədbirlər ardıcıl olaraq davam etdirilir:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti bu problemlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib”.

Millət vəkili qeyd edib ki, ölkədə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər bütövlükdə təqdirlə qarşılanır. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin diqqətdən qaçmamalıdır ki, vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz”.

Millət vəkili qeyd edib ki, koronavirus son günlər Avropa ölkələrində çox sürətlə yayılır və yoluxma halları getdikcə artmaqdadır: “Bu səbəbdən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunur. İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyada ən qabaqcıllardan hesab olunur. Amma o ölkələrin səhiyyəsi də virusun qarşısını almaqda acizdir. Ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən zəruri tədbirlər davam etdirilir. Amma əsas məsələlərdən biri bu tədbirlərə ictimai dəstəyin göstərilməsidir. Yəni bu tədbirlərin effektivliyini maksimum dərəcədə təmin etmək üçün vətəndaşların iştirakı və dəstəyi lazımdır. Eyni zamanda, əhali sosial şəbəkələrdə yayılan qeyri-ciddi məlumatlara deyil, rəsmi mənbələrin informasiyasına inanmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR