Təhsil Nazirliyində Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı mətbuat konfransı

Təhsil Nazirliyində Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı mətbuat konfransı
17:43 17 Yanvar 2015
270 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Yanvarın 17-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı ilə bağlı mətbuat konfransı keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, konfransda bu qurumun struktur bölmələrinin rəhbərləri, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə Sərəncamını müəllim peşəsinə diqqətin ən parlaq nümunəsi adlandırıb. Nazir bildirib ki, dövlət başçısı növbəti dəfə böyük siyasi iradə göstərərək insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım atıb. Əhalinin aztəminatlı kateqoriyasına aid olan müəllimlərin maddi güzaranının yaxşılaşdırılması məqsədi ilə verilən qərar dünyada cərəyan edən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə Azərbaycan Respublikası Prezidentinin sadə insanların rifahı haqqında düşündüyünü və əsas vəzifəsini xalqına şərəflə xidmət etməkdə gördüyünü bir daha təsdiq edir.
Nazir vurğulayıb ki, dərs yükü normasının, həmçinin əmək haqqının artırılması müəllimlərin aylıq gəlirinə əhəmiyyətli dərəcədə təsir edəcək: “Azərbaycanda müəllimlərin gəlirlərinin azlığının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır. Müəllimlərimizin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.
M.Cabbarov tezliklə bölgələrdə sınaq qiymətləndirilməsinin aparılacağını və bunun nəticəsində həmin bölgələrdə yaşayan müəllimlərin də əmək haqqının artacağını deyib. Bu işin sistemli şəkildə mərhələlərlə həyata keçiriləcəyini diqqətə çatdıran nazir sınaq qiymətləndirilməsinin müəllimlərin özləri üçün də faydalı olduğunu vurğulayıb. Nazir xatırladıb ki, paytaxtda aparılan sınaq qiymətləndirilməsinin nəticəsi olaraq bu prosesdə iştirak etmiş müəllimlərin orta dərs yükü 18 saatadək artırılıb.
Konfransda təhsil ekspertləri dövlət başçısının Sərəncamını yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər.
Sonda təhsil naziri jurnalistlərin suallarını cavablandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR