Özbəkistanda Xətainin “Divan”ının nadir nüsxəsi aşkarlandı

Özbəkistanda Xətainin “Divan”ının nadir nüsxəsi aşkarlandı
16:58 18 Mart 2020
Ölkə mətbuatı
A- A+

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi apararkən Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir nüsxəsini aşkarlayıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında həyata keçirilən tədqiqatlar zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkar olunub.

Bu əlyazmalar arasında ölkəmiz üçün önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də var. Xətainin anadilli “Divan”ının digər nüsxələri Britaniya Muzeyində və İranda qorunmaqdadır. Əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün AMM-in direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə olunub. Əlyazmanın köçürülmə tarixi hicri təqvimi ilə 942-ci il göstərilir (Miladi tarixlə 1535 kimi qeyd edilib). 84 vərəq həcmində olan əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir və incə nəstəliq xətti ilə köçürülüb.

Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsinin yaxın vaxtlarda nəşri planlaşdırılır.

Qeyd edək ki, AMM-in layihəsinə əsasən, Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla AMEA-nın Əlyazmalar İnstitutu ilə mübadiləsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/308185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR