SARS-CoV-2 koronaviruslar arasında çempion adlandırıla bilər

SARS-CoV-2 koronaviruslar arasında çempion adlandırıla bilər
22:12 18 Mart 2020
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikasında yaranmış və dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqda olan koronavirus pandemiyasının qarşısının alınması üçün bütün dünyada, eləcə də Azərbaycan Respublikasında kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin nəticəsində müxtəlif kütləvi informasiya vasitələrində yeni koronavirus barəsində kifayət qədər məlumat mövcuddur. Koronaviruslar taksonomik cəhətdən Orthocoronavirinae fəsiləsinin Nidovirales dəstəsinin Koronaviruslar sinfinə aiddir. Koronaviruslar müsbət təkzəncirli RNT genomundan, spiral simmetriyalı nukleokapsiddən ibarətdir. Genom 26000-32000 nukleotid cütü ölçüsündə olub RNT viruslardan ən böyüyüdür. Yeni 2019-nCoV-2 virusunun genomu 2020-ci ilin yanvar ayında tam oxunularaq, NCBI bazasında yerləşdirilib. 2019-nCoV virusunun genomunun 29903 nukleotid cütündən ibarət sadə bir zəncirli RNT genomuna malik olması müəyyən edilib. Bu baxımdan, yeni 2019-nCoV-2 koronavirusu bütün viruslar arasında çempion adlandırıla da bilər. Belə ki, virusların sahib orqanizmdə adaptasiyası daha çox virus genomunun uzunluğundan asılıdır. Viruslar üçün genomun ölçüsü sanki "intellekt" rolunu oynayır, genom nə qədər böyük olarsa onların sağ qalmaları üçün müxtəlif strategiyalar işlətməsi və müxtəlif ətraf mühit təsirlərinə cavab verməsi asanlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynovanın "SARS-CoV-2 koronaviruslar arasında çempion adlandırıla bilər" məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, koronavirusların elmə məlum olan ən uzaq ortaq əcdadları milladdan azı 8000-8100 il əvvəl mövcud olub. alfakoronavirus, betakoronavirus, qammakoronavirus və deltakoronavirusların, müvafiq olaraq, təxminən miladdan 2400, 3300, 2800 və 3000 il əvvəl yarandığı göstərilir. Yarasalar, quşlar və uçan digər onurğalılar koronavirusların daşıyıcılarıdır. Yarasalar alfakoronavirus və betakoronavirusların, quşlar isə qammakoronavirus və deltakoronavirusların təkamül keçirməsi və yayılması üçün ideal "sahib"lərdir. Koronaviruslar 1960-cı illərdə kəşf edilib. İlk dəfə toyuqlarda yoluxucu bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılıb. Sonrakı dövrlərdə bu ailənin başqa üzvləri - 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV kimi formalar kəşf edilib. İnsan koronaviruslarının yeddi növü məlumdur: insan koronavirusu 229E (HCoV-229E), insan koronavirusu OC43 (HCoV-OC43), ağır kəskin respirator sindromu ilə əlaqəli koronavirus (SARS-CoV), insan koronavirusu NL63 (HCoV-NL63), insan koronavirusu HKU1, daha əvvəl yeni koronavirus - 2012 və HCoV-EMC kimi tanınan Orta Şərq tənəffüs sindromu ilə əlaqəli koronavirus (MERS-CoV) və 2019-nCoV. HCoV-229E, NL63, OC43 və HKU1 koronavirusları davamlı olaraq insan populyasiyasında dövr edir və dünya miqyasında böyüklər və uşaqlarda yoluxucu tənəffüs yolu xəstəliklərinə səbəb olur. 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, ağır kəskin respirator sindromuna səbəb olan SARS-CoV həm yuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarına gətirib çıxardığı üçün özünəməxsus patogenezə malikdir.

Qeyd edilib ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV, Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə tərəfindən isə SARS-CoV-2 (ağır kəskin respirator sindrom koronavirusu-2) adlandırılan virus koronavirusların yeni ştamı olmaqla, eyni zamanda Uxan koronavirusu, Uxan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uxan sətəlcəmi kimi tanınır. SARS-CoV-2 virusunun ağır kəskin respirator sindromuna səbəb olan SARS-CoV virusu ilə 70% identiklik təşkil etdiyi sübut olunub. Tədqiqatlar nəticəsində 2020-ci ilin martına qədər bu koronavirusun azı 149 dəyişik forması olduğu təsbit edilib, iki alt növə (L (70%) və S (30%)) ayrıldığı müəyyənləşdirilib. Daha az aqressiv olan S alt növü təkamül yolu ilə uyğunlaşaraq hazırda daha çox yayılmaqdadır. Virusun biomolekulyar koduna əsasən aparılmış zülal modelləşməsi göstərib ki, virusun reseptor-birləşdirici S-zülalı insanın anqqiotenzinçevirən ferment 2 (AÇF 2) zülalına qarşı kifayət qədər yüksək affinliyə malik olmaqla yanaşı, hüceyrəyə daxil olmaq üçün ondan giriş nöqtəsi kimi istifadə edir. 2020-ci ilin yanvar ayının sonunda Çin və ABŞ-da 2 qrup alim bir-birindən asılı olmayaraq məhz AÇF 2 zülalının SARS-CoV-2 virusunun reseptoru rolunu oynadığını sübut ediblər. Yeni koronavirus genomu, eyni zamanda, 1008 insan SARSCoV, 338 yarasa SARS-a oxşar CoV və 3131 insan MERS-CoV də daxil olmaqla digər koronaviruslarla müqayisə edilib. Müqayisəli analiz göstərdi ki, onlar demək olar, identikdirlər və yalnız 5 nukleotid fərqlidir. Aminturşu səviyyəsində 2019-nCoV ilə SARS-CoV arasında kifayət qədər oxşarlıq mövcud olsa da, nəzərə çarpan fərqlər də mövcuddur. Bu fərqlərin 2019-nCoV-nun funksionallığına və patogenezinə necə təsir göstərdiyini xarakterizə etmək üçün gələcək tədqiqatlar tələb olunur. Ümumilikdə, 2019-nCoV (HB01), SARS və SARS-a oxşar virusların uyğun konsensus ardıcıllıqları arasında 380 amin turşusu əvəzləməsi baş vermişdir. Gələn illərdə koronavirusların yeni partlayışlarının olmayacağına heç kim zəmanət verə bilməz. SARS-CoV-2-in özünüqoruma mexanizmləri güclüdür və bu baxımdan onun yeni ştamlarının yaranması gözləniləndir.

Hazırda koronavirusa qarşı heç bir vaksin mövcud deyil, lakin dünyada bir neçə nüfuzlu təşkilat yeni koronavirusa qarşı vaksin hazırlamağa çalışır: Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CCDC), Şanxay Şərq Xəstəxanası, Honq Konq Universiteti və s. Epidemik Hazırlıq İnnovasiyası üzrə Norveç Koalisiyası (CEPI) koronavirusa qarşı üç vaksin layihəsini maliyyələşdirir və 2020-ci ilin iyun ayınadək vaksinin klinik tədqiqatlar mərhələsinə buraxılacağı gözlənilir. Eləcə də ABŞ Milli Sağlamlıq İnstitutları (NIH) ümid edir ki, 2020-ci ilin aprel ayının sonuna qədər COVID-19-a qarşı vaksinin hazırlanmasının ilkin iki mərhələsi tamamlanacaq və klinik tədqiqatlara başlanılacaq.

Azərbaycanda DST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində yeni koronavirusun ölkədə yayılması buxovlanıb, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülüb, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilib. Bütün dövlət orqanları, əlaqədar təşkilatlar, mütəxəssislər vahid məqsədə köklənib və xalqın sağlamlığının keşiyinə səfərbər edilib. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığı tələb edir ki, Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərilə bilər.

Son günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirələrində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Burada kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunub, aidiyyəti qurumlara vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində DST-nin tövsiyələrinə uyğun olaraq tapşırıqlar verilib.

AMEA-da da koronavirusla bağlı profilaktik və maarifləndirici tədbirlərin görülməsi ilə bağlı önləyici addımlar atılmaqdadır. Bunların sırasında xüsusən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında" sərəncamını qeyd etmək lazımdır. Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. Sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, eləcə də AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların təşkili məsələləri əksini tapıb. Bundan başqa, sərəncamda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda qeyd olunan qərar ciddi şəkildə yerinə yetirilir, AMEA-nın əksər inzibati binalarında dezinfeksiya işləri aparılır, əməkdaşlar müvafiq qoruyucu vasitələrlə təmin edilir. Burada bir məsələyə də diqqət yetirmək lazımdır. Dezinfeksiyaedicilərin istifadəsi zamanı onların insan sağlamlığına mənfi təsirinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə hidrogen peroksid, ozon, perasetik turşu/peroksisas turşusu, fosfor turşusu, kalium hidroksid, natrium hidroksid kimi maddələrdən istifadə edilməsi tövsiyə olunur.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə bir neçə gün əvvəl "Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış" mövzusunda maarifləndirici seminarın keçirilməsi də təqdirəlayiq hesab edilə bilər. Aparıcı alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə "Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər", "Patogenlər, onların növləri, təhlükə səviyyələri, təsir mexanizmləri, törətdikləri xəstəliklər və bu məsələlərə eksperimental yanaşmalar", "SARS-Co-2 koronavirusun mənşəyi, epizootologiyası və yayılma xüsusiyyətləri", "Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı fəaliyyətlər", "Patologiyaların törədicilərinin miqrasiya yolları və biotəhlükəsizlik prinsipləri", "Viruslarla bağlı risk menecment və ictimayiyyətin cəlb edilməsi: qabaqlayıcı tədbirlər və fövqəladə vəziyyət zamanı mümkün senarilər" mövzularında məruzələr dinlənilərək müzakirə edilib.

BTEB-in mütəxəssisləri tərəfindən mətbuatda, televiziya kanallarında, sosial şəbəkələrdə çıxışlar da mütəmadi hal almaqla, əhalinin maarifləndirilməsinə, səfərbər olunmasına dəyərli töhfələr verməkdədir. Bu istiqamətdə fəaliyyətlər bundan sonra da bütün gücü ilə davam etdiriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR