"Qan qruplarının koronavirusa yoluxma effekti tamamilə..." - Tanınmış professorla MÜSAHİBƏ

"Qan qruplarının koronavirusa yoluxma effekti tamamilə..." - Tanınmış professorla MÜSAHİBƏ
18:43 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

"İnsanlarımız səbrli olmalı, karantin qaydalarını pozmamalı, şəxsi gigiyena qaydalarına diqqət etməli, xəstə şəxslərdən uzaq dayanmalı, mənasız yerə küçələrdə gəzməməlidirlər".

Bu sözləri Publika.az-a müsahibəsində professor Adil Qeybulla deyib.

- Koronavirus nə vaxt lokallaşacaq?



- Mütəxəssislər tərəfindən proqnozlaşdırılır ki, koronavirusun təsirinin azalması və ya qarşısının alınması prosesi iyun ayına qədər çəkəcək. Ancaq əlavə problemlər çıxsa, ssenari fərqli məcrada da inkişaf edə bilər. Bütün ölkələr bu epidemiyaya istənilən səviyyədə hazır deyil və karantin tədbirlərini tam həyata keçirə bilmir. Bəzi ölkələr Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edə bilmir. Yəni səhiyyə sistemləri buna imkan vermir. Ya da ayrılan vəsait az olduğu üçün qorunmanı təmin edə bilmirlər. Mart və aprel aylarında yoluxma ilə bağlı artım reallaşaraq pik həddə çata bilər. Ancaq karantin tədbirləri düzgün alındığı təqdirdə, may ayından etibarən Kovid-19-un yayılma sürəti azala və müsbətə doğru dəyişiklik ola bilər. İyun ayında yekunlaşmalıdır. Bu virusun analoji variantı olan SARS 2002-ci ilin noyabrında dünyanı cənginə aldı, 2003-cü ilin iyununda isə son xəstələnmə halı qeydə alındı.

- Epidemiyanın qarşısının alınmasında çətinlik yaradan əsas amillər hansılardır?



- Epidemiyanın qarşısının alınmasında çətinlik yaradan əsas səbəblərdən biri vahid mərkəzdən idarə olunan sistemin olmamasıdır. Dünya üzrə qanun qəbul olunmalıdır ki, belə situasiyalarda ÜST-ün karantin tədbirləri qüvvəyə minsin. Bu qanun bütün ölkələr üçün zəruri olmalıdır. Çünki bu, təkcə Çinin problemi deyil. Bəşəriyyət əziyyət çəkdiyi üçün ortaq tədbirlər alınmalıdır. Əslində, bu epidemiya bütün insanlara qarşı yönəlmiş bir faciədir.

- Bəzi qan qruplarının virusa az yoluxması ilə bağlı məlumatlar əsaslıdırmı?



- Bəzi qan qruplarına virusun az və ya çox təsir etməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Çünki qan qruplarının nə intellektə, nə şəxsiyyətə, nə də immun sisteminə aidiyyəti var. Düzdür, müəyyən xəstəliklərin bəzi qan qruplarında çox təşkil etməsi ilə bağlı tədqiqatlar gedir. Amma bunlar müzakirəli məsələlərdir.

- Növbəti illərdə yeni növ viruslar ortaya çıxa bilərmi?

- Hesab edirəm ki, bu cür infeksiyalarla biz hər il rastlaşacayıq. 21-ci əsr virus əsridir. Ola bilər ki, gələn il qripin hansısa forması ortaya çıxsın. Koronavirusun MERS versiyası da var. MERS hər il özünü büruzə verib və bu il də var. Sadəcə Kovid-19 o qədər panika yaradıb ki, o yaddan çıxıb. Burada bir problem var ki, virusun inkubasiya dövrü 4 həftəyə yaxındır.

- İnsanlar hansı reaksiyanı verməli və maarifləndirmə prosesi necə təşkil olunmalıdır?



- Ajiotaj hökm sürür. Bizdə daha çox "qeybət mədəniyyəti" ön plana keçib. Belə olmalı deyil. Fikir verirəm, hər kəs bu virusdan danışır - şou aparıcılardan tutmuş müğənnilərə qədər. Bu, yolverilməzdir. Anlayışı olan şəxslər danışmalı, maarifləndirməlidir. Burada əsas yük Operativ Qərargahın üzərinə düşür.

İnsanlar bu vəziyyətdə qətiyyən panikaya düşməməlidirlər. Belə situasiyalarda vətəndaşlar arasında sosiallıq, mərhəmət olmalıdır. Bir-birlərinə qarşı qayğıkeş olmalıdırlar. Çünki bu, bəşəri bir fəlakətdir. Panikaya düşmək yerinə gigiyena qaydalarına düzgün əməl etmək lazımdır. Bu, perioddur və daimi deyil. Biz bu prosesi aşmalıyıq. İnsanlarımız səbrli olmalı, karantin qaydalarını pozmamalı, şəxsi gigiyena qaydalarına diqqət etməli, xəstə şəxslərdən uzaq dayanmalı, mənasız yerə küçələrdə gəzməməlidirlər. Hesab edirəm ki, karantin tədbirlərinə düzgün əməl olunsa, infeksiya daha sürətli formada lokallaşa bilər. Nəzərə alsaq ki, artıq yay fəslinə doğru gedirik, prosesin də həlli ona bağlı olacaq.



Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/308261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR