Cümhuriyyətin yadigarı - AZƏRTAC-ın 100 yaşına

Cümhuriyyətin yadigarı - AZƏRTAC-ın 100 yaşına
12:42 20 Mart 2020
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il martın 1-də AZƏRTAC-ın (Azərbaycan Dövlət İnformasiya Agentliyi) 100 yaşı tamam oldu. Düz bir əsr əvvəl - 1920-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış quruma tarixçi-alim, Azərbaycanın mədəniyyət xadimi Qubad Qasımov (1921-1928), sonrakı illərdə Mixail Sinitsin (1928-1930), Vasili Xaldeyev (1937-1938), Yefim Qurviç (1942-1958 və 1962-1986), Xasay Vəzirov (1958-1962), Rafiq Zeynalov (1986-1988), Azad Şərifov (1988-1992), Fikrət Sadıqov (1992), Vaqif Rüstəmov (1992-1994), Şamil Şahməmmədov (1996-2002) kimi tanınmış ziyalılar, görkəmli elm və qələm adamları rəhbərlik etdilər. 2002-ci ildən AZƏRTAC-ın rəhbəri tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovdur.

İctimai-siyasi dəyişikliklər, taleyüklü tarixi hadisələr dolu 100 il ərzində neçə-neçə jurnalist nəsli yetişdirmiş AZƏRTAC Azərbaycanda səlis mətbuat dilinin, jurnalistika məktəbinin təməlini qoydu, son 18 ildə isə yüksək peşəkarlığa, operativliyə dayaqlanan məhsuldar fəaliyyəti ilə daha böyük və fərqli uğurlara imza atdı, müasir dövrün tələblərinə uyğun yenilənmək bacarığı ilə ölkə sərhədlərini aşaraq beynəlxalq informasiya məkanının aparıcı üzvünə, nüfuzlu xəbər agentliyinə çevrildi.

Yaşadığımız əsri çoxları "informasiya əsri" adlandırır. Həqiqətən də çağdaş dünya bu gün siyasi-ictimai, sosial-mədəni inkişafdan tutmuş ən xırda məişət problemlərinə qədər, sanki informasiya təzyiqi altında hərəkət etməyə məhkum olunub. Bu təzyiqin ictimai şüura təsirini şərtləndirən müsbət və mənfi tərəfləri var ki, bu da birbaşa informasiya məhsulunu istehsal edən xəbər agentliklərinin, teleradio şirkətlərinin, mətbuat orqanlarının peşəkarlığı, hadisələrə, məsələlərə yanaşma tərzi və təqdimat mədəniyyəti ilə bağlıdır. "İnformasiya müharibəsi" həddinə çatdırılmış bütün bu xəbər qarşıdurmasında doğrunu saxtadan seçib-ayırmaq, nəyin həqiqət, nəyin yalan, yaxud təhrif olduğunu müəyyən etmək müasir insan üçün müşkül məsələyə çevrilib. Yeganə çıxış yolu illərin axarıyla sınanmış etibarlı mənbələrə üz tutmaq, həqiqi olanı onlarda arayıb-axtarmaqdır. Dürüstlüyü və dəqiqliyi ilə tarixin sınaqlarından keçmiş AZƏRTAC sağlam mövqeyi, operativliyi və qərəzsizliyi ilə milyonların etimadını qazanmış həmin etibarlı mənbələrdən biri və ən sınanmışıdır.

AZƏRTAC-a olan bu inam sözsüz ki, onun yaradıcısı Azərbaycan Xalq Cümhuriyyətinə inamdan və etibardan qaynaqlanır. Bu etibarın digər səbəbi qurumun yarandığı gündən ənənələşmiş sağlam iş prinsipini, cəmiyyətin ayarlanması və saflaşdırılmasına yönələn müqəddəs amalını qoruyub saxlamasıdır.

AZƏRTAC ictimai-siyasi, tarixi hadisələr dolu bir əsrlik keşməkeşli yol keçib. Bu yolun çox ağır, mürəkkəb, ziddiyyətli dövrləri də olub, işıqlı dönəmləri də. Lakin bütün məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq, o, zamanın sınaqlarından şərəflə, üzüağ çıxıb, sovet ideologiyasının ən sərt təzyiqi altında da, müdhiş repressiya illərində də xalqına, Vətəninə bağlılığını, sevgisini itirməyib, milli mənəvi dəyərləri hər zaman ucada tutub və qorumağa çalışıb. Bu dönəmlərdə nələr olmayıb? Cümhuriyyətin qısa sürən hakimiyyətinin süqutu, sovet sosialist üsul-idarəsinin ideoloji basqıları, qadağalar, repressiyalar, Böyük Vətən müharibəsi, daha sonra iqtisadi inkişaf, milli mədəniyyətimizin intibahı... Bütün bu hadisələrin dolğun mənzərəsini tarixin yaddaşına köçürüb, gələcək nəsillərə ötürmək missiyası AZƏRTAC-ın üzərinə düşüb.

Bu gün isə AZƏRTAC-ı sürətli inkişaf yolu ilə irəliləyən və dünyanın ən qabaqcıl ölkələri sırasında layiqli yerini tutan müstəqil Azərbaycanımızın salnaməçisi adlandırmaq olar. Yüz əllidən çox informasiya agentliyi ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərən qurumu "Azərbaycandan dünyaya açılan körpü" də adlandıra bilərik.

AZƏRTAC-ın tərəf müqabilləri sırasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan), həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA kimi nüfuzlu xəbər agentliklərinin yer alması onun fəaliyyət dairəsinin miqyasından, informasiya dövriyyəsi arealının əhatəliliyindən xəbər verir. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Müstəqil Dövlətlər Birliyi Milli Xəbər Agentlikləri Rəhbərləri Şurası (İnformşura) kimi beynəlxalq informasiya təşkilatlarının üzvü, Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) və Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının həmtəsisçisi olması, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına rəhbərlik etməsi isə AZƏRTAC-ın beynəlxalq informasiya məkanında tutduğu mövqeyi və qazandığı nüfuzu sərgiləyir.

İlk baxışda quru rəqəmlərə və faktlara əsaslanan bu statistikanın arxasında hansı titanik əməyin, gərgin kollektiv fəaliyyətin dayandığı, 21 ölkədə fəaliyyət göstərən müxbir məntəqələrinin operativ xəbər ötürücülüyü mexanizmi barədə düşünəndə, söhbətin hansı miqyasdan getdiyini anlamış oluruq.

Bu gün əqidəsizliyi və yararsızlığı ilə həyatın dibinə sürüklənmiş antimilli qüvvələrin xarici mətbuata, sözün əsl mənasında, ixrac etdiyi nifrət dolu təhqir və yalanların AZƏRTAC-ın beynəlxalq internet məkanına yayımladığı real faktlar bolluğunda yoxa çıxarılmasını, gur Günəş işığında ovulub-tökülən çürüntütək əriyib itməsini də 100 yaşlı agentliyin dediyim həmin ayarlayıcı-saflaşdırıcı amalının bariz nəticəsi hesab etsək, düşünürəm yanılmarıq.

Mənim isə yazıçı olaraq bütün bu sadalananlar sırasında daha böyük önəm verdiyim - bu gün bir əsrlik yubiley tarixini yaşayan AZƏRTAC-ın Azərbaycan dilinə, ondan istifadə mədəniyyətinə, milli ədəbiyyatımızın, dil və tərcümə sahəsinin inkişafına ayırdığı diqqəti və qayğısı, dərin təəssübkeşliyidir ki, bu yerdə agentliyin rəhbəri, parlaq ziyalımız, əziz qardaşım Aslan Aslanovun rolunu və əməyini xüsusi qeyd etməyi özümə borc bilirəm.

Vətəninə, xalqına, dövlətçiliyə sonsuz sevgi və sədaqətlə ərsəyə gətirilən bütün bu uğurlar - hər biri ayrı-ayrılıqda fərqli intellekt və imza sahibi olan böyük kollektivin mütəşəkkil əməyinin nəticəsi olmaqla yanaşı, təbii ki, əməkdaşlarını yumruq kimi bir ovucda cəmləyən və belə bir səviyyəyə çatdıran məharətli rəhbərin parlaq təşkilatçılıq qabiliyyətinin bəhrəsidir. Bu gün gözlərimiz qarşısında yaşanan bəzi məmur özbaşınalıqlarının insanlığa yaraşmayan acı mənzərələrini müşahidə etdikcə, hər sahədə idarəçiliyin vicdan və vətəndaşlıq heysiyyətinə dayaqlanmasının başlıca amili, həyatımızı, milli varlığımızı, taleyimizi bu, yaxud digər mənada şərtləndirən dövləti və milli məsələ olduğunu anlayır, yaxşılarımızı qoruyub dəyərləndirməyə borclu olduğumuzu dərk edirik.

Seçdiyi peşəyə sevgi və fədakarlığı ilə milli jurnalistikamızın təməlini qoymuş böyük Həsən bəy Zərdabinin yolunu şərəflə davam etdirən Aslan Aslanovun, onun böyük, işıqlı kollektivinin öz fəaliyyəti ilə ölkəmiz və xalqımız üçün hansı üfüqlər açdığı bu gün tarixin yaddaşına həkk olunmaqdadır. Bizə isə bu bahar qoxulu bayram ərəfəsi öz ikinci baharına qədəm qoyan nurlu kollektivə öz təbriklərimizi çatdırmaq, arzularımızı yetirmək qalır.

Yolunuz niyyətiniz kimi işıqlı olsun! Doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi xəbərinin ilk müjdəçisi məhz AZƏRTAC olsun!

Xalq yazıçısı Afaq Məsud

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/835304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR