İbadi düstur: ən azı kiminlə danışdığımızın fərqində olaq

İbadi düstur: ən azı kiminlə danışdığımızın fərqində olaq
19:42 22 Mart 2020
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Rəcəb ayını yaşamaqdayıq. Artıq Rəcəb ayının yarısını geridə qoymuşuq. Bu isə o deməkdir ki, mübarək İlahi ziyafət ayına - Ramazan ayına çox az müddət qalıb.

Qeyd edək ki, Rəcəb ayında çoxlu fürsətlər var. Vücudi xilas üçün fürsətlər. İnsan olaraq öz missiyasını dərk edib, həyata keçirmək üçün fürsətlər. Həzrət Peyğəmbər (s) və Əhl-Beytinin (ə) bulağından bəhrələnənlər bu fürsəti görə bilir və ondan yararlana bilir.

Rəcəb ayında rəhmət qapıları açılır. Eyni əməl ki, başqa aylarda bir cür effekt verirdi, bu ayda qat-qat güclü təsir buraxır. Qat-qat üstün nəticələrə gətirib çıxarır. Bu həqiqətləri dildə və qəlbdə iqrar edənlərə aiddir bu nemətlərdən faydalanmaq imkanı. Elə də ola bilir ki, bu cür böyük nemətlər kiminsə yanından keçir, amma o, heç fərqinə belə varmır. Allah insanı belə durumdan saxlasın.

Allahdan istəyimiz budur ki, bizlərə Rəcəb ayından tövbəli halda, bağışlanmış halda çıxmağı, Şəban ayına daxil olmağı və bu halla İlahi ziyafətə qədəm qoymağı nəsib etsin!

Fürsət və planlaşdırma

Fürsət bəhsinə gəldikdə, bir məsələ də qeyd edilməlidir ki, insanın iradəsi fürsətlərin seçilməsində kifayət qədər məhdud rola malikdir. İnsan deyə bilər ki, "filan vaxtı filan şey baş verəcək və mən həmin vaxtda filan işi görəcəyəm". İnsan deyə bilər ki, "mən gələn Rəcəb ayı mütləq hidayət yoluna qədəm qoyacam", insan deyə bilər ki, "40 yaşım tamam olsun, bütün pis vərdişləri atacağam". İnsan deyə bilər ki, "2 aydan sonra özümə nəzər salacağam".

İnsan çox şeyi planlaşdıra bilər, deyə bilərAmma müvafiq şəraitlərin yaranması minlərlə amillərdən asılıdır və bu amillərin əksəriyyəti insanın iradəsinin fövqündədir.

Çox olub o kəslər ki, deyiblər hələ vaxt var, hələ tezdir, hələ Allah mənə çox fürsət verəcək. Amma bir an gəlib, qapı döyülüb və getmək vaxtı yetişib. Elə bir ünvana getmək vaxtı gəlib çatıb ki, oradan artıq dönüş yoxdur.

Odur ki, insan fürsətlərdən yararlanmalıdır. əlamətdar saatlardan, günlərdən, aylardan bəhrələnmək imkanını itirməməlidir.

Yaşadığımız Rəcəb ayı həmin bu fürsətləri təqdim etmək baxımından çox zəngindir. Bu aya aid o qədər söz söylənilib ki, onun hər saatını mənalı keçirmək zərurəti göz önündədir.

İnsanın islahının ən mühüm amili

İnsanın düzəlməsinin ən zəruri mövzularından biri - namazdır. Namazlarımızı qaydaya salmasaq, işimiz çox çətin olacaq. Namaz qaydaya düşəndə bir çox məsələlər öz-özünə qaydaya düşür. Günün nizam-intizamı, təharət, sosioloji və psixoloji baxımından bir çox mövzular həllini tapır.

Mövzunu təhlil edən kənar mütəxəssislər bildirirlər ki, müsəlmanların namazı öz-özlüyündə insanın bir çox məsələlərini həll edir. Namaz müsəlmanların gigiyenasını, təharətini, bəlli nizam-intizamını, gün ərzində planlaşmanı, zamanı düzgün dəyərləndirməni, toparlanmanı, diqqəti cəmləməni, və s. mövzuları özü ilə həll edir.

Bizim namazla bağlı diqqət edəcəyimiz iki çox mühüm mövzu var. Biri budur ki, namazlar ən yaxşı vaxtında - əvvəl vaxtda qılınsın. Kimlər ki, ümumiyyətlə namaz qılmır - gərək yubanmadan başlasınlar. Kimlər ki, namaz qılır, amma əvvəl vaxtda qılmır - gərək əvvəl zamanında namazlarını qılmağa cəhd etsin. Asan deyil, bəzən alınmır, həmişə nəzarətdə saxlamaq, nail olmaq olmur. Amma insan buna cəhd etməlidir. Bunun özü mübarək mövzudur ki, bizlər cəhd edək ki, öz ixtiyarımızda olanda, özümüzdən asılı olanda, planlaşmamız öz ixtiyarımızda qalanda - buna diqqət edək. Namaz əvvəl vaxtda qılınmalıdır. Fürsət, şərait, durum uyğun olmadıqda isə, ilk fürsət və imkanda qılınmalıdır. Bu, namazın birinci zəruri məsələsidir.

İkinci məsələ budur ki, namazı necə qılaq? Namaz qəlb hüzuru ilə qılınmalıdır. Qurani-Kərim bizlərə deyir ki, möminlər xilas oldular, fəlaha çatdılar. Daha sonra möminin mühüm keyfiyyətləri sadalanır. Qurani-Kərim bu xüsusiyyətlərdən birincisi kimi, namazı xuşu halında qılmağı göstərir.

Nə edək ki, bu hala malik olaq? Birincisi elə budur ki, bu mövzunu yada salaq. Bir-birimizin yadına salmaq işin yarısıdır. Bu mövzuları yada salmanın özü insanın halına təsir qoyur.

Namazda ən əsas element

Nəyə görə namazda qəlb hüzuru, qəlbin hazırlığı, harmoniyası bu qədər əhəmiyyətli, önəmlidir? Biz nə ediriksə, gərək bir neçə yöndən ona diqqət edək.

Hədəfimiz nədir?

Ümumiyyətlə, namaz qılmaqda hədəfimiz nədir?

Əsas mövzu budur. Cavabı çox aydın və birmənalıdır. Biz namaz qılırıq ki, Allaha yaxınlaşaq. Ümumiyyətlə, bir möminin həyati məqsədi - Allaha yaxınlaşmaqdır, Allahla rabitə əldə etməkdir.

Hər bir möminin həyatdakı əsas hədəfi, məqsədi - İlahi qürbü əldə etməkdir. Bu yolda ən təsirli məsələlərdən biri də namazdır. İndi biz bu ali vasitənin keyfiyyətini düzəldə bilsək, o zaman işlər çox irəli gedir.

Ruhu olmayan namazın səmərəsi də olmaz

Əxlaq ustadları buyurur ki, namazda qəlb hüzuru olmasa namaz həqiqi olmur, namazın ruhu olmur. Namazın ruhu olmazsa, bütün namazın verəcəyi faydalar, bütün imtiyazlar, səmərələr əldən verilir.

Hansı namaz səmərə, fayda, nəticə verir, bizim halımızı mütəali edir? O namaz ki, hüzuri- qəlblə qılınır. Əgər namaz o cür qılınmasa, namazın ruhu olmur və ruhu olmayan namazın, nəticə etibarilə, səmərə və faydası olmur.

Hətta əxlaq ustadları bildirirlər ki, belə namaz insanı tənəzzülə apara bilər. Namaz ki, qılınır insanı təkamülə aparsın - əgər hüzuri-qəlbsiz qılınsa, hətta insanı tənəzzülə apara bilir.

Namazın yalnız qəlb hüzuru ilə qılınan hissəsi qəbul olar

Həzrət İmam Sadiq (ə) buyurur: "Həqiqətən insanın namazından yarısı, üçdə biri, dörddə biri, ya beşdə biri yuxarı aparılır. Namazdan o miqdar ki, qəlb hüzuru ilə yerinə yetirilib - o miqdarı yuxarı aparılır".

Bəzən insanın namazının yarısı, bəzən üçdə biri, bəzən dörddə biri, bəzən isə çox az bir hissəsi yuxarı aparılır. İnsanın qıldığı namazına nə qədər diqqəti varsa, qəlb hüzuru vasa - o qədər hissəsi yuxarı gedir.

Namazda qəlb hüzurunun da mərhələləri mövcuddur. Birinci ən minimal mərhələ və hədd budur ki, insan bilsin ki, Allahla söhbət edir. Yəni, bir nəfər soruşsa ki, o, bu anda nə edir, deyər ki, Allahla danışır. Ola bilər ki, heç mənasına fikir vermir, namazının fəlsəfəsinin fərqində deyil, ola bilər səcdəyə, rükuya gedir, qunut tutur, amma nə etdiyinin fərqində deyil. Amma, bu insandan soruşsan ki, sən bu an nə edirdin, deyər namaz qılmaqla Allahla söhbət edirdim. Bu, ən minimal həddir. Bundan daha aşağısı yoxdur. Ən minimum budur ki, insan Allahla söhbət etdiyinin fərqində olsun, bilsin ki, kiminlə danışır.

Bundan daha yuxarı olan ikinci mərhələ budur ki, dili qəlbinə tabe olsun. O ki, namazda sözlər deyir, müraciət edir, dualar edir, zikrlər deyir, onun ardınca olsun. Misal üçün, salamlar verəndə, qəlbi də salam versin. Dediyi zikrləri, duaları, munacatları qəlbi ilə də yaşamış olsun. Bu, qəlb hüzurunun ikinci mərhələsidir.

Üçüncü mərhələ budur ki, namazın sirlərini və zikrlərinin fəlsəfisini, ana ruhunu duyaraq etsin. Yəni, həm bilir ki, Allahla söhbət edir, həm qəlbi dediyi sözlərinin ardıncadır, həm də namazda etdiyi hərəkətlər zamanı namazın sirlərini, zikrlərinin, əməllərinin fəlsəfəsini, hikmətini bilir və onların diqqəti ilə həyata keçirir. Bu, üçüncü mərhələdir.

Dördüncü mərhələ budur ki, namazda imanı diri olsun, yəqin halı ilə namazını qılsın. Bir halda olsun ki, artıq tam diri imanla namazını həyata keçirsin, bütün dediklərinə yəqin halında olsun.

Namazda ən ali mərhələ

Nəhayət, beşinci mərhələ budur ki, namaz qılarkən qəlbi namazda hazır deyil, qəlbi Allahın hüzurunda hazır vəziyyətdə olsun. Yəni, namaz qılarkən daha özünü görmür, öz qunutunu, səcdəsini, rükusunu, zikrlərini görmür, Allahı görür. Həmin kəs namazın hərəkətlərini edər, zikrlərini deyər, amma o qədər diqqəti Allaha ünvanlanar ki, artıq bütün varlığı, vücudu ilə Allah hüzurunda dayanmış olar. Bu, namazda qəlb hüzurunun ən ali dərəcəsidir.

Bu mərhələləri anlamaq üçün əxlaq ustadları bir misal çəkirlər. Misal üçün, bir uşaqdır, müəyyən bir şeiri öyrənir. Uşaqdır, hələ ki, şeirin mənasını dərk etmir. Uşağa öyrədirlər, gəlib o şeiri deyir. Bir var ki, elə-belə deyir, bir də var ki, ona izah edirlər ki, dediyi şeir filan şəxs haqqındadır. O, həmin şeiri deyir, mənasını başa düşməsə də, kimə xitab etdiyini, kimin haqqında dediyini anlayır. Bu, ən aşağı mərhələdir.

Bundan növbəti mərhələ budur ki, mənalarını da bilir, qəlbi də o dediklərini duyar.

Üçüncü budur ki, bütün misralarda yatan işarə və fəlsəfəni də dərk edər, onların da fərqinə vararaq deyər.

Dördüncü budur ki, dediyini, yəqin halında həmin şəxsə aid edərək, deyər.

Beşinci mərhələ isə budur ki, ümumən şeir dediyini unudar, sadəcə şeirdə xitab etdiyi kəsi vəsf etmiş olar, qarşısında o kəsi canlandırar.

Digər misal - insan ziyarətə gedir. Bilir ki, ziyarətdə hansı əməlləri edərlər - evdən çıxanda, hərəmə daxil olanda, zərihə yaxınlaşanda nə edərlər.

Bir var ki, insan bu əməllərin zahiri həddini həyata keçirmiş olar. Bəzən elə bunu etməyin özü böyük şeydir. Bu özü - qəlb hüzurunun ən minimal həddidir, insan bilir ki, hara gəlib, kimin hüzuruna təşrif gətirib.

Bir də var ki, bütün bunların fərqindədir, amma qəlbi o qədər ziyarət etdiyi kəsin yanındadır ki, həmin əməlləri yerinə yetirəndə fərqində deyil ki, nələr edir - bütün qəlbi, ruhu ziyarət etdiyi kəsə yönəlir.

Ən azı kiminlə danışdığımızın fərqinə varaq

Ən minimal hədd budur ki, insan Məsumun (ə) ziyarətində olarkən kimin ziyarətinə gəldiyinin fərqinə varsın. Namazda da gərək biz fərqində olaq ki, namazda Allahın hüzurundayıq, Allahla danışırıq.

Xüsusən indiki zamanda çox çətindir. Bir zamana daxil olmuşuq ki, texnolojilər bizim həyatımıza yetərincə daxil olub. Biz faktiki olaraq fərqinə varsaq, görəcəyik ki, bir neçə dəqiqə ki, namaza diqqət ayırırıq, həmin vaxtı da özümüzə məxsus olmağımız xeyli çətinləşib.

Anlaşılan budur ki, biz ki, Allaha bəndəlik üçün tofiqat istəyirik, məhz bu kimi məsələlər üçün istənilən inayətdir.

Qədimdə insanlar gün ərzində bir neçə namaz üçün camaat namazına toplaşardılar. Camaat namazına toplaşmaqla, dərhal namazı əvvəl vaxtda qılmaq məsələsi həll olurdu. Camaat namazının bərəkəti ilə bir ab-hava yaranır ki, insan qəlb hüzuruna yiyələnmiş olur.

Müasir dövrün ən böyük bəlalarından biri budur ki, insanların bəzən öz fərdi namazlarını belə qılmağa heyi olmur. Xüsusilə sübh namazı - insanın qəlbinin aram olduğu zamanda qılınan namazdır. Çalışmalıyıq ki, sübh namazlarımızı, diqqətimizi artıraraq əvvəl vaxtda və qəlb hüzuru ilə qılaq. Hər şey sübhdən başlayır. Əksər vaxtı insanın sübhü necə başlayırsa, günü də ona uyğun nizamlanmış olur.

Allahdan istəyimiz budur ki, bizlərə namazda qəlb hüzuruna yiyələnməni nəsib etsin!

Allahım, bizlərə hüzuri-qəlblə, xuzu və xuşu halında, əvvəl vaxtda namaz qılmaq səadətini nəsib et!

Allahım, qəlbimizi hər cür pisliklərdən, sıxıntılardan paklaşdır!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR