İnsanı ruhi yüksəlişə çatdıran resept

İnsanı ruhi yüksəlişə çatdıran resept
20:57 22 Mart 2020
141 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Yaşadığımız Rəcəb ayı həm mənəviyyat ayıdır, həm də içində olan bərəkətli günlər, əlamətdar tarixlər baxımından fövqəladə əhəmiyyəti olan bir aydır. Bu tarixlərin içində ən əlamətdarı - İmamlar Atası Həzrət Əlinin (ə) mövludu günüdür. Çünki, bu sadəcə hansısa böyük şəxsiyyətin dünyaya gəlişi günü deyildir. Bu mövlud - bəşəriyyətə nicat gətirən Elçinin (s) təqdim etdiyi İlahi təlimin kamillik şərti olan bir simanın mübarəkliyini özündə əks etdirən bir rəmzdir.

İmanın meyarı

Həzrət Əli (ə) besətdən 10 il öncə, rəcəb ayının 13-də, Kəbə Evində dünyaya gəlmişdir. Atası - Həzrət Əbu Talib, anası - xanım Fatimə binti Əsəddir. Həzrət Əli (ə) - Həzrət Peyğəmbərin (s) əmisi oğlu, kişilərdən ona iman gətirən ilk şəxs, Qurani-Kərimin katibi, Peyğəmbərimizin (s) vəsisi və canişinidir.

Həzrət Əli (ə) barədə danışmaqla qurtarmaz. Bircə onu demək kifayətdir ki, Peyğəmbərimizdən (s) sonra, İmam Əli (ə) Allah Təalanın ümmət üçün ilk hüccətidir, dəlilidir.

Yer üzü, bəşəriyyət heç zaman hüccətsiz olmayıbdır. Fərdlər, toplumlar İlahi hüccətlə bağlı imtahanı ya verə biliblər, ya bilməyiblər. Verə bilməyəndə, bu lütf alınıb onların əllərindən və onlar reqress duruma düşüblər.

İmam Əli (ə) - bir mübarək meyardır. Ona münasibət vasitəsilə İslamla dostluq-düşmənlik mövzusu həll edilir. Allahın Peyğəmbəri (s) Həzrət Əli (ə) ilə bağlı buyurub: "Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər".

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurub: "Atəş odunu yediyi kimi, Əlini sevmək də günahları yeyir".

Yenə də Rəsulullah (s) buyurub: "Möminin əməl dəftərinin başlıq və sərlövhəsi - Əli ibn Əbu Talibin məhəbbətidir".

İmam Əli (ə) bir kəsdir ki, İslamın yaşanması, ilkin addımlarının atılması onunla bağlı idi. Böyük ariflərdən biri onun barəsində buyurubdur ki, məntiq dili ilə desək, Həzrət Əli (ə) - İslam üçün sanki bir fəsldir. Fəsl nədir? Misal üçün üçbucağın fiqur olaraq əmələ gəlməsi üçün onun üç bucağının olması şərtdir. Məhz buna fəsl deyirlər. Üçbucaqlılıq olmasa, bu fiqur üçbucaq olmaq. Yaxud insana tərif vermək istəsək, onun natiqliyi, nitqə malik olması, eləcə də şüurlu varlıq olması ayrılmaz cəhətdir, fəsldir. İnsanın məntiqi terminlə cinsi - canlı varlıqdır, fəsli - şüurluluq, natiqlikdir. Birləşdirəndə, olur belə bir tərif: insan - şüurlu, nitqə malik bir canlı varıqdır.

Bunu İmam Əli (ə) misalına inikas etdikdə, böyük arif buyurur ki, İmam Əli (ə) - İslam üçün fəsldir. Peyğəmbərin (ə) İslamı, İmam Əlisiz həqiqi durumunda olmaz. Necə ki, canlı valıqdan insana keçmək üçün şüur, dərrakə, natiqlik lazımdır, mücərrəd təfəkkür lazımdır, eləcə də 23 illik Rəsulullah (s) besətinin sonrakı yaşamı İmam Əlinin (ə) əziz adı ilə bağlıdır.

Həyatının hər günü ibrət olan insan

Allah evində dünyaya gələn, Allah evində dünyadan gedəndir Əli (ə)... Dünya Allahın evindən başqa bir yer tapmadı Əlini (ə) qarşılamaq üçün. Dünya Əlini (ə) yola salmaq istəyəndə, Allah evindən başqa bir yer tapa bilmədi ki, daha layiq yola salsın.

63-illik bir misilsiz ömür yaşayan Həzrət Əli (ə), 33 ilini Rəsulallahın (s) qulluğundadır. Bu illərdə bəşərə şücaət, mərdanəlik, kişilik, fədakarlıq, sədaqət dərsini keçir. Qalan illərini bəşərə səbir dərsini keçir, amallara sadiqlik, İlahi vəzifəyə əməl etməkdə sabitqədəmlilik dərsini keçir. Bəşərə böyük hədəflərə görə, qabaqda duran böyük məqsədlərə görə qurban verməyi bacarmağı, hissləri cilovlamağı, İslamın əbədiyaşar dəyərlərinə görə səbir etməyi öyrədir.

İmam Əli (ə) İslamın nə olduğunu hamıdan yaxşı bilirdi; o, inancın cövhərini təşkil edirdi. İmam  Əli (ə) inancın yaşaması üçün hər nə lazımdırsa, edirdi. Şücaət lazım olanda Əli (ə) şücaət göstərirdi. Səbir meydanında Əliyə (ə) bənzəri yox idi. Onun haqqında Quranda 300 ayə gəlib. Həyatının hər günü ibrət olan bu insana aid İlahi Kitabda 300 ayə vardır...

Onun barəsində Peyğəmbərimiz (s) deyib: "Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır".

Başqa yerdə Allahın Peyğəmbəri (s) belə buyurub: "Əli - dinin sütunudur".

Həzrət Əlisiz (ə) İslam naqisdir. Bunu, Qədir-Xumda Rəsuli-Əkrəm (s) bəşəiyyətə çatdırır və ondan sonra biz görürük Quran məntiqi bunu izah edir. Həzrət Peyğəmbər (s) vida həcci zamanı 23 ililk risalət zəhmətinin tam kamil hala düşməsi üçün zəruri olam bir şərtə işarə edərək, üzünü tutur 120 000 müsəlmana və buyurur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".

Peyğəmbərimiz (s) Qədir-Xum çölündə Həzrət Əlini öz canişini və vəsisi elan edir. Bundan sonra "Maidə" surəsinin 3-cü ayəsi nazil olur. Hansında ki, Allah Təala buyurur: "... Bu gün dininizi sizin üçün kamil etdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı bəyəndim...".

Bəs bu necə oldu? Qədir-Xum adlı məkana çatdıqda, Peyğəmbərimizə (s) "Maidə" surəsinin 67-ci ayəsi nazil olmuşdu. Allah Təala Pyğəmbərimizə (s) buyururdu ki, "... Rəbbin tərəfindən sənə nazil olanı (insanlara) çatdır. Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını (risaləti) çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz".

Qeyd etdiyimiz kimi, bundan sonra Rəsuli-Əkrəm (s) Həzrət Əlini (ə) özündən sonra ümmətin rəhbəri kimi tanıtdırdı. Məhz bundan sonra İslamın kamil bir din olaraq Allah Təala tərəfindən bəyənilməsi barədə ayə nazil oldu.

Haqq onun ətrafında dövr edər

Bəli, Allah Təala Öz Rəsulu (s) vasitəsilə bəşəriyyətə çatdırıb ki, Peyğəmbərimizin (s) haqq işini Həzrət Əli (ə) davam etdirəcək. Rəsuli-Əkrəm (s) daima müsəlmanları İmam Əlinin (ə) mübarək şəxsiyyəti barədə agah edirdi. Məşhur hədisdə buyurulur: "Əli haqq ilədir və haqq Əli ilə. Və o, harada olsa, haqq onun ətrafına fırlanar".

Bir çox sənədli hədisdə Allahın Peyğəmbəri (s) buyurub: "Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır".

Başqa yerdə Peyğəmbəri-Əkrəm (s) buyurub: "Əli Quran ilə və Quran Əli ilədir. Və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar".

Tarix bünün göstəricisidir ki, o gün ki, müsəlmanlar bu tapşırıqdan, İlahi xəbərdarlıqdan ayrıldılar - yollarını itirdilər, zəiflədilər, zəlil duruma düşdülər. Əlinin (ə) haqqını tanımadılar, fitnə saldılar. Halbuki, Allahın Peyğəmbəri (s) buyurub: "Həqiqətən, Əlini incidən məni incidib".

Digər yerdə Rəsuli-Əkrəm (s) buyurub: "Əlinin bu ümmətin boynunda olan haqqı, atanın öz övladının boynunda olan haqqı kimidir".

O gün ki, müsəlmanlar bu həqiqətdən yapışa bildilər, onda hər şey öz yerinə gəlib düşmüşdür. Və o gün ki, bu həqiqəti unutdular, bundan ayrıldılar - bugünkü bu zəlil vəziyyətə gəlib düşdülər. Bugünkü pərakəndəlik, dağınıqlıq, geridəqalmışlığın kökünü məhz bu sapmada axtarmaq lazımdır.

Hər gün, hər saat İmam Əli (ə) bütün vücudu ilə İslamı müdafiə edirdi. İslamın elə bir məqamı yoxdur ki, onun mübarək ismi ilə bağlı olmasın.

İnsanı səadətə çatdırmaq hədəfi

Həzrət Əlinin yaşadığı əsas vəzifələri, əsas işəri bir sözlə ifadə etmək istəsək, deyə bilərik ki, onun ən böyük arzusu - insanları səadətə çatdırmaq idi. O, istəyirdi ki, insanlar təqvaın nə olduğunu bilərək, ən kamil surətdə inkişaf etsinlər və kamil səadətə yetişsinlər. Həzrət Əli (ə) bütün ömrünü bu amala həsr etdi. O, öz mənalı həyatının hər gününü insanlara kamil nümunə təqdim etməklə keçirtdi.

İmam Əlidən (ə) danışanda, o Həzrətin (ə) ardıcılı üçün ən mühüm olan keyfiyyətlərdən birinə nəzər salmalıyıq. Söhbət davamlı, səbatlı ruhi yüksəlişdən gedir. Nə edək ki, davamlı ruh yüksəkliyinə malik olaq?

İslami mətnlərdə təxminən 10-a qədər mövzu qeyd edilir ki, onlara diqqət etməklə qəlbin diriliyinə, davamlı ruh yüksəkliyinə nail olmaq mümkündür. Nəzərə alsaq ki, önəmli mənəvi dönəmi yaşamaqdayıq, bunların inkişaf etdirilməsi üçün çox gözəl fürsətlər var.

Davamlı moizə və İlahi Kitabla ünsiyyət

İnsanın qəlbinin dirilməsi üçün, mənəvi halının yaxşılaşması üçün mühüm tövsiyə olunan mövzulardan biri budur ki, insan davamlı olaraq moizə ilə təmasda olmalıdır. Həzrət Əli (ə) bu mövzuda tövsiyə edərkən buyurur: "Qəlbini moizə ilə dirilt".

Bizim gündəlik həyatda başımız müxtəlif mövzulara, məsələlər qarışır. Moizə bir mövzudur ki, biz qəflətdən ayılırıq, İlahi maariflə tanış oluruq, orada söylənilənləri öz həyatımızda tətbiq etməyə çalışırıq, eyiblərdən danışılanda özümüzdə onları axtarırıq və həll yollarını düşünürük, bizim üçün məchul olan bir çox məsələlər barədə cavablarımızı alırıq və s.

Çox önəmli tövsiyələrdən digər biri - Quranla ünsiyyətdir. Xüsusən insan ayələri qiraət edən zaman onların mənasına diqqət etməli, fikirləşməli və nəticələr çıxarmalıdır. Əhli-Beytdən (ə) buyuruşda gəlir: "Quran - Günəş kimidir. Hər gün çıxması var".

Necə ki, hər gün Günəş çıxır və hər Günəşin çıxması özü yenilikdir, təravətdir, bəhrələnmə fürsəti var - Qurani-Kərim də o cürdür. Yəni, insan hər gün Quranla ünsiyyət yaradanda, o hər növbəti gün əvvəlki gündən daha yeni formada bəhrə aparmış olur.

Həzrət Əli (ə) buyurur: "Quran - zahiri gözəl və batini dərin olandır".

Nəfsimizi mərhələli tərbiyələndirək

Üçüncü diqqət olunması çox tövsiyə olunan mövzu - nəfsimizlə, öz daxili halımızla yumşaq və mərhələli davranmaqdır. Bizim qəlbimiz, xüsusi hazırlığı olmayan mövzuları qəbul etməkdə böyük çətinliklər yaradır. İnancımız, əxlaq mütəxəssisləri bir işi görmək istəməyən və bəhanə axtaran bir uşaqla necə davranılırsa, nəfsimizlə də o cür davranmanı tövsiyə edir. Misal üçün, uşaq deyir ki, yemək istəmirəm. Biz desək ki, sən bir dolu qab yeməyi yeyəcəksən, o yemək istəməyəcək. Amma, azdan başlasaq, bunu yavaş-yavaş artırsaq, sonda görəcəyik ki, əvvəldə istədiyimizdən də bəlkə çox yeyib.

Biz mənəvi təkamül mövzularında diqqət etməliyik ki, addım-addım, mərhələ-mərhələ irəliləmiş olaq. Vərdişlərimiz, mələkələrimiz formalaşdıqca qalxan xətt üzrə özümüzlə məşğul olmalıyıq. Çox vaxt xəta buradan qaynaqlanır ki, insan birdən-birə hazırlığı olmayan, tutumu olmayan yüklərin altına daxil olur.

Necə dostlara malik olaq?

Dördüncü mühüm tövsiyə - yaxşı dostlara malik olmaqdır. Bir var ki, insan elə bir dostlara malikdir ki, onlar dünya qəflətinin, bataqlığının içərisindədirlər və onu da həmin bataqlıqda boğulmağa təhrik edirlər. Bir də var ki, insanın dostları ona Allahı xatırladır.

Həvarilər Həzrət İsadan (ə) soruşdular ki, kiminlə oturub-duraq? Həzrət İsa (ə) buyurdu: "O kəslə ki, onu görmək sənə Allahı xatırladır. O kəslə ki, onun nitq və məntiqi sənin əməllərinin artmasına səbəb olar. O kəslə ki, onun əməli sənin axirətə tərəf rəğbətini artırar".

Elə adamlar var ki, onları görəndə biz Allahı, Rəcəb ayını, Quranı, mənəviyyatı xatırlayırıq. Elə insanlar da var ki, onları görəndə insan hətta oruc olanda düşünür ki, kaş ki, bu gün oruc olmayaydım. Dostların təsiri - çox güclü amildir.

Beşinci mühüm təsiredici amil - olduğumuz fiziki və mənəvi mühitdir. İnsan eyni ibadəti bir məkanda və ya başqa məkanda edəndə fərqlənir. İstər fiziki, istərsə də mənəvi mühitin çox böyük təsiri var. İnsanın bir ibadi, Allah bəyənən mühitdə olması, sözsüz ki, qəlbinin diriliyinə, ruhiyyəsinin yüksək olmasına təsir göstərir.

Altıncı mühüm tövsiyə budur ki, insan çalışmalıdır ki, zahirdə qəlbi diri, pozitiv hala malik olsun. Zahirimiz bəzən daxilimizə təsir göstərir. İnancımızın məntiqinə görə, gərək zahirimizdə pozitiv halda, ruhiyyəli halda olaq. Onun özünün daxilimizdəki hala təsiri var.

Təfəkkür - ayıq qəlbin həyatıdır

Yeddinci ciddi amil - təfəkkürdür. İnsanın qəlbini dirildən önəmli mövzulardan biri - təfəkkürdür. Əhli-Beytdən (ə) buyuruşda gəlir: "Təfəkkür ediniz. Belə ki, o, ayıq qəlbin həyatıdır".

Rəcəb ayı - sözün həqiqi mənasında təfəkkür etmək ayıdır. İnsan təfəkkür etməlidir ki, Allah bu neməti ona nə üçün verib? Təfəkkür etsə, görər ki, bu nemət ona səbəbsiz verilməyib. Bizim imkanımız var təfəkkür edək ki, İlahi ziyafətə doğru hərəkətdəyik, buna hazırlaşmalıyıq. Düşünməliyik ki, bu Rəcəb ayında Allah hansı imkanları qoyub və bunların bizə hansı faydaları var.

İnsanın qəlbinin diriliyinə təsir qoyan digər bir amil - elm əhli ilə ünsiyyətdir. Hətta mütaliə üzərində bu ünsiyyət qurulsa, insanın halına ciddi təsir qoyar. Misal üçün insan dəyərli ariflərin, əxlaq ustadlarının, saleh insanların, övliyaların həyatını mütaliə etməklə də qəlbinin diriliyinə nail ola bilər.

İmkansız insanlarla ünsiyyət, oturub-durma da insanın mütəali ruhiyyəsinə təsir qoyaq ciddi amillərdəndir. İnsanın qəlbi adətən o zaman qəsavət basır ki, insan qəflətə düşür, ehtiyaclı olduğunu unudur. Fəqir və imkansız insanlarla ünsiyyət, insanların real həyatda yaşadıqları çətinlikləri hiss etmək - qəlbin qəsavətini aradan aparır və qəlbin dirilməsinə səbəb olur.

Tənbəllikdən uzaq olmaq

İnsanın qəlbinin diriliyini aradan aparan, qəsavətinə səbəb olan amillərdən biri - tənbəllik və iş-güclə məşğul olmamaqdır. Dinimiz buna çox pis baxır. İnsan qəlbini öldürən, ruhiyyədən salan ciddi mövzulardan biri - tənbəllik, gün ərzində işsiz-gücsüz olmasıdır. Dinimiz hətta yaşlı insanlara da bir məşğuliyyətinin olmasının lazımlığını bildirir. Çünki, insanın qəflətə düşməsinin, ruhiyyədən düşməsinin ciddi amillərdən biri - boş, səmərəsiz zaman keçirməsidir. Deməli, tənbəlliyi aradan aparmaq da insanın qəlbinin dirilməsinə səbəb olan amillərdəndir.

Allahdan istəyimiz budur ki, bizlərə Rəcəb ayında bu fürsətlərdən istifadəni nəsib etsin. Bu, bir aydır ki, Allah hər şeyi hazır edib ki, bizlər gəlib bəhrə aparaq. Bu ay istiğfar, özünəqayıdış, tövbə, təvəssül ayıdır. Allah Təala bu ayda hər bir imkan və fürsəti hazır edib.

Allahım, bizlərə qəlbimizin diriliyini, ruhiyyəmizin yüksəlişini nəsib et!

Allahım, bizləri qəflətdə olmağa qoyma!

Allahım, aqibətlərimizi xeyirli et!

Allahım, bizləri Əli (ə) mövludunu dərk edənlərdən və o Həzrətin (ə) həqiqi ardıcılı olanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR