İnsanın aqibətini xeyirli edən nədir?

İnsanın aqibətini xeyirli edən nədir?
22:52 22 Mart 2020
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

Quranın nəzərində imanı olmayan əməlin heç bir dəyəri yoxdur. Bu mövzunu bəzən dərk etmək bizim üçün çətin olur.

Ona görə də Quranda misallar çəkərək, Uca Allah belə mövzuları bizə başa salmağa çalışır. "Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!". ("İbrahim" 18).

Bu ayə buyurur ki, imanı olmayan insanların etdikləri yaxşı əməllər tufanlı bir gündə üzərindən külək əsən külə bənzəyir.

Yəni, bu əməl hər nə qədər xeyir olsa da, iman olmadığı üçün dəyəri olmaz, bir kül kimi hər tərəfə yayılar və yoxa çıxar. Qalıcı olmaz. Onu qalıcı edən şey - imandır.

Başqa yerdə buyurulur: "Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir.

Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir). Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır". ("Nur" 40).

Bu insanların məsəli isə dənizdə qərq olan insanların məsəli kimidir. Elə bir dəniz ki, tufanlıdır və bir dalğanın üzərinə başqa dalğa gələr. Artıq həmin insan dənizin dibində nur görməz və zülmətə bürünər. Hər kimin Allaha imanı olmaz, əməli də zülmətli olar - nur görməz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bizə bu məsəlləri çəkir ki, imansız əməlin nə qədər dəyərsiz olduğunu dərk edək. Bizə ancaq o əməl səadət gətirə bilər ki, Allahla bağlı olsun, Allah üçün olsun. Nə özünü göstərmək üçün, nə başqalarının yanında lovğalanmaq üçün...

Quranda Allah Təala buyurur: "Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbir etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik". ("Nəhl" 96).

Allah bizim kiçik əməllərimizin müqabilində on dəfə daha çox mükafat verər. (Beytutə)

"Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır). Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir". ("Bəqərə" 261).

Beləliklə deyə bilərik ki, imanla görülən əməl əbədi və qalıcıdır. Hər kim aqibətinin xeyirli olmasını istəyirsə, gərək imanla əməl etsin, Allah üçün əməl etsin. Ancaq bu zaman həqiqi mükafata çatar.

Belə isə çalışaq, səy edək işlərimizi Allah üçün edək, Allaha xatir edək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR