Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar karantinə alındı: Əraziyə hərbi bölmələr yerləşdirildi -

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir. Baş nazir qeyd edib ki, sözügedən rayonlarda yalnız kritik infrastruktur obyektlərinin fəaliyyətinə icazə veriləcək. Məhdudiyyətin rayonların daxili nəqliyyatına və insanların sərbəst hərəkətinə də tətbiq ediləcəyi, yalnız qida və tibbi vasitələr əldə etmək üçün hərəkətə icazə veriləcəyi bildirilib. Bundan başqa həkimlərin protokoluna əsasən rayon sakinlərinə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa davam etmələri üçün imkan yaradılacağı qeyd olunub.

Baş nazir bildirib ki, Marneulidə yoluxma təsdiqlənmiş qadının virusa hansı mənbədən yoluxması müəyyən edilməyib, bu isə artıq ölkədə daxili yoluxmaların baş verməsini göstərir.

“Epidemoloqlara görə, yoluxma onlarla insanın iştirak etdiyi ritual zamanı baş verib. Biz artıq onunla təmasda olan 90 nəfəri müəyyən etmişik, ancaq bu heç bir məna ifadə etmir, vəziyyət çətindir. Bu, artıq daxili yoluxmaların qeydə alınmasıdır. Hər zaman bu mərhələyə hazır olmağa çalışırdıq. Bununla belə, bütün hazırlıqlara baxmayaraq vəziyyət çox çətindir”, - deyə G. Qaxaria bildirib.

Həmin rayonlarda sərt karantin vəziyyətinin idarə edilməsi isə Baş nazirin müşaviri Sozar Subariyə tapşırılıb.

Hökümətin qərarından sonra karantin elan olunan rayonlarda hərbi texnikalar, habelə çadır və xüsusi texnika yüklənmiş onlarla nəqliyyat vasitəsi yerləşdirilib.

Ölkənin Müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, Qurumlararası Kordinasiya Şurasının qərarına əsasən Müdafiə Nazirliyi sərt karantin rejimində koronavirusun yayılma riskinin azaldılması məqsədi ilə Marneuli və Bolnisidə profilaktik tədbirlərin görülməsi prosesində iştirak edəcək. Bundan başqa hərbi bölmələr Bolnisi və Marneulidə xüsusi buraxılış məntəqələrinin mühafizəsini təşkil edəcək.

Qeyd edək ki, ötən gün Marneuli rayonunda 54 yaşlı azərbaycanlı qadında koronavirusa yoluxma təsdiqlənib. Həmin qadının virusa hansı şəraitdə və kimdən yoluxmasını müəyyən etmək mümkün olmayıb. (apa.az)




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR