Məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:23 17 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Bakının Nizami rayonundakı 328 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə məktəbin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Məktəbdə ilk dərslərdə 20 Yanvar hadisələri barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Qanlı hadisələrin ertəsi günü ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Sonra məktəblilər faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Məktəbdə silsilə tədbirlər çərçivəsində Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunan xüsusi guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgi açılıb. Həmçinin vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilib, inşa yazı, rəsm müsabiqələri və idman tədbirləri təşkil olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR