Koronavirusun Azərbaycana təsirləri niyə azdır? – TƏHLİL

Koronavirusun Azərbaycana təsirləri niyə azdır? – TƏHLİL
17:03 25 Mart 2020
178 Digər
Ölkə mətbuatı
A- A+

Bütün dünyada koronavirusa yoluxanların sayı 425 min 959, ölənlərin sayı 18 min 957, sağalanların sayı isə 109 min 241 nəfərdir. Virus dünya ölkələrini çətin vəziyyətə salıb: iqtisadi inkişaf uçuruma yuvarlanır, birjalar çökür, hər şey alt-üst olub.

Avropanın inkişaf etmiş ölkələri ağır vəziyyətdədir: İtaliya qara rəngə bürünüb, Almaniya, Fransa, ABŞ kimi böyük dövlətlər virusun yayılmasının qarşısını ala bilmir. Böyük dövlətlərin pandemiyaya qarşı mübarizənin mənfi nümunəsi fonunda Azərbaycanın atdığı adımlar qırmızı xətlə seçilir.

Dünyada koronavirusun yayılması və qurbanların sayı kədərli mənzərə yaradıb:

ABŞ – 55 min 222 yoluxma, 797 ölüm;
Fransa – 22 min 304 yoluxma, 100 ölüm (Fransa Xəstəxanalar Federasiyasının rəhbəri Fredrik Valletoux ölüm sayının rəsmi rəqəmlərdən daha çox olduğunu deyir);
Almaniya – 31 min 554 yoluxma, 149 ölüm;
İtaliya – 69 min yoluxma, 6 min ölüm;
İran – 27 min 17 yoluxma, 2 min 77 ölüm;


Böyük ölkələrdəki acınacaqlı statistika fonunda Azərbaycandakı vəziyyət stabildir: 76 yoluxma, 1 ölüm.

Əhali və coğrafi ərazi baxımında Azərbaycanın kiçik olduğunu, virusun da məhz miqyasa görə təsir etdiyini düşünə bilərik, hərçənd, qonşu ölkələrdəki vəziyyət, eləcə də əhali və ərazi baxımından kiçik olan digər ölkələrdəki mənzərə koronavirusun Azərbaycana daha az təsir etməsinin başqa səbəblərinin olduğunu deməyə əsas verir. Misal üçün, güclü tibbinin olduğu hesab olunan İsraildə 2030 yoluxma, 5 ölüm faktı qeydə alınıb. Yaxud ərazi və əhali baxımından daha kiçik olan Ermənistanda virusa yoluxanların sayı 265 nəfərdir. Gürcüstanda isə fövqəladə vəziyyətin elan edilməsi ciddi risklərin olduğunu deməyə əsas verir.

Bir fakta diqqət edək: Ermənistanın baş naziri Nikol Paşinyan virusun yayılmağa başladığı ilk günlərdə bildirdi ki, onlar böyük səhv ediblər: “Nəticəyə gəldik ki, virusun potensial daşıyıcıları İtaliyanın qonşu ölkələrindən – Fransa, Avstriya və Avropa İttifaqının digər ölkələrindən Ermənistana gələ bilərlər. Bu məntiqə görə biz həmin ölkələrlə uçuşları dayandırdıq. İndi isə aviaşirkətlərin özləri İtaliya ilə uçuşları dayandırıb”.

Hökumətlərin virus qarşısında yanlış adımları və seçimləri haqda kifayət qədər nümunə var. Məhz bu kontekstdə virusun Azərbaycana daha az təsir etməsinin gerçək səbəbi aydın olur: vaxtında atılan düzgün addımlar.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bildirdiyi kimi, “Azərbaycan digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı”.

Digər ölkələrdəki acınacaqlı mənzərə və Azərbaycanın atdığı addımlar hökumətinin böhranı düzgün qiymətləndirdiyini və yaxşı idarə etdiyini göstərir:

- Virus Çində meydana gələndə bu ölkə ilə təmas minimallaşdırıldı, gediş-gəliş məhdudlaşdırıldı, malların idxalı dayandırıldı;
- Yayılma arealı genişlənəndə, xüsusilə qonşu İranda yoluxma halı artanda hökumət sərhədləri bağlandı və 1 nömrəli hazırlıq vəziyyətinə keçildi;
- Aviareyslər ləğv edildi, sərhədlər bağlandı, elektron vizaların verilməsi dayandırıldı, xəstəliyin geniş yayıldığı ölkələrdən insanların Azərbaycana gəlməsi qadağan edildi;
- Prezidentin tapşırığı ilə bir gündə ölkəyə əlavə 200 süni tənəffüs aparatı gətirildi;
- Koronavirusla mübarizəyə 10 milyon vəsait ayrıldı;
- Martın 19-da Prezidentin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, əlavə 20 milyon vəsait ayrıldı. Hazırda fonda dövlətlə yanaşı, şirkətlər və vətəndaşların da yardımı davam edir. Son məlumata görə, 70 milyon manata yaxın pul toplanıb. Fondun rəsmi saytında ayrılan ianələrin məbləği dəqiq siyahıda göstərilib;


Bu fondun yaradılması özündə iki mühüm amili birləşdirir:

Birincisi, koronavirusla mübarizədə dövlət büdcəsinə dəstəyin verilməsidir. Hər kəs imkanı çatan qədər bu mübarizəyə dəstək verir və toplanan vəsait virusun yayılmasının qarşısını almağa və yoluxanların sağalmasına xərclənir;

İkincisi, cəmiyyətin ümumi bəla qarşısında həmrəy olmasıdır. Əsas məqam məhz budur. Azərbaycan dövlətinin virusla mübarizə üçün kifayət qədər resursu var, lakin dövlət başçısı belə bir addım atmaqla cəmiyyətin həmrəyliyinin təmin edilməsini həyata keçirdi. Tarixi təcrübə və mövcud vəziyyət ümumi bəlaya qarşı ən effektli mübarizənin məhz həmrəylik olduğunu göstərir.

Həmrəylik vətəndaşla hökumət arasında birlikdir. Prezident İlham Əliyev də müsahibəsində bəyan etdi ki, “... Əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq”.

Çindən sonra virusun ilk kütləvi yayıldığı İran bunun acı nəticəsini yaşadı. Vətəndaşlar hökumətin çağırışlarının hansısa siyasi məqsədə hesablandığını hesab edərək, inanmadılar. Həmrəyliyin olmaması İtaliyanı da eyni taleyi yaşamasına səbəb oldu. Avropa ölkələrindəki kədərli mənzərənin başlıca səbəbi məhz cəmiyyətin həmrəy olmaması, hökumətlə birgə hərəkət etməməsidir.

Azərbaycandakı virusla bağlı daha stabil vəziyyətin olması indiyə qədər əldə edilmiş inkişafın əsas təməli olan xalq-iqtidar birliyindən qaynaqlanır. Bu birlik sona qədər, virusun tam sıradan çıxarılmasına qədər davam etməlidir. Çünki Prezidentin bildirdiyi kimi, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür: bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxmaq.

Azərbaycanda həyata keçirilən siyasət xalq tərəfindən həmişə dəstəklənib. Biz birlikdə güclüyük”, - Prezident İlham Əliyev bildirir.

Bu birliyin davam etməsi və virusa qalib gəlməyimiz üçün vətəndaşlar məsuliyyətli olması, xüsusi karantin qaydalarına riayət etməlidir. Hər kəs yaxınlarını, yaşlı qohumlarını və övladlarını qorumalıdır.

Koronavirusla mübarizədə Azərbaycan nümunəsinin, xüsusilə virusla mübarizə üçün fondların yaradılmasının artıq digər ölkələr tərəfindən də tətbiq edilməsi müşahidə olunur. Bu, hökumətin doğru yolda olduğu deməkdir.

Prezident bəyan edib ki, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondununun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir.

Yəni məsələ ianələrin toplanması yox, məhz həmrəyliyin yaradılmasıdır ki, digər ölkələr bunun acı nəticəsini yaşadılar və buna görə də Azərbaycan nümunəsinin tətbiqi genişləndi.

Lakin Azərbaycan nümunəsi bununla yekunlaşmır. Koronavirus dünya iqtisadiyyatına ciddi zərər vurdu, xüsusilə karantin rejiminin tətbiqi bütün ölkələrdə sahibkarların fəaliyyətini məhdudlaşdırdı, nəticədə iqtisadiyyat gerilədi. Dünya ölkələri sahibkarları vəziyyətlə barışmağa çağırır, Azərbaycan isə fərqli yol tutdu.

Prezidentin sərəncamı ilə sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat ayrıldı. Dövlət başçısının müsahibəsində bununla bağlı istiqamətlər aydın əks olunub: “Koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr pozulur. İqtisadi fəallığın zəifləməsi məşğulluğa mənfi təsir göstərə bilər. Bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin. Sahibkarlar işçiləri ixtisar etməməlidirlər. İndiki şəraitdə ixtisar həmrəylik təşəbbüsünə zidd ola bilər. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir. Bütün sosial öhdəliklər yerinə yetiriləcək”.

Bu, koronavirusun fəsadlarına qarşı Azərbaycanın tətbiq etdiyi daha bir nümunədir.

Azərbaycanda hökumət digər ölkələrin etmədiyini, edə bilmədiyini edir, xalq da bu mübarizədə dövlətin yanında olmalıdır. Biz birlikdə qalib gələcəyik!

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/308741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR