Azərbaycan vətəndaşının Gürcüstandakı bacısını koronavirusa yoluxdurması iddiaları inkar olunub

Azərbaycan vətəndaşının Gürcüstandakı bacısını koronavirusa yoluxdurması iddiaları inkar olunub
16:37 26 Mart 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda koronavirus diaqnozu qoyulan Marneuli sakini olan 62 yaşlı azərbaycanlı qadının bu infeksiyaya Azərbaycan vətəndaşı olan bacısından yoluxması ilə bağlı iddialar təsdiqini tapmayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanda yerli mətbuat və sosial mediada həmin qadının yoluxması heç bir sübut və əsas olmadan Azərbaycanla əlaqələndirilib.
Yayılan məlumatlarda iddia olunur ki, qadın bacısı ilə birgə Bolnisidə yas mərasimində iştirak edib və iki minə yaxın şəxsi koronavirusa yoluxmaq təhlükəsi ilə üzləşdirib. KİV-in mülahizələrinə əsasən, məhz bundan sonra Marneuli və Bolnisidə martın 23-dən etibarən ciddi karantin rejiminin tətbiqinə başlanılıb.
Araşdırmalar zamanı məlum olur ki, Marneuli sakininin bacısı martın ilk günlərində yas mərasimində iştirak etmək üçün Gürcüstana gedib. O, Azərbaycana qayıdandan sonra koronavirusla bağlı iki dəfə testdən keçirilib və nəticələr mənfi olub.
Bu səbəbdən Gürcüstan vətəndaşı olan qadının iddia olunduğu kimi Azərbaycandan idxal olunan koronavirusa yoluxması ehtimallarının yanlış olduğu məlum olur. Onun bu infeksiyaya Gürcüstan daxilində yoluxması ehtimalı isə daha da güclənir.
Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari də yerli mətbuatı bu məsələ ətrafında ajiotaj yaratmaqda ittiham edib. Onun sözlərinə görə, ciddi karantin tədbirləri məcburiyyətdən irəli gəlib: “Marneulidə koronavirusa yoluxma halı təsdiqləndi və ilk dəfə oldu ki, yoluxma mənbəyi və virusun yayılma arealını müəyyən etmək mümkün olmadı. Bu günə qədər ilkin yoluxma mənbəyi aşkarlanmayıb”.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən də qadının virusa yoluxduğu ilkin mənbənin bu vaxta qədər müəyyən olunmadığını bildiriblər.
Məsələyə münasibət bildirən Azərbaycanın Gürcüstandakı səfirliyindən də qeyd olunub ki, Marneuli sakininə koronavirusun Azərbaycandan gələn bacısından keçməsi ehtimalları təsdiqlənməyib.
Marneuli sakini hazırda Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur. Hazırkı sağlamlıq durumu qənaətbəxş qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycan-vetendasinin-gurcustandaki-bacisini-koronavirusa-yoluxdurm

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR