Tövbə üçün hansı yaş daha təsirlidir?

Tövbə üçün hansı yaş daha təsirlidir?
19:52 26 Mart 2020
Ölkə mətbuatı
A- A+

Hədislərimizin buyurduğuna görə, həqiqi tövbəkar o kəsdir ki, öz pis dostlarını dəyişdirər və onu Allah yoluna dəvət edənlər ilə dost olar. Getdiyi məclisləri dəyişdirər. Günah məclislərindən uzaq olar. Əgər belə məclisdə iştirak etsə, yenə günah etməz.

Bəs tövbə üçün hansı yaş daha təsirlidir?

Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında heç bir şey tövbə edən cavandan daha məhbub deyildir".

Deməli, cavanın etdiyi tövbənin təsiri daha çoxdur. Əlbəttə, insan hər yaşda tövbə edə bilər. Tövbəsini gərək heç bir zaman təxirə salmasın.

Gözləyib cümə gecələrinin, Qədr gecələrinin intizarında olmasın. Fürsət tapan kimi tövbə etsin.

"Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir". ("Bəqərə" 222).

Tövbə elə ruhi haldır ki, bir neçə söz ilə həqiqi mənasına qovuşmaz, bunun üçün daxili inqilabın baş verməsi lazımdır. İnsan şeytani hisslərindən təmizlənib, Allaha üz tutmalı və peşman halda yalvarmalıdır.

Tövbə - bəndənin İlahi qürb məqamına çatmasının birinci addımıdır. O zamana qədər ki, insan yaşayır, Allah bəndəsinə tövbə qapısını açıq qoyur. İnsan ölən zaman artıq tövbənin heç bir faydası olmur. Necə ki, Firon suya düşür və ölümü gözləri ilə görür, tövbə edir. Ancaq belə tövbə həqiqi tövbə olmadığı üçün, Allah onu qəbul etmir.

"Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: "İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam".

(Ona deyildi): "İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin".

Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb, dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər". ("Yunus" 90-92).

Belə bir tövbənin faydası olmaz. Tövbə o zaman qəbul olar ki, insan həyatdadır və öz səhvini başa düşübdür. Peşman olub və üzünü Allaha tərəf çeviribdir ki, Allah onu bağışlasın. Ona yalvarıb göz yaşı tökər və Allah da onun bu səmimiyyətini görən zaman tövbəsini qəbul edər.

Beləliklə deyə bilərik ki, tövbə üçün ən yaxşı zaman - cavan yaşlarıdır. Baxmayaraq ki, Allah hər yaşda olan insanın tövbəsini qəbul edər.

Hələ ki, tövbə qapısı üzümüzə açıqdır, onun qədrini bilək və bu mübarək ayları fürsət bilib, tövbə edək. Allah Təala bu aylarda tövbələrimizi qəbul edəcəyini vəd etmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR