.

ATƏT təmsilçisinin anlaşılmaz mövqeyi: Harlem Desir "yalan xəbər"i nə üçün müdafiə edir?

ATƏT təmsilçisinin anlaşılmaz mövqeyi: Harlem Desir "yalan xəbər"i nə üçün müdafiə edir?
11:52 27 Mart 2020
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus birbaşa və dolayı təsirlərlə dünyanı çaşqın, Avropanı isə iflic duruma salıb. Birbaşa təsir odur ki, yüz minlərlə insan bu virusa yoluxub, on minlərlə insan həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 26 mart tarixli son məlumatına əsasən, hazırda dünyada 536 min 454 nəfər COVID-19 -a yoluxub, 24 min  112 nəfər isə həyatını itirib. Dünyanın ən inkişaf etmiş ölkələri də pandemiyadan yan keçə bilməyiblər. Əksinə, hazırda ən ciddi problem məhz inkişaf etmiş ölkələrdə qeydə alınır, Avropa regionu isə mərkəzdə dayanır. ÜST-ün məlumatına görə, dünyada virusa yoluxan 536 min 454 nəfərin yarıdan çoxu - Avropanın payına düşür. Ölüm sayı da bənzərdir. Həyatını itirmiş 24 min 112 nəfərdən əksəri bu regiondandır.

İnkişaf baxımından dünyanın ən üstün regionu sayılan Avropanın bir virus həmləsi ilə iflic duruma düşməsi, təkcə səhiyyə sahəsində deyil, iqtisadi, sosial, mədəni, siyasi baxımdan böhrana girməsi maraq doğurur, səbəblər araşdırılır. Versiyalar müxtəlif, fikirlər qarışıqdır. Aralarından subyektiv, qərəzli olanları da var.  Sıradan obyektiv, qərəzsiz olanları seçmək üçün Avropa təmsilçilərinin özlərinin açıqlamalarına diqqət yetirmək lazım gəlir. Bu baxımdan ən dolğun açıqlama Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen-dən gəlib. Xanım Leyen Avropa Parlamentinin 26 mart tarixində keçirilən xüsusi plenar iclasındakı çıxışında COVİD-19-un Avropa məkanında geniş yayılmasının səbəblərinə toxunub, ciddi mesajlar verib. Açıqlamanın təhlili göstərir ki, o, izahedici olmaqla yanaşı, həm də ittiham xarakterlidir, Avropa dövlətlərinin,  Avropa strukturlarının və dövlətlərarası təşkilatların məsuliyyətsiz davranışlarını qınayır.

Von der Leyen virus böhranının geniş yayılmasının səbəblərindən biri kimi Avropa dövlətlərinin "eqoistliyini" önə çəkir: "Avropa İttifaqı ölkələrinin sərhədsiz bir böhrana qarşı cavab tədbirləri bu oldu ki, sərhədləri bağlamaq kimi mənasız addımlar atdılar, hamını deyil, yalnız özlərini düşündülər. Hansı ki, heç bir üzv dövlət bu işi təkbaşına həll edə bilməz, yalnız bir-birimizə kömək etməklə özümüzə kömək edə bilərik".

Xanım Leyen sərhədlərin bağlanması barədə danışanda zəruri izolyasiya tədbirlərini nəzərdə tutmur, onlara toxunmur. Komissar məhz eqoistlikdən, düşüncəsizlikdən, yanlışlıqlardan irəli gələn addımları qabardır,  tənqid hədəfi seçir: "Böhranın ilk günlərində, İtaliya dağıdıcı sarsıntılara məruz qalanda, çatışmazlıqlarla  üzləşəndə, digər Aİ ölkələrinin tibbi qurğuların ixracına qadağa qoymaları, bununla da İtaliyanı köməksiz buraxmaları yersiz hərəkət idi. Həyati əhəmiyyətli tibbi ləvazimatlar və avadanlıqlar ona ehtiyac duyan ölkələrə, həmçinin İtaliyaya verilməli idi. Bunun əvəzində ixraca qadağa qoyulması, sərhədlərin bağlanması anlaşılmaz idi".

Avropa Parlamentinin xüsusi plenar iclasındakı çıxışlar uzundur, çoxşaxəlidir. Amma bütün çıxışların ruhunda bir mesaj dayanır ki, Avropa strukturlarının, Avropanın dövlətlərarası təşkilatların baş verən hadisələrə qarşı reaksiyaları adekvat olmadı, operativ olmadı, ədalətli olmadı. Məhz belə yanaşmanın nəticəsidir ki, bu gün İtaliya ictimai rəyində Avrapa İttifaqına qarşı nifrət görünür. Onlar ən böhranlı günlərdə Aİ ölkələrindən zəruri  reaksiya görməyəndə, kömək üçün Çinə, Rusiyaya  müraciət etdilər. Yalnız bu anda, yəni Çinin və Rusiyanın İtaliya ilə rabitəsinin intensivləşməsini görəndə, bundan qısqanclıq, narahatlıq keçirəndə  Avropa strukturları və dövlətləri İtaliyaya yardım əllərini uzatdılar, öz xəstəxanalarını italyan xəstələrin üzünə açdılar. Amma gecdir, artıq İtaliyada 74 min 386 nəfər virusa yoluxub, 7 min 505 nəfər isə həyatını itirib. Monitorinq təşkilatları iddia edirlər ki, italiyanların 88 faizi Aİ-yə  inanmırlar, Aİ ölkələrinin kömək üçün kifayət qədər iş görmədiklərini düşünürlər. "Reuters" agentliyinin məlumatına görə, Aİ üzvlüyünün İtaliya üçün əlverişsiz olduğuna düşünən italyanların sayı 67 faizə qədər yüksəlib.

Böhranlı dövrdə missiyasını layiqincə ifadə etməyən təşkilat təkcə Avropa İttifaqı deyil. Çaşqınlıq dövründə  üzv dövlətləri yardımsız, insanları köməksiz buraxan, öz qınına çəkilib başını qoruyan təşkilatlar çoxdur. Yavaş-yavaş ayılır, gündəmə qayıdırlar. Problem təkcə o deyil ki, lazımi məqamda gözdən itib tapılmadıqları üçün bu təşkilatlar söz demək baxımından mənəvi haqqlarını itiriblər. Dönüşləri də problemlidir. Durumu dəyərləndirmək, səhvlərini təhlil etmək, üzrxahlıq göndərmək, yeni dövrün tələblərinə uyğun istiqamətverici proqramlar hazırlamaq əvəzinə, donduqları nöqtəyə qayıdır, heç bir şey baş verməmiş kimi davranırlar.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir martın 25-də açıqlama yayaraq, Azərbaycan Milli Məclisi tərəfindən 17 mart tarixində qəbul edilən qərarlardan, dezinformasiya ilə mübarizə kontekstində dəyişikliklədən narahatlığını ifadə edib. Dəyişikliklərə əsasən, istənilən internet informasiya mənbəyinin sahibi yalan məlumatların internetdə yayımlanmasının qarşısını almaq öhdəliyini daşıyır. Qanun layihəsinə görə, bu dəyişikliklər, əhalinin həyatını, sağlamlığını, əmlakını, ictimai təhlükəsizliyi təhdid edən, maliyyə, nəqliyyat, rabitə, sənaye, enerji və sosial infrastrukturların işinə təhlükə yaradan məlumatları əhatə edir.

Burada narahatlıq doğuran, Harlem Desiri qıcıqlandıran nə var ki? Zatən bunlar kütləvi informasiya vasitələri üçün təsbit olunmuş prinsiplərdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu madəsində də əks olunub. AİHK-in fikri ifadə etmək azadlığı haqqında maddəsinin 2-ci bəndində göstərilir ki, "Fikri ifadə etmək azadlığı  milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün..... sanksiyalara məruz  qala bilər".  Hətta 17 mart dəyişiklikləri o qədər yumşaqdır ki, burada  sanksiyadan deyil, məsuliyyətli, doğru xəbər yaymaqdan söhbət gedir. Yəni ənənəvi KİV-lər üçün nəzərdə tutulan məsuliyyət yükünün bir qismi həm də sosial şəbəkələr müstəvisinə şamil edilir ki, burada da qınanılası yox, alqışlanası məqamlar var. Çünki sosial şəbəkələri başına götürmüş "yalan xəbər" (fake news) cəmiyyətlər üçün ciddi bəlaya çevrilib. Pandemiya dövründə isə "fake news"lar daha təhlükəlidirlər; cəmiyyətdə panika, xaos yaradırlar, ciddi fəsadlara yol açırlar; tənzimlənmələri lazımdır. Cəmiyyətlər  tənzimləmə düsturlarını beynəlxalq təşkilatlardan, BMT-dən, ATƏT-dən, AŞ-dən gözləyirlər. Onlar isə susublar. 10 illər boyunca müzakirələr aparsalar da, "fake news"la mübarizədə effektiv bir model təqdim etməyiblər. 2019-cu ilin yanvar ayında isə Harlem Desirin təmsil etdiyi təşkilat dövlətlərə müraciət edib ki,  "fake news"la mübarizədə fərdi nümunələr göstərsinlər, töhvələr versinlər. Budur, Azərbaycan öz töhvəsini verir. Ən yaxşı yol demokratik formada, qanunlarla tənzimləmədir. Kimsənin hüququ pozulmur, ifadə azadlığı məhdudlaşdırılmır. Sadəcə, insanlar xəbərdar edilirlər ki, yalan xəbər yaymaq məsuliyyət doğurur. 

Yeri gəlmişkən, belə yeniləşdirmə təkcə Azərbaycanda baş verməyib. Avropada "feyk" məlumatlarla mübarizə ilə bağlı qanunlar qəbul olunur və ya düzəlişlər edilir. Ortada Almaniya, Fransa nümunəsi var. Dünya pandemiya ilə mübarizə aparır. Məsuliyyətsiz insanlar isə yalan məlumatlarla insanların həyatına təhlükə yaradırlar. Harlem Desir isə deyir ki, insanların təxribat törətmək haqqını tanıyın. Belə çıxır ki, onun dünyadan xəbəri yoxdur. Ya da Azərbaycana qarşı ənənəvi qərəzli yanaşması imkan vermir ki, o, ayılıb dünyaya baxa bilsin.

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/836860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR