“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? -

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir:

"Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin.''

Martın 29-dan etibarən paytaxtda şəhərdaxili fəaliyyət göstərən “BakuBus” avtobuslarının fəaliyyətinin dayandırılması barədə məlumata da qurum münasibət bildirib.

BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yayılan informasiya həqiqəti əks etdirmir:

“Hazırda avtobusların işləyib-işləməməsi Nazirlər Kabineti yanında operativ qərargahdan gələn tapşırıqlar əsasında tənzimlənir”.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR