20 Yanvar faciəsinin 25-ci ildönümü Yekaterinburqda da qeyd edilib

18:53 17 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğu tərəfindən anma mərasimi keçirilib.
Baş konsulluqdan AzərTAc-a verilən məlumata görə, tədbirdə Yekaterinburq şəhərində yaşayan soydaşlarımız, vilayət və şəhər administrasiyasının, ictimaiyyətin nümayəndələri və mədəniyyət xadimləri, şəhərdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan Beynəlxalq Bankının Yekaterinburq filialının kollektivi, Yekaterinburqdakı milli azlıqların təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin birinci müavini, professor Vladimir Dubiçev və Ural Federal Universitetinin kafedra müdiri, professor Aleksandr Nesterov da iştirak ediblər.
“Yekaterinburq” Kitabxana Mərkəzində təşkil olunan tədbirdə 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Lider” televiziyası tərəfindən rus dilində lentə alınmış 25 dəqiqəlik “Qanlı Yanvar” filmi nümayiş etdirilib və hadisələrdən bəhs edən fotolardan ibarət sərgiyə baxış olub.
Baş konsul Sultan Qasımov çıxış edərək belə ağır günlərdə bu acını Azərbaycan xalqı ilə bölüşmək üçün tədbirə gələnlərə təşəkkür edib. Faciə haqqında tədbir iştirakçılarına məlumat verən S.Qasımov bu hadisələrin Azərbaycan xalqının tarixində faciəvi, eyni zamanda, şanlı səhifələrdən birinə çevrildiyi və hadisələrdən 25 il ötsə də, faciə qurbanlarının xatirəsinin heç vaxt unudulmadığını qeyd edib.
Bildirilib ki, 1990-cı il yanvarın 20-də Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin, Əbdürrəhman Vəzirovun və keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyi qeyd olunub. Qətlə yetirilənlər sırasında Azərbaycan, rus, yəhudi, ləzgi millətlərinin nümayəndələrinin, yetkinlik yaşına çatmayan uşaqların, qadınların, qocaların, şikəstlərin də olması diqqətə çatdırılıb.
S.Qasımov Azərbaycanın informasiya blokadasına alındığı vaxtlarda ümummilli lider Heydər Əliyevin o zaman çox ağır bir şəraitdə çəkinmədən ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkar şəkildə nümayiş etdirməsini minnətdarlıq hissi ilə xatırladıb. Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cu ildə verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onların adlarının əbədiləşdirilməsi məqsədi ilə bir sıra fərman və sərəncamlar imzalayıb, 20 Yanvar ümumxalq hüzn günü elan olunub.
Qeyd olunub ki, yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bir tərəfdən tariximizin kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya ictimaiyyəti xalqımızın qəhrəmanlığının, azadlıq uğrunda mübarizliyinin və sarsılmazlığının şahidi olub.
Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin birinci müavini, professor V.Dubiçev baş vermiş hadisələrlə bağlı Azərbaycan xalqına başsağlığı verib və belə bir gündə bu ağrı-acını Azərbaycan xalqı ilə bölüşdüyünü qeyd edib. Eyni zamanda, hadisənin siyasi prizmadan və o vaxt böyük bir dövlətdə yaranmış böhran prizmasından qiymətləndirilməsi bu cür qətliamın və yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi barədə qərar verilməsinin rütbəsindən və vəzifəsindən asılı olmayaraq heç bir rəhbərə bəraət qazandırmadığını vurğulayıb. Belə cinayətlərin insanlığa və insani dəyərlərə qarşı edilən ən ağır cinayətlər kimi qiymətləndirilməsinin zəruriliyi qeyd olunub.
Ural Federal Universitetinin professoru Aleksandr Nesterov baş vermiş hadisələrin kədərli və sarsıdıcı mahiyyəti barədə danışarkən Azərbaycan xalqının çox məğrur və qüdrətli xalq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövlətinin bu gün qazandığı nailiyyətlər və yüksək inkişaf templəri buna bariz sübutdur. A.Nesterov illər ötdükcə Vətəndən uzaqlarda belə bir hadisənin Azərbaycan xalqı tərəfindən anılmasını xalqın əzəmət göstəricisi kimi dəyərləndirib.
Azərbaycan Beynəlxalq Bankının Yekaterinburq filialının rəhbəri T.Moşinskaya 20 Yanvar hadisələrinin ağrılı həqiqətləri barədə danışıb və bu cür vandalizm aktlarının insanlara qarşı edilən ağır cinayət olduğu bildirilib.
Çıxış edən diaspor təşkilatlarının üzvləri baş vermiş hadisələrlə bağlı Azərbaycan xalqına başsağlığı verib və bu cür hadisələrin hər bir xalqın tarixində xalqın dönməz iradəsinin göstəricisi olan şanlı səhifəyə çevrildiyini qeyd ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_25_ci_ildonumu_Yekaterinburqda_da_qeyd_edilib-825571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR