Amerikada yaşayan həmvətənlərimiz: ''Karantin qaydalarına əməl edirik'' - ÖZƏL / FOTOLAR

Koronavirus dünyaya sürətlə yayılmağa başlayandan bu günə kimi, yoluxanların sayı 700 min 926 nəfərə çatıb. Kabus kimi insanların həyatlarına çökən, onları evə məhkum edən COVİD-19 üçün hələ də peyvənd tapılmayıb. Bu günə qədər Azərbaycan da, daxil olmaqla az qala bütün dünya virusa qarşı birlik nümayiş etdirib, ondan qorunmağın birmənalı vacib olduğunu nümayiş etdirir. Ölkəmizdə son günlər virusa qarşı karantin tədbirləri sərtləşdirildi. Lazım olmadıqca əhalinin çölə çıxmaması, evlərində qalmasının vacibliyi ön plandadır. Xaricdə yaşayan həmvətənlərimizin əksəriyyəti vətənə üz tutub burada COVİD-19 ilə mübarizə aparmağı seçsə də, olduqları ölkənin virusdan mübarizədə tətbiq olunan karantin rejiminə əməl edən azərbaycanlılar da çoxdur.

Metbuat.az Amerikanın Nyu-York və Pensilvaniya ştatında yaşayan iki həmvətəni ilə həmsöhbət olub, onların hal-hazırda yaşadığı ölkədə olan son vəziyyət və karantin rejimi ilə maraqlanıb.

Əhməd Hümbətov 31 yaşındadır. O, ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Əhməd Amazon şirkətində çalışır. Əhməd deyir ki, koronavirus ilə bağlı xəbərlər yayılmağa başlayanda onlar bunun Amerika üçün təhlükə yaratmayacağını düşünüblər.

’’İlk öncə bu virus Çində yayılandan sonra biz hesab edirdik ki, virus ancaq Çin və onun bir neçə şəhərində yayıla bilər. Amma koronavirus Avropaya yayılmağa başlayandan bir müddət sonra insanlar qorxmağa başladılar. İlk dəfə Nyu-Yorkda koronavirusa yoluxma aşkar ediləndən sonra burada əhali təşvişə düşdü. İnsanlar əsasən marketlərə, apteklərə hücum etməyə başladılar. Su, tualet kağızı, konserva, apteklərdən qızdırma əleyhinə dərmanlar, dezinfeksiyaedici məhsullar almağa başladılar. Vəziyyət o həddə çatdı ki, artıq bu məhsullar azalmağa başladı. Bəzən elə hallar olurdu ki, insanlar bu məhsulları almaq üçün səhər tezdən mağazaların önündə növbələr yaradırdılar. Daha sonra əhali özünü təcrid etməyə başladı. Artıq ailəli olanlar ancaq öz ailə üzvləri ilə ehtiyac yarandıqda hava almağa çıxır, şəhərin sıxlığından uzaq yerlərdə dincəlməyə üstünlük verir ya da ümumiyyətlə evdə qalmaqla virusla mübarizəyə başladılar. Beləliklə də bu qorxu insanları adi həyat rejimindən uzaqlaşdırmağa başladı.''

Əhməd deyir ki, hal-hazırda vəziyyət heç də yaxşı deyil. Amerika pandemiyadan yoluxma və ölüm səviyyəsinə görə ilk yerlərdədir.

’’Dövlət müəyyən tədbirlər görür. Bəzi restoranlar, iş yerləri, məktəblər, bağçalar bağlandı. ''Fast food''- a meyilli Amerika xalqı artıq məcburiyyətdən yeməklərini kuryer vasitəsi ilə online sifariş ilə gətirməyə başlayıblar. Bu halda kuryerlər restorana girmədən elə qapıdaca yeməy sifarişini götürüb ünvana çatdırır. Dövlət Səhiyyə müəssisələri hal-hazırda xüsusi hallar istisna olmaqla xəstələr ilə online yolla qəbul keçirib müayinə aparırlar. Biz Amerikada hal-hazırda peyvəndin hazırlanmasını gözləyirik. Amma bilmirik ki, COVİD-19 a qarşı peyvənd nə zaman hazır olacaq. Baxmayaraq ki, Amerika xalqı özünü təcrid edərək virusa qarşı mübarizə aparır amma biz düşünürük ki, bir müddət sonra əgər virusun qarşısı alınmazsa Amerikaya Koronavirus o həddə yayılacaq ki, bura virusun mərkəzi olacaq. Elə mediada da bu barədə danışılır. Vəziyyət burada ürəkaçan deyil, insanlar çox qorxurlar.’’

Bəs Amerika koronavirusdan qorxurmu?

’’Ölüm qorxusu hər kəsin psixologiyasına təsir edir. Amma düşünürük ki, gigiyenik qaydalara əməl etməklə koronavirusdan qoruna bilərik. Amerikada insanların 95 faizi burada koronavirusa qarşı ehtiyyatlı davranır. Onlar həkimlərin məsləhətinə qulaq asır, evlərdən ehtiyac olmadıqca çıxmır, partilər təşkil etmir, müəyyən yerlərdə yığıncaq üçün toplanmırlar. Dövlət media və televiziya vasitəsi ilə insanlara virusla mübarizədə birlik olmağa çağırır və qaydalara uymağa dəvət edirlər.

Belə bir vəziyyətdə Azərbaycana qayıtmaq istərdinizmi?

’’Azərbaycanda yaşayan doğmalarımız ilə tez tez əlaqə saxlayırıq.Virusun yayılma tezliyini ölkələr arasında müqayisə aparırıq. Hazır ki şəraitdə Azərbaycana qayıtmağı düşünmürəm. Bu riskli bir addımdır. Mən ölkəmə qayıtmaq üçün Pensilvaniyadan Nyu-Yorka getməli, oradan da Azərbaycana gəlməliyəm. Hal-hazırda Nyu-Yorkda yoluxma daha çoxdur. Belə bir halda Azərbaycana qayıtmaq real görünmür. Mən yaşadığım ştatın karantin qaydalarına riayət edib koronavirusla bu şəkildə mübarizə aparıram.’’

Növbəti həmvətənimiz Qərənfil Həsənovadır.O, 29 yaşındadır. Nyu-Yorkda yaşayır. ’’BlackStone’’ şirkətində işləyir.

Qərənfil deyir ki, Nyu-Yorkda martın əvvəllərinə kimi koronavirusa yoluxan aşkarlanmamışdı. İlk yoluxma martın ilk həftəsində İrandan yenicə qayıtmış bir qadında aşkarlandı.

“Qadın özü tibb bacısı olduğuna görə simptomları vaxtında müəyyən edib test etdirmişdi özünü və müsbət nəticə aldıqdan sonra evde izolyasiya olunurdu. İkinci yoluxma bir neçə gün sonra şəhərdən bir az kənardakı qəsəbələrin birində yaşayan lakin Manhattanda işləyən bir vəkildə aşkarlandı. Vəkilin simptomlari bəlli olana qədər bir neçə gün virusun daşıyıcısı olduğuna görə artıq ailəsini, iş yoldaşlarını yoluxdurmuşdu. Onun nəticəsində də artıq uşaqlarının dostları, tələbə yoldaşları və s. əksəriyyət yoluxmuşdu. Beləliklə də yoluxma getdikcə artmağa başladı. Bugün təkcə Nyu-York şəhərində 35000 nəfərə yaxın insan virusa yoluxub, 700-ə yaxın insan isə artıq dünyasını dəyişib.

Martın ortalarından etibarən şəhərdə karantin elan olunub. Əvəllər şirkətlərə tapşırıldı ki, əməkdaşlarının 50%-i evdən işləməyə başlasın ki, ofislərdə insanlar arasında sosial məsafə yaratmaq mümkün olsun. Bir neçə gün sonra bu faiz 75-ə, sonra isə 100-a qalxdı.’’


Həmyerlimiz Metbuat.az-a müsahibəsində dedi ki, indi sadəcə önəmli sayılan iş yerləri fəaliyyət göstərir. Bunlara marketlər, apteklər, xəstəxanalar və s. daxildir. Restoran və kafelər hələ də fəliyyətlərini davam edirlər, amma sadəcə yemək çatdırılması üçün. Restoranda oturub yemək yeməyə icazə yoxdur. Nyu York Ştatının qubernatoru hər gün səhər 11-də canlı yayımda mətbuat konfransı keçirir və əhaliyə yeni rəqəmləri, hazırkı vəziyyəti çatdırır.

“Nyu-Yorkda normalda küçədə insanlar həddindən artıq çox olur. Bir növ insan trafiki olur. Amma indi küçələr demək olar ki, bomboşdur. Sadəcə 1-2 nəfəri görmək olur. Əksəriyyət maska və əlcəksiz bayıra çıxmır. Marketdə kassada gözləyəndə aralarında 2 metrə yaxın məsafə olur. Heç kim bir-biriylə söhbət etmir. Küçədə toplaşıb söhbət edən adamlara çox az hallarda rast gəlmək olar. Amma bunlara baxmayaraq yoluxanların sayı hər gün minlərlə artır. Əslində bunlar yeni yoluxanlar deyil. Sadəcə Nyu-York Ştatı gündəlik testlərin sayına görə dünyada birinci yerdədir, həttə Çin ve Koreyanı da keçib. Hər gün Ştatda 17-18 min adamı test edirlər. Buna görə də yoluxmuşları müəyyən etmək olur. Yaxın günlərdə Trampın Nyu-York Ştatına mütləq karantin tətbiq etməsi gözlənilir. Əgər elə olsa insanlar bayıra sadəcə mütləq vacib olanda çıxa bilərlər. Əks halda polis cərimə edə bilər. Ehtimal olunur ki, Nyu-Yorkda virusun pik nöqtəsi növbəti 2-3 həftə ərzində baş versin. Buna görə də prezidentin mütləq karantin qərarı istənilən an gələ bilər.’’

Yaşadığınız ölkənin karantin qaydalarına necə riayət edirsiniz?

“Özüm qaydalara tam riayət edirem. Keçən həftə ərzində sadəcə 1-2 dəfə evdən çıxmışam.O da ərzaq və ya dərman almaq üçün olub. Dünən isə 2-3 həftəlik alış-verim etdim, aprelin ortalarına kimi evdən çıxmamağı planlaşdırıram, çünki vəziyyət getdikcə ağırlaşır. Elə hazırda son durumu bilmək üçün qubernatorun canlı yayımdakını çıxışını izləyirəm. Bu dəqiqə karantin müddəti aprelin 15-nə kimi uzadıldı.”

Gülbəniz Hüseynli: Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR