Koronavirus dövründə cahilləri sevmək

Koronavirus dövründə cahilləri sevmək
14:03 31 Mart 2020
138 Digər
Ölkə mətbuatı
A- A+

Mələk Heydərova

Dünyanın kainat sularında üzən, “vəba” yazılı bayraq asmış böyük bir gəmi olduğunu düşünün. Lap “Vəba günlərində eşq” əsərindəki kimi. Markesin əsərində iki aşiq 50 il sonra qovuşa bilir və qalan ömürlərini xoşbəxt və hüzurlu yaşamaq üçün “vəba” yazılı bayraqdan istifadə edir. Elə indi, dünyamızın etdiyi kimi.

Uzun zaman gözümüzü və qulaqlarımızı dünya həqiqətlərini duymamaq üçün bağlamışdıq. İndi isə həqiqətlər bir-bir qucağımıza axışır. İndi dünyanın dərdini daha aydın duyuruq. Sən demə, ağlayırmış, eşitməmişik, bilməmişik və ağlayan bir körpənin əvvəl-axır böyüyüb intiqam alacağını düşünməmişdik.

Görünən odur ki, yeni doğulan körpə kimi yaşamağı yenidən öyrənəcəyik. Bəlkə dəyərləri də götür-qoy edəcəyik, unutduqlarımızı yenidən xatırlayacağıq.

Təbii, əvvəl-axır COVID-19 virusu bitəcək. Bitməyi ilə bizi bitirəcəkmi? Yoxsa olduğumuz yerdən davammı edəcəyik? Sanki hər şeyi sıfırlayıb, başlanğıc nöqtəsinə geri qayıdırıq.

2020-ci ilin ayağı heç bir canlı üçün düşərli olmadı. İl başlayandan təbii fəlakətlərin ardı-arası kəsilmədi. Yanan meşələr, tələf olan heyvanlar, hamısını gördük və susduq. Sadəcə sosial şəbəkələrdə bildiyimiz məlumatları bölüşməklə kifayətləndik. “Yanan can bizim deyil, üzülməyə də dəyməz” deyən insanlar, şüurumuz var deyə dünyada daha çox bizim yaşama hüququmuzun olduğunu düşünürük. Digər canlıların canlarının yanması düşüncələrimizi məşğul edəcək qədər önəmli hadisə kimi qəbul etmədik. Yaxşı, bəs Suriyada 8 milyon insanın məhv olmasına necə göz yumduq? Onlar ki, bizdən idi. İndi dünya eynilə bizə göz yumur, qapıları bağlayır.

Bağlanan qapılar arxasında, 4 divar arasında düşünəcək çox məqam var...

Son illərdə kütlədə baş verəcək bütün təbii hadisələrdə siyasi motivin axtarılması dəb halını alıb. Başımıza gələcək hər bəlanı siyasiləşdirməklə sanki məsuliyyəti öz üzərimizdən atmağa çalışırıq. “Əlimiz, qolumuz bağlı”, “yuxarılar özləri həll edir”, “biz bilən iş deyil” deyib keçənlər, düşünmək kimi bacarığının olduğunu unutmasaydı, məzlum rolunu oynamaq məcburiyyətində də qalmazdı. COVID-19 yayıldığı bir zamanda “əşi bizə heç nə olmaz” deyib, özünü igid qəhrəman kimi qələmə verənlərimiz də az olmadı. Oxumuş cahil koronavirusun bioloji silah olduğuna özünü o qədər inandırıb ki, sağlamlığımız üçün tətbiq edilən heç bir rejimə məhəl qoymadan küçələrə axışır. Çünki özü ilə üzləşmək, virusla üzləşməkdən daha qorxulu gəlir onlara. Heç birimiz düşüncəmizlə tək qalıb, özümüzü tanımaq istəmirik. Özümüzlə bağlı dəhşətli həqiqətləri dərk edəcəyimizdən qorxuruq. İllərdir özümüzü yaxşı insan olduğumuza o qədər inandırmışıq ki, təklikdə fərqinə varacağımız günahlardan qaçırıq. Tək qalmaq xofu bizi kütləyə çıxıb, onun içində ərimək, danışılan ən axmaq söhbət ilə baş qatıb gerçəkdən uzaqlaşmağa sövq edir. Azad olmaqdan, azad qərar verməkdən qorxub, azadlıqdan qaçırıq. Dünyanın ədalətsiz, ətrafın isə taleyimizin yazdığına əmin idik. Qorxuruq! Birdən tam çılpaqlığı ilə həqiqətləri görsək, insanlar da kim olduğumuzun fərqinə varacaqlar. Bundan sonra nə qədər maska taxırıqsa taxaq, əsl kimliyimizi gizlədə bilməyəcəyik. Acizliyimizin, fərasətsizliyimizi, tənbəlliyimizi hamısını dünya ədalətsizliyinin ayağına yazırdıq. Bizdən cəsarət və güc tələb edən belə bir gərgin vəziyyətdə isə üzərimizə qoyulmuş məsuliyyətin altında çabalayırıq. Çünki, indi hər şey bizdən asılıdır. Bu gerçəkliyi qəbul etmək istəmirik deyə, evdə oturmaqdan imtina edirik. #Evdəqal desək də, hər birimiz küçədə insanlar arasında itib, yox olmaq istəyirik.

Qum dənəsindən də kiçik olan bir virus nə qədər cahil və qorxaq olduğumuzu ortaya çıxardı.

İnsan öyrəşdiyi vəziyyətdən alışmadığı başqa bir vəziyyətə keçərkən də qorxur, panikaya düşür. Yeni bir durumun zühur etməsi, yeni bir bilginin ortaya çıxması ilə itirəcəyi məram, pul və gücdən qaynaqlanan qorxuya əslində itirmə qorxusu da deyə bilərik. Dünya adlı böyük gəmidə COVID-19-dan əvvəl bizi qorxular yeyib bitirəcək.

Bu yaşama illərdir öyrəşmiş və kütləşmişik. Məncə, itilənməyin zamanı çatdı. Çünki xilasımız yalnız öz əlimizdədir.

Amma əvvəl biz dünyanı xilas etməliyik - özümüzdən!

Biz görəndən ilk dəfə dünya insan hərisliyindən, vəhşiliyindən yaxa qurtara bilir. İndi torpaq da, təbiət də, heyvanlar da layiq olduqları azadlığı yaşaya bilir. Biz insanlar bir-birimizi öldürməklə kifayətlənməyib, yaşadığımız yeri, torpağı da məhv etmişik. Biz dünyaya ziyan vurmaqdan, onu zəhərləməkdən başqa nə edə bilmişik ki? Heç nə! Çayları qurutduq, ağacları doğradıq, torpaqları böldük, boz divarlar ucaltdıq, dünya ilə kifayətlənməyib özümüzü də siniflərə böldük. Bölə-bölə bütövlükdən bölündük, kiçildik, öz insanlığımızı itirdik. Özümüzü təbiətin, sonra da bütün canlıların, özümüzkimilərin ali rəhbəri sandıq. Gücümüz yetdiyi hər şeyi yıxdıq, taladıq. Daha çox torpaq, daha çox zövq, daha çox pul ovuna çıxdıq. Acgözlük bəşəriyyətə bir virus kimi yayıldıqca, əslində onu məhvə doğru apardığının fərqində deyildi bəşər övladı. İndi Yer özünü bizim çirkin əməllərimizdən təmizləyir. Dünya nəfəs aldıqca, biz də qəddarlıqdan, xəbislikdən, zalımlıqdan, xainlikdən, təkəbbürdən qurtuluruq, birgə yenilənirik. Həyatımızda hər şey, düşüncədən tutmuş insan münasibətlərinə qədər dəyişir, fərqli şəkil alır. İsrarla gizlətdiyimiz çatlar da yavaş-yavaş üzə çıxır. Böyük emosional partlayış yaşamasaq, çarəsizliklə üzləşməsək, çox məqamların fərqinə varmarıq, varmazdıq..

Ölüm bizim bir addımlığımızdadır, qaşla-göz arasında. Uzaqda deyil, düz yanımızdadır. Bu qədər yaxından ölümü hiss etmək artıq bizi düşündürməlidir.

İnsan oğlu sürətin hər zaman həyatı üçün təhlükəli olduğunu düşünüb, bu gün yaşamağa davam etmək üçün #Evdəqal sözü ilə həyatını yavaşlamalı olub. Yavaşlanan günlərdə insan eyni anda hər tərəfdən “sərvəti burax”, “yaşamı ara”, “canı qurtar” sözlərini eşidir.

Şərtlər hər birimizi bərabər etdi. İndi bütün insanlar öncə sağlamlığını, sonra isə sevdiklərini düşünür. Həmişə belə olmalı deyildimi? Zirvəyə biz çox zaman uğuru, zənginliyi, məşhurluğu qoyduq. Dayanmadan, gecə-gündüz işlədik və istədiyimiz məqsədlərə də çatdıq. O məqsədlər isə bizim sağlamlığımızı və sevdiklərimizi aldı. Bu günlərdə dünya unutduqlarımızı yenidən bizə geri qaytarır. Özümüzlə birgə, sevdiklərimizlə yenidən tanış olmağa başlayırıq. Sevməyi və sevilməyi öyrənirik.

Mən də “vəba” günlərində yenə sevgini, eşqi seçdim. Çünki işdir, birdən gözümü əbədi yumsam, ürəyimdə sevginin olmağını istərdim! Bir tək koronavirus dönəminin cahillərini sevə bilmərəm!

Cahillərin yuxusu möhkəm olur, onları oyatmaq çox çətin məsələdir. COVID-19 dönəmində sərt tədbirlər, sərt cəzalar, sərt rejimin heç biri onları oyatmağa kifayət etmədi. Bunlar gözüyumulu gəlib, eləcə də gedəcəklər! Dünyanın bütün gözəlliyindən, duyğulardan bixəbər kimi. Tarixi son cümləsinə kimi özümüz yazırıq. Koronavirus dönəminin cahilləri isə bu tarixin əsas “qəhrəmanları” olacaq. Anlayanlar isə dünyanı nə qədər incitdiyimizin fərqinə varıb, yaşamağa yenidən başlayacaq.

Unutmayaq - Dünya bizim günahlarımızdan təmizlənir!


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/309297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR