Vüqar Rəhimzadə: Evdə qalmalı, məsuliyyətimizi dərk etməliyik

Vüqar Rəhimzadə: Evdə qalmalı, məsuliyyətimizi dərk etməliyik
17:12 31 Mart 2020
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Son məlumatlara görə, dünyanın 200-dək ölkəsində 790 minə qədər yoluxma və 37 mindən çox ölüm hadisəsi var. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi Avropa ölkələri və İrandır. Azərbaycanda isə Prezident İlham Əliyevin zamanında verdiyi tapşırıqlara əsasən görülən işlərin nəticəsində koronavirusun ilkin dalğası böyük zərbələr bura bilmədi.

Bunu Milli.Az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, koronavirusa qarşı mübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə daha stabildir və nümunəvidir:

"Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına sağlam münasibətində görə bilirik. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların karantində saxlanılması üçün yaradılan şərait dövlətin öz vətəndaşına göstərdiyi nümunəvi davranışdır. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı da bütün xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir. Eyni zamanda koronavirusla mübarizə fondunun taradılması, 575 çarpayılıq yeni klinikanın açılışı və s. onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə ən yüksək səviyyətə təşkil olunub. Amma bu o demək deyil ki, təhlükə sovuşub və biz rahatlaşmalıyıq".

Vüqar Rəhimzadə vurğulayıb ki, koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə bütün addımlar atılır və tətbiq olunan xüsusi karantin rejimi də vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir:

"Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə maksimum şəkildə riayət etsin. Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərk etməlidir, qəbul olunan qaydalara, verilən tövsiyələrə riayət etməlidir, məsələyə həssas yanaşmalıdır. Bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Yeni koronavirusun yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar".

"Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Çünki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub", - deyən Vüqar Rəhimzadə əlavə edib ki, yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır:

"Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Xahiş edirəm ki, insanlarımız ehtiyac olmadığı təqdirdə evdən çıxmasınlar, karantin qaydalarına əməl etsinlər. Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR