19:02 31 Mart 2020
12 Digər
Ölkə mətbuatı
A- A+
.

"Sabah" futbol klubunun kapitanı Ruslan Abışovun "Report"a müsahibəsi
- Koronavirus pandemiyasına görə ölkədə karantin rejimi tətbiq olunub. Vaxtınızı necə keçirirsiniz?
- Ciddi karantin dövründən öncə səhərlər gedib fərdi məşq edirdim. Küçəyə çıxmaq qadağan olunduqdan sonra isə evdə hazırlaşıram. Həmçinin kitab oxuyur, maraqlı işlərlə məşğul oluram.
- Futbolçu üçün belə həyat tərzi darıxıdırıcı deyil?
- Əlbəttə, belə çox çətindir. Hər kəsə səbr arzulayıram. Tezliklə bu virusdan canımızı qurtarmalıyıq. Xəstə olanlar sağalsın, hamı öz işini davam etdirsin. Önəmli olan budur. İdmançı üçün məşqsiz və komandadan ayrı qalmaq çətindir. Amma dediyim kimi, səbirli olmağa çalışıram. Eyvanda özüm üçün xüsusi yer hazırlamışam. Çıxıb orada məşq edirəm. Kitab oxuyuram, dincəlirəm, evin içində fırlanıram (gülür).
- Çəki artımı hiss olunur?
- Yox, kilo almamışam. Pəhriz saxlayıram. Kökəlməmək üçün ancaq lazım olan qidalardan istifadə edirəm. 
- Yəqin, hazırkı vəziyyətin psixoloji baxımdan da mənfi təsirlərini hiss edirsiniz...
- Düzdür. Televiziyada, hər yerdə ancaq koronavirusdan danışırlar. Müxtəlif xəbərlər verilir, insanları məlumatlandırırlar. Hazırda gündəm koronavirus olduğu üçün istər-istəməz, insanda qorxu yaranır. İnanıram ki, bunun da öhdəsindən gələcəyik.


- Bəs, siz özünüz koronavirusla bağlı hansı tədbirləri görmüsünüz, necə mübarizə aparırsınız?
- Demək olar ki, bütün günü spirtlə "çimirəm" (gülür). 3-4 saatdan bir əlimi yuyur, spirtlə dezinfeksiya edirəm. Eyvana çıxıb evə girəndə də əlimi spirtləyirəm. Deyilənlərə əməl edərək tək özümü yox, bütün ailəmi qoruyuram. Çox pis xəstəlikdir, məsuliyyətli olmaq lazımdır.
- Bilirsiniz ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Maraqlıdır, Fonda ianə etmisiniz?
- Komanda olaraq, ianə etmişik. Amma məbləğ məxfidir. Kimin ürəyindən nə keçib, onu da verib. Əlbəttə, mən də Fonda maddi yardım etmişəm, öz köməyimi göstərmişəm.
- Fonda pul nə vaxt köçürülüb? Biz baxmışıq, siyahıda "Sabah" klubundan heç kimin adı yoxdur...
- Bizdə bu kampaniya 2 gündür başlayıb. Yəqin ki, yaxın günlərdə klubumuzun da Fonda ianə etməsi o siyahıda göstəriləcək.
- Koronavirus pandemiyası meydana çıxandan sonra futbolçuların maaşlarının mümkün azaldılması məsələsi gündəmə gəlib. Siz belə bir şeyə razı olarsınız?
- Bəzi futbolçular fikrimi səhv başa düşə bilərlər. Səmimi deyəcəyəm: Kapitan kimi mənimlə bu barədə danışıq olsa, kluba öz dəstəyimizi göstərməyə hazırıq. Burada qeyri-adi bir şey yoxdur. Elə bir vəziyyətdir ki, hamını başa düşmək lazımdır. Maaşımın azaldılmasına razılaşaram. Heç bir problem yoxdur.
- Bir az da futboldan danışaq. Uzun müddət zədə səbəbindən oynamadınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Özümü əla hiss edirəm. Evdə məşqlərimi davam etdirirəm. Hər şey bitsin, yəqin, oynamağa başlayaram.


- Son 2 turda adınız sifariş ərizəsində olsa da, meydana çıxmadınız...
- Komanda ilə məşqlərə yeni başlamışdım, tam hazır deyildim. Bundan əvvəl 3 dəfə eyni zədəni aldığım üçün risk etmədik. Sadəcə, baş məşqçi dedi ki, komandanın içində ol. Zədəli-zədəli məşq etdiyim üçün vəziyyət bu yerə gəlib çatmışdı.
- Baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında oynamasanız da, məşq etmisiniz. Xorvatiyalı necə mütəxəssisdir: Çoxmu tələbkardır?
- Düzdür, məşqlərdə çox şey tələb edir. Daha çox taktikaya üstünlük verən baş məşqçidir. Sırf nəticə tələb edir. Ümid edirəm ki, çempionat bərpa olunandan sonra oyunlarımız daha da uğurlu alınacaq. Düzdür, fasilədən sonra çətin olacaq. Amma biz bundan daha yaxşı yararlanmalıyıq.
- "Sabah" 20 turdan sonra 21 xalla 6-cı sıradadır. Sizcə, mövsümün əvvəlində qarşıya avrokuboklara vəsiqə hədəfi qoymuş komanda üçün bu, zəif göstərici deyil?
- Düzdür, çox adam deyir ki, "Sabah" bu cür heyətlə layiq olmadığı yerdədir. Lakin klubumuzun böyük potensialı var. İnanıram ki, Avropa Liqasına vəsiqə qazanacağıq. Sonda UEFA-nın nə qərar çıxaracağını bilmirik. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq. Komandalar turnir cədvəlində bir-birinə yaxındır. Düşünürəm ki, kim çox istəyəcəksə, o da avrokuboklara vəsiqə qazanacaq.
- Ümumiyyətlə, mövsümün bərpa olunacağına inanırsınız?
- Açığı, indi futbol barədə ümumiyyətlə fikirləşmirəm. Hər kəsin beynində yalnız bu xəstəlikdir. Hamı bundan tez yaxa qurtarmağın yollarını axtarır. Pandemiya başa çatandan sonra hər şey qaydasına düşəcək. Futbolla bağlı da hansısa tədbir görərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/butun-gunu-spirtle-cimirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR