Pediatr-infeksionist: "Koronavirusun ən böyük problemi..."

Pediatr-infeksionist: "Koronavirusun ən böyük problemi..."
21:42 1 Aprel 2020
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanı cənginə alan koronavirus infeksiyası (COVID-19) getdikcə tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan etməsi məsələnin nə qədər ciddi və mürəkkəb olduğunu göstərir. Hər gün dünya ölkələrindən qlobal epidemiyanın qurbanları, ona yoluxanlar barədə həyəcanlı xəbərlər gəlir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, pediatr-infeksionist Aytən Ziyadova qlobal epidemiyanın üç nəticədən biri ilə yekunlaşacağını bildirib: "Birincisi, insanların əhəmiyyətli bir hissəsi immunitet qazanacaq və virus artıq yayılmayacaq. İkincisi, infeksiyaya qarşı peyvənd tapılacaq və bunun nəticəsində immunitet qazanılacaq. Nəhayət, virus mutasiyaya uğrayacaq və insandan insana keçmə qabiliyyətini itirəcək".

Uşaqların daha çox daşıyıcı olduğunu deyən pediatr-infeksionist əlavə edib: "Uşaqlar da artıq risk altındadır, çünki xroniki xəstəliyi olanlarda onun gedişi təhlükəli ola bilər. Koronavirusun ən böyük problemi onun çox sürətlə və rahat yayılmasıdır. Belə ki, bir insan ən azı 4-5 nəfəri yoluxdurur. Danışarkən, öskürərkən və asqırarkən damlacıqların içində olan virus yayılır və təxminən bir metrədək məsafəyə çatır. Ağır olduğu üçün səthlərin üzərinə enir. Bu zaman əllə həmin səthlərə və ya çirkli əşyalara toxunanda yoluxma baş verir. Bəzən yoluxma əllərə, üzə, gözə və buruna toxunmaqla yaranır. Əlləri tez-tez və ən azı 20 saniyə müddətində yumaqla həmin viruslardan uzaqlaşmaq olar.

Tibbi əlcəklərin istifadəsi zamanı təhlükəli virus plastik səthlərdə 8 saat qala bilər. Havada qalaraq yayılan virus deyil. Lakin danışarkən, öskürərkən və asqırarkən yayılan isə virusdur. Virusun inkubasiya dövrü 14 gündür".

Pediatr-infeksionist deyib ki, virus infeksiyaları çox təhlükəli və qorxulu nəticələr verə bilər: "Onun təhlükəliliyini artıran həm də vaksinin olmamasıdır. Ona görə də yaşlı əhali - babalar və nənələr, atalar və analar həm özləri maksimum dərəcədə diqqətli olmalı, mümkün qədər evdən bayıra çıxmamalı, həm də uşaqların və körpələrin də evdən çıxmasına imkan verməməlidirlər. Evdənçıxma, kiminləsə ünsiyyət və təmas infeksiyanın yayılması üçün başlanğıc ola bilər. Kiçik bir diqqətsizlik, ani bir səhlənkarlıq çox böyük və fəlakətli nəticələrə səbəb ola bilər. Dünyada insan həyatından qiymətli heç nə yoxdur. Onu hamının birgə səyi və hər kəsin məsuliyyətli münasibəti ilə qorumaq lazımdır. İndiki dövr çox böyük sınaq və həmrəylik zamanıdır. Sanitar-gigiyena tələbləri gözlənilməli, əllər düzgün qaydada yuyulmalı, dezinfeksiyaedici məhlullardan istifadə edilməli, karantin qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Gözəgörünməz düşmənə qarşı mübarizədə sosial izolyasiya ən doğru seçimdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/838368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR