Çin Azərbaycana 5 000 koronavirus test dəsti hədiyyə etdi -

.

Aprelin 2-də Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası (ÇXR) tərəfindən yardımın təqdim edilməsi mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbirin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə təsadüf etdiyini vurğulayıb, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan ilə Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksəksəviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir müavini hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və “Vahid Çin” prinsipi məsələlərində bir-birilərini dəstəklədiklərini, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq etdiklərini vurğulayıb. Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər-bir yol” layihəsində son illər ərzində ölkəmizin fəal iştirakının ticarət, yüksək texnologiyalar, sərmayələr, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəyliyin nümayiş etdirildiyi məmnunluqla vurğulanıb. ÇXR-in Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsinin bu dostluğun bariz nümunəsi olduğunu qeyd edən R.Həsənov göstərilən dəstəyə görə Çin xalqına və hökumətinə minnətdarlığını bildirib. O, Azərbaycanın da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirdiyini, ona kömək məqsədi ilə maddi və mənəvi dəstəyini əsirgəmədiyini bildirib.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxışında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə təsadüf edən bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini, eləcə də Çin ilə Azərbaycan arasındakı dərin və incə dostluğu, yüksək qarşılıqlı etimadı nümayiş etdirdiyini vurğulayıb. Yeni koronavirus sətəlcəm epidemiyasının qəfil başlaması fonunda heç bir çətinlikdən və təhlükədən qorxmayan Çin hökuməti və xalqının böyük fədakarlıqla ölkədə pandemiyanın qarşısının alınması tədbirlərindən bəhs edən diplomat hazırda mövcud vəziyyətin yaxşılaşmaqda davam etdiyini, istehsalın və həyat tərzinin sürətlə bərpa olunduğunu bildirib.

O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökumətinin və müxtəlif ölkələrdən olan dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğulayıb. Azərbaycan Prezident İlham Əliyev tərəfindən dərhal Çinin Sədri Si Cinpinə başsağlığı məktubunun göndərildiyi qeyd olunub. Səfir Qo Min Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən epidemiya qarşısının alınması üçün materialların bağışlanmasını, Heydər Əliyev Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq kanallar vasitəsilə Çinlə fəal şəkildə həmrəylik nümayiş etdirdiklərini məmnunluqla qeyd edib. Diplomat, həmçinin iki ölkə arasındakı dostluğu əks etdirmək üçün Çin hökumətinin yeni növ koronavirus epidemiyasını aşkarlayan 5000 nəfərlik testi Azərbaycan tərəfinə hədiyyə etmək qərarına gəldiyi vurğulayıb. Bildirilib ki, Çin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcək.

Daha sonra çıxış edən Səhiyyə nazirinin müavini Viktor Qasımov hazırda bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığını qeyd edərək, bu xüsusda infeksiyanın Azərbaycandan da yan keçmədiyini təəssüflə bildirib. Dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə Azərbaycan hökumətinin infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və təsirli tədbirlər həyata keçirdiyi qeyd olunub.

V.Qasımov Azərbaycan həkimlərinin infeksiya ilə mübarizədə qəhrəmancasına fəaliyyət göstərdiklərini vurğulayıb. O, Çin hökumətinin və xalqının koronavirus epidemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Nazir müavini, həmçinin Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə inamını bildirib.

Sonda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min tərəfindən “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil-Təslim Aktları” imzalanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR