Aynur Camalqızı: Bir daha şahidi olduq ki…

Aynur Camalqızı: Bir daha şahidi olduq ki…
17:18 2 Aprel 2020
130 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVİD-19) infeksiyası ilə bağlı xalqa növbəti dəfə müraciət edib. Mehriban Əliyeva səmimi müraciətində aşağıdakıları söylədi:

“Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – Növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin...”

Birinci vitse-prezident müraciətində onu da qeyd edib ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi: "Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər”.

Aynur Camal: “Bu xanımın nə qədər mərhəmətli və vətənpərvər, insanpərvər olduğunu bir daha anladıq”

Onun bu narahat müraciəti ilə bağlı Musavat.com-a açıqlama verən "Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camal bildirib ki, koronavirusla bağlı dünyada və Azərbaycanda yayılan xəbərləri böyük narahatlıqçılıqla izləyir: "Çox təəssüf ki, koronavirusa yoluxanların sayı ilə bağlı rəqəmlər artan xətt üzrə inkişaf edir. Artıq Azərbaycanda 400-dən çox, dünyada isə milyona yaxın koronavirusa yoluxan var. Bütün bunlar vəziyyətin nə qədər ağır olduğunu göstərir. Düşünürəm ki, qısa müddət ərzində Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanımın ikinci dəfə xalqa müraciəti heç də səbəbsiz deyil. Yəni vəziyyət o qədər kritikdir. Media olaraq kifayət qədər maarifləndirici işlər aparır, insanların sağlamlığı üçün sosial izolyasının əhəmiyyətindən danışırıq. Lakin təəssüf ki, bəzi insanlar buna məhəl qoymurlar. Onlar həm öz, həm də ətraflarındakı şəxslərin sağlamlıqları ilə bağlı məsuliyyətsiz davranırlar. Təbii ki, belə şəxslərə heç cür haqq qazandıra bilmərik. Bəli, bəzi insanlar maddi çətinliklərlə bağlı, ailələrini dolandırmaq üçün məcbur qalıb, çölə çıxırlar. Lakin bu cür insanlarla yanaşı, məsuliyyətisiz şəkildə pandemiya təhlükəsinin olmasına etinadsızlıq göstərib, evdə qalmayan, qadağalara məhəl qoymayanlar da kifayət qədərdir. Onlar başa düşmürlər ki, virusa özləri yoluxmaqla digərlərinə də yoluxdura, yaya bilərlər. Düşünürəm ki, Mehriban xanım Əliyeva xalqa müraciətində bu məqamları izah etməyə çalışdı. O, bu virusun nə qədər təhlükəli olduğunu, bütün dünyada dövlət rəhbərləri səviyyəsində atılan addımları qeyd etdi. Eyni zamanda virusa qarşı aparılan tədbirlərin Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirildiyini insanların diqqətinə çatdırdı. Ən önəmlidi isə o, insanlara öz sevgisini, sayğısını bir daha göstərmiş oldu. O, insanlara bir ana, övlad kimi müraciət etdi. Biz bir daha şahidi olduq ki, Mehriban xanım Əliyeva Azərbaycan xalqına nə qədər hörmət və sayğı hisləri ilə bağlıdır. Bu xanımın nə qədər mərhəmətli və vətənpərvər, insanpərvər olduğunu bir daha anladıq. Xatırlayırsızsa, bir zamanlar ona “Qızıl ürək” mükafatı verilmişdi. Düşünürəm ki, onu ifadə etmək üçün bundan daha gözəl söz tapmaq çətindir. Mehriban xanımın sözün əsl mənasında, böyük ürəyə sahib olması onun insanlara münasibətində aydın görünür”.

A.Camal bildirib ki, bu, insanlara bir siqnal olmalıdır: “Nəhayət, koronavirusla bağlı baş verənlərə etinadsız və məsuliyyətisiz yanaşanlar düşünməlidirlər. Görməlidirlər ki, qısa müddət ərzində ölkənin birinci vitse-prezidenti xalqa ikinci dəfə müraciət edir. İnsanlar indi bəşəriyyətə və öz ətraflarına, doğmalarına onunla xidmət etmiş olarlar ki, məcbur olmadıqca evdən çıxmayıb, qadağalara əməl etsinlər. Xüsusilə də yaşlı insanlarla, uşaqlarla, müəyyən xəstəliyi olan insanlarla bağlı vəziyyət acınacaqlıdır. Bunların fərqinə varıb, sosial izolyasiyaya əməl etmək lazımdır. Azərbaycanın apardığı siyasətin mərkəzində insanların sağlamlığı, təhlükəsizliyi rifahı dayanır. Biz dövlət tərəfindən atılan addımları təqdir edirik. Eyni zamanda insanların evdə oturmaqla iqtisadi baxımdan çətinlik çəkməmələri üçün iqtisadi layihələrin həyata keçirilməsi üçün atılan addımları yüksək qiymətləndiririk. Bu istiqamətdə artıq dövlət proqramları üzərində işlənilir. Bank kreditləri, vergilər, kommunal ödəmələrlə bağlı insanlara bir sıra güzəştlər nəzərdə tutulub. Günəmuz çalışan 300 mindın artıq insana maddi yardım veriləcək. Düşünürəm ki, bütün bunlar məhz insan amilinə hesablanan addımlar. Ölkə prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” sloqanını əlimizdə əsas tutaraq, bu çətin günləri də aşıb, koronavirusa qalib gələcəyimizə inanıram”.

Jalə Mütəllimova: "Mehriban xanımın bu cür səmimi müraciəti məni bir insan, ana, vətəndaş və yazar olaraq xeyli təsirləndirdi"

Jurnalist Jalə Mütəllimova isə Mehriban Əliyevanın müraciətini aşağıdakı kimi şərh etdi: "Mehriban xanımın bu cür səmimi müraciəti məni bir insan, ana, vətəndaş və yazar olaraq xeyli təsirləndirdi. İlk olaraq deyim ki, bu müraciət mənim məsuliyyətimi birə beş artırdı. Eyni zamanda bu, bir "SOS" siqnalıdır. Çünki Mehriban Əliyeva ölkənin əsas siyasi simalarından biridir. Mehriban Əliyeva bu formada, incə tellərə toxunaraq insanlara mesaj ismarlayırsa, düşünürəm ki, bu, vəziyyətin nə qədər ciddi olduğu barədə cəmiyyəti xəbərdar etməkdir. Diqqət etsək görərik ki, dövlət bu istiqamətdə əlindən gələni edir. Ancaq bir məsələdə var və bunu da etiraf etməliyik. Belə ki, günə deyil, işə muzd çalışan insanlarımız da var. Onların çoxu çalışdıqları müəssisə ilə Əmək müqaviləsi bağlamayıblar. Bu gün güc strukturlarının əməkdaşları, həkimlərlə bərabər bizim bu kimi vətəndaşlarımız da məcburdurlar ki, evlərindən çörəkpulu üçün çıxsınlar. Mehriban xanımın səsinə səs verirəm. Evindən çıxmaq istəyən vətəndaşlardan ana, yazar, insan, vətəndaş olaraq xahiş edirəm ki, evlərindən çıxmasınlar. Biz də əlçatmaz, ünyetməz deyilik. Bəzən insanlar facəini evlərində yaşamayınca bu hadisəni dərk etmirlər. Ancaq bu, reallıqdır və real bir faciədir. Bunun hətta siyasi tərəfləri varsa belə, dünya gücləri yenidən müəyyən olunursa belə bu faktdır ki, koronavirus yer kürəsinə bioloji müharibənin formatı olaraq göndərilib. Ona görə də bu virusla mübarizə aparmaq üçün əlimizdən gələni etməliyik. Yazar olaraq mən, dövlətimin, millətimin qulluğundayam. Əlimdən gəlincə insanlara kömək etməyə çalışıram. Bunu etmək üçün əlimdə kifayət qədər maddi imkanım olmasa da, çevrədə bu işləri görənlər var. Ən azından biz insanları həmin çevrələrə yönəldirik. Dövlətimiz və millətimizin yanındayıq".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR