“Bu, iş yerlərinin ixtisarının azalmasına hədəflənmiş addımdır” - ŞƏRH

“Bu, iş yerlərinin ixtisarının azalmasına hədəflənmiş addımdır” - ŞƏRH
17:33 2 Aprel 2020
135 Digər
Ölkə mətbuatı
A- A+

“Əgər sahibkarlıq subyektinin gəliri və ya dövriyyəsi azalırsa, yaxud da karantin tədbirləri ilə bağlı fəaliyyət göstərə bilmirsə, məcburən işçini ixtisar etməlidir. Muzdlu işçilərlə bağlı tədbirlər planı məhz bu problemin həllinə köklənib”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

Ekspert bildirib ki, tədbirlər planı ilə bağlı açıqlanan məlumatlar tam olmasa da çoxsaylı güzəştlərin şahidi ola bilərik: “İlkin olaraq müəyyən parametrlər açıqlanıb. Məlum məsələ ondan ibarətdir ki, təxminən 600 minə yaxın muzdla çalışan vətəndaşın və fərdi sahibkarlıq subyektinin bu proqramdan yararlannmaq imkanı olacaq. Belə ki, 304 mindən artıq muzdla çalışan işçinin əmək haqqının ödənilməsi ilə bağlı dövlət tərəfindən birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu da indiki halda iş yerlərinin ixtisarının azalmasına hədəflənmiş addımdır. Bundan əlavə, mikro sahibkarlıq subyektləri üçün də dəstək nəzərdə tutulub. Burada da əsas məqsəd məhz iş yerlərinin qorunub saxlanılmasına yönəlib. Vergi güzəştləri ilə bağlı görünən məsələ bundan ibarətdir ki, mikro sahibkarlıq subyektləri və zərər görmüş sahələrdən olan ictimai iaşə xüsusilə vurğulanan sahələrdəndir. Bu sahələr daha çox vergi növləri üzrə güzəşt alacaq. Burada mənfəət və gəlir vergisindən söhbət gedir. Əlavə dəyər vergisindən (ƏDV) bəzi vergi ödəyiciləri üzrə azadetmənin də sənəddə öz əksini tapdığını görmüş oluruq. Amma burada fəaliyyət istiqamətləri qeyd olunmadığı üçün hansı sahələrin bundan yararlanacağını indiki halda demək olmur”.

Rəşad Həsənov qeyd edib ki, ərzaq təchizatı və tibbi ehtiyatların ödənilməsinin əksini tapdığı sənədin ruhundan hiss olunur ki, burada xüsusilə, ərzaq təchizatı və tibbi ehtiyatların ödənilməsi sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştlərdən yararlanmaq imkanı olacaq: “Çünki burada strateji maraq da nəzərdə tutulub. Əsasən ərzaq təhlükəsizliyi və dərman vasitələrinə olan tələbatın hansısa formada qarşılanması istiqamətində şərtlərin nisbətən əlverişli olduğunu görəcəyik. Torpaq və əmlak vergisindən güzəştləri də diqqətə çatdırmaq lazımdır. Bunun özü də sabit xərc istiqaməti kimi sahibkarlıq subyektlərinin indiki halda zərərlərinin azalmasına gətirib çıxara bilər”.

İqtisadçı kreditlərə çıxış imkanının genişləndirilməsindən də söz açıb: “İkinci əsas istiqamət kimi kreditlərə çıxış imkanlarının genişləndirilməsi məsələsidir. Ölkədə kredit zəmanəti mexanizminin təkmilləşdirilməsi və əhatəliliyin artırılması əsas prinsiplərdən biri kimi görünür. Çünki bu günə qədər Azərbaycanda təxminən 70 milyona yaxın kreditə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təminat verilib. Görünən odur ki, sənədin təsdiqlənməsi halında bu məbləğ 400 milyona yaxın yüksələ bilər. İndiki halda 500 milyon kreditin və onun 60%-nə, yəni 300 milyonuna zəmanətin verilməsi məsələsi gündəmə gətirilir. Bu zəmanət mexanizmi çərçivəsində götürülən kreditlər üzrə formalaşmış faiz öhdəliklərinin 50%-nin subsidiyalaşdırılması məqamı da öz əksini tapıb. Bu da sahibkarlıq subyektlərinin daha aşağı faizli kreditə çıxış imkanını artıra və likvidliyin təmin olunmasına müəyyən qədər təsir göstərə bilər”.

Ekspert tikinti sektoruna ayrılan diqqətin məğzini belə vurğulayıb: “Tikinti sektoru iqtisadiyyatın əhəmiyyətli sahəsidir. Son 20 ildə ölkə iqtisadiyyatının inkişafında əsas yükü, lokomotivi məhz bu sektor öz üzərinə götürüb. Buna görə də ipoteka kreditlərinin əhatə dairəsinin genişləndirilməsi yolu ilə bazarda tələbin artırılması, dəstəklənməsi və dolayı yolla tikinti sektorunda aktivliyin qorunub saxlanması məsələsi sənəddə yer alıb. 2016-cı ildə müvafiq sahə 27% dəyər itirmişdi. Ona görə də tikinti sektorunun dirçəldilməsi məqamı diqqətdə saxlanılır”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR