Karantin qaydalarını pozanlar 200 manat cərimə və ya həbs oluna bilər

Vətəndaşlar qaydalara riayət etmədən icazəsiz evdən çölə çıxarlarsa və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarsa, həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin qaydalarını pozduğu üçün inzibati tənbeh tədbiri tətbiq edilə bilər.

Metbuat.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib.

Onun sözlərinə görə, vətəndaşa qarşı cərimə növündə tənbeh tədbiri tətbiq edilə bilər.

Bu məbləğ fiziki şəxslər, yəni vətəndaşlar üçün 100 manatdan 200 manatadəkdir.

A.Qasımlı deyib ki, inzibati xəta törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona qarşı 1 ayadək həbs tədbiri də tətbiq edilə bilər.

Vəkil bildirib ki, əgər insan birinci dəfə küçəyə çıxarsa, polis əməkdaşı ona xəbərdarlıq edə bilər:

"Polis eyni şəxsi bir neçə dəfə saxlayıb onu bir neçə dəfə cərimələyirsə və görürsə ki, bu şəxs mütəmadi olaraq karantin qaydalarını pozur, belə hallarda şəxsin cərimə tədbiri ilə islah olunmadığı aşkar edildiyi üçün ona qarşı həbs tədbiri tətbiq oluna bilər".

Onun sözlərinə görə, karantin dövründə evdən çıxan hər bir vətəndaş şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir. Amma şəxsin üzərində şəxsiyyət vəsiqəsinin olmamasına görə cərimənin tətbiqi də nəzərdə tutulmayıb:

"Çünki elektron sistemlə şəxsiyyəti müəyyən etmək mümkün olur. Amma şəxsiyyət vəsiqəsi olmayan insanın şəxsiyyətini müəyyən etmək üçün sistemdə yoxlanış aparmaq vaxt itkisi yaradır. Buna görə də yaxşı olar ki, - bu, Nazirlər Kabinetinin müvafiq qərarında da göstərilib, - şəxs üzərində şəxsiyyət vəsiqəsini götürsün".

Aprelin 5-dən hərəkət məhdudiyyətlərinin tətbiq ediləcəyini xatırladan A.Qasımlı əlavə edib ki, həmin müddətdən Azərbaycan vətəndaşları yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə müvafiq indeks və şəxsiyyət vəsiqələrinin seriya nömrəsini 8103 nömrəsinə SMS-lə göndərməlidirlər. Əcnəbilər icazə almaq Azərbaycanda yaşamalarını təsdiq edən sənədin və ya həmin sənədin müddəti uzadıldığı halda onun nömrəsini qeyd etməklə SMS göndərə bilərlər.

Vəkil qeyd edib ki, insanlar bəzi hallarda SMS-in cavabını gözləməyə bilərlər:

"Əgər şəxs üçün həyati təhlükə yaranıbsa, evdə bədbəxt, kriminal hadisələr baş veribsə, o, SMS-in cavabını gözləməli deyil. Bu halda insanlar SMS məlumatı vermədən evdən çıxa bilərlər".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR