“Ermənistan Aprel döyüşlərinin təkrarlanacağından qorxur” - Aydın Quliyev

“Ermənistan Aprel döyüşlərinin təkrarlanacağından qorxur” - Aydın Quliyev
13:03 3 Aprel 2020
137 Digər
Ölkə mətbuatı
A- A+

Aprel döyüşləri Azərbaycanın hərbi və siyasi tarixində öz yeri olan bir səhifədir.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, savaşın hər ildönümündə onun doğurduğu hərbi, siyasi, beynəlxalq və diplomatik nəticələrin təsirini aydın şəkildə görürük: “Aprel döyüşlərindən sonra Azərbaycanın mövqeyi nöqteyi-nəzərdən həm diplomatiya sahəsində, beynəlxalq münasibətlərdə, Ermənistan ictimaiyyətinin Qarabağ probleminə baxışında, həm də bütövlükdə Ermənistanı indiyə qədər dəstəkləyən və ona müttəfiq sayılan ölkələrin davranışlarında nəzərəçarpacaq dəyişikliklər baş verdi. Bu savaş Azərbaycan xalqının döyüş və vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Dövlətin iqtisadi hərbi potensialının nümayişini gördük. Azərbaycan hakimiyyətinin Qarabağ probleminin həlli istiqamətində diplomatik və hərbi müstəvidə atdığı addımlara cəmiyyətimizdən birmənalı dəstək olduğunu müşahidə etdik. Bir sözlə, Aprel müharibəsində işğal olunmuş torpaqlarımızın əhəmiyyətli hissəsini geri qaytara bildik. Baxmayaraq ki, müəyyən beynəlxalq və başqa faktorların təsiri altında bu əməliyyatlar dayandı. Ancaq bütün dünyaya Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində Ermənistanın sona qədər cığallıq etdiyini, ölkəmizin Qarabağ probleminin həlli üçün çox ciddi alternativ vasitə olan hərbi üsula malik olduğunu nümayiş etdirdik. Azərbaycan Ermənistanı təcavüzkar ölkə olaraq yerində oturtmaq gücünə sahib olduğunu göstərdi və nəhayət Qarabağ probleminin həlli müstəvisində diplomatik mövqeyini möhkəmləndirdi. Fikrimcə, ermənilər Aprel döyüşlərinin bir daha təkrar olunmasından qorxmaqda heç də təsadüfi mövqe tutmurlar. Ermənistan yaxşı başa düşür ki, əgər Aprel döyüşlərinin yenidən təkrarlanmasına gətirib çıxaran hərəkətlərə yol versə, bu dəfə Azərbaycanın nailiyyətləri daha böyük olacaq. Həm də Azərbaycan başlanmış hərbi əməliyyatların başa çatdırılmadan dayandırılması kimi taktikaya çətin ki, əl atsın. Ona görə Aprel döyüşləri həm də Ermənistanın təcavüzkar ölkə olaraq planlarında ardıcıl və inadkar olmağına da sarsıdıcı zərbələr endirdi”.

Aydın Quliyev qeyd edib ki, Aprel savaşından daha böyük döyüşlərin ola biləcəyini istisna etmir: “Hətta buna zərurət kimi də baxıram. Çünki həm Aprel döyüşlərindən ötən dörd il ərzində qeyd etdiyim kimi, diplomatik şərti müstəvidə müəyyən uğurlu nəticələrimiz olsa da, təcavüzkar tərəf hələ də bəzi ziddiyyətli ideologiya və ritorikalarla Qarabağ probleminin həlli üzrə danışıqların başlanmasına heç cür getmək istəmir. Belə şəraitdə Azərbaycanın hərbi əməliyyatlara başlamaqdan başqa çarəsinin qalmayacağını deyə bilərik. Həm də unutmayaq ki, Aprel döyüşləri Azərbaycanın Ermənistanın təcavüzdən sonra yaranmış müvəqqəti atəşkəs dövründə törətdiyi təxribata cavab olaraq həyata keçirilib. Ancaq bu dəfə artıq xüsusilə də dörd ildə dünyada Azərbaycanın haqlı mövqeyinin sübut və qəbul olunması, torpaqlarımızın işğal olunması faktının bütün mötəbər tribunalarda etiraf edilməsi, ölkənin müharibəyə əl atacağı təqdirdə haqlı olacağı ilə bağlı dünyada yaranmış rəy var. Belə şəraitdə Azərbaycan təxribatlara yalnız hərbi əməliyyatlarla cavab vermək kimi yox, birmənalı olaraq Qarabağ probleminin həlli ilə bağlı hücum əməliyyatlarına başlaya bilər. Aprel savaşından da ağır və qalibiyyətli döyüşlərin ola biləcəyini istisna etmirəm”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR