ASCO evdən idarəetmə ilə fasiləsiz iş rejimini tam təmin edib

ASCO evdən idarəetmə ilə fasiləsiz iş rejimini tam təmin edib
13:47 3 Aprel 2020
113 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) fəaliyyətini koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ölkə üzrə aparılan sosial izolyasiya tədbirlərinə uyğun davam etdirir.
Bu barədə “Report” ASCO-nun məlumatına əsasən xəbər verir.
Məlumatda bildirilir ki, hazırda ASCO-da əməkdaşların sağlamlığına olan təhlükənin aradan qaldırılması əsas götürülərək bütün struktur və təşkilatlarda “işlərin evdən idarə olunması” (work from home) sistemindən istifadə olunur. Başqa sözlə, növbəli rejimdə çalışan məhdud sayda işçilərdən və üzən heyətdən başqa əmək funksiyalarını evdə yerinə yetirmələri mümkün olan digər şəxslər vəzifələrini hər təqvim günü olmaqla evdən icra edirlər. Əməkdaşlar bir-birilə ünsiyəti sosial media, elektron poçt və digər onlayn vasitələrin imkanlarından istifadə etməklə qururlar.
“İşlərin evdən idarəedilməsi” sistemi ilə işçilərin mart ayı üçün əmək haqqı hesablanıb, bank əməliyyatları aparılaraq maaşlar sahil obyektləri və gəmi təmiri zavodları üzrə əməkdaşların kart hesabına köçürülüb, şirkət üzrə vacib əmrlər verilib, sənədləşmələr icra olunub. Bütün bunlar son illər gəmiçilik sahəsində tətbiq olunan “SAP ERP” və “Elektron Sənəd Dövriyyəsi” kimi qabaqcıl proqram təminatı, eləcə də müasir texnologiyaların hesabına mümkün olub.
Qeyd edək ki, dəniz yolu ilə daşımalar, müxtəlif təyinatlı gəmilərin neft-qaz sənayesində iştirakı da əvvəlki qaydada davam etdirilir. Bu istiqamətdə indiyədək hər hansı maneə və fasilə yaranmayıb.
ASCO rəhbərliyi bir daha əməkdaşlara sosial məsuliyyətli davranmağa, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməyə çağırır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/asco-da-evden-idareetme-ile-fasilesiz-is-rejimi-tam-temin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR