Məşhur yazıçının heç yerdə dərc edilməyən hekayəsi - "Qonşumuz gənc bəstəkar"

Məşhur yazıçının heç yerdə dərc edilməyən hekayəsi - "Qonşumuz gənc bəstəkar"
16:53 3 Aprel 2020
179 Digər
Ölkə mətbuatı
A- A+

Publika.az xüsusi izolyasiya tədbirləri dövründə oxucularının asudə vaxtını faydalı keçirmək üçün "Kitabsevərlər" rubrikasına start verir.

Rubrikanın ilk buraxılışında Seyfəddin Dağlının "QONŞUMUZ GƏNC BƏSTƏKAR" hekayəsini təqdim edirik.

Xoş mütaliələr!

***

Səhər evdən çıxıb işə gedərkən mənzil idarəmizin müdiri qapıda məni qarşılayıb xeyli şən və əda ilə gülümsəyərək:

- Muştuluğumu verin, - dedi, - sizə təzə və yaxşı bir qonşu köçürürəm - gənc bəstəkar!

Eyni sevinclə dilləndim:

- Çox sağ olun!.. Adı nədir?

- Adını bilmirəm. Familiyasını dedilər, ancaq o da yadımdan çıxdı. Amma məşhur bəstəkardır.

Yeni qonşumun adını öyrənə bilməməyim məni biraz pərt etsə də, hər halda, bəstəkar həmxanalığı bizim mənzildə mühüm hadisə idi və bu müjdə bir musiqi həvəskarı kimi məni xeyli sevindirdi.

Və elə o gün həmin xoş xəbər özünü göstərdi; axşamüstü işdən evə qayıdanda pilləkənləri piano sədaları altında qalxdım. Bu yeni hadisə məni o qədər məmnun etdi ki, eşitdiyim musiqinin fərqinə belə varmadan, bütün yorğunluğumu unudub şən əhval-ruhiyyədə mənzilimə daxil oldum.

Lakin içəridə qəribə mənzərəyə rast gəldim.

Qoca atam adəti xilafına axşamdan yatağına girib yorğanı başına çəkmişdi. Südəmər körpə nədənsə çığırıb ağlayırdı. Uşağın anası reproduktorun səsini var qüvvəsi ilə buraxaraq elanları dinləyirdi. Divarın o biri tərəfindən - qonşu otaqdan isə məni hələ də pilləkən başında sevindirən piano səsləri eşidilirdi...

Bu qeyri-adi səhnə birdən-birə məni ayıldıb özümə gətirdi. "Salam" əvəzinə ilk sözüm: "Nə var, nə olub" - sualı oldu.

Arvad hirslə cavab verdi:

- Heç nə. Qonşuluğumuza çalğıçı köçüb!

- Çalğıçı yox, bəstəkar! - dedim.

Atam səsini ucaldıb təəccüblə soruşdu:

- Nəə? Bəstəkaar? Bu-u?!.

Etiraf edirəm ki, otağımızda yaranan fövqəladə mənzərənin və eşitdiyim sözlərin mənasını mən yalnız yatağa uzandıqdan sonra, qonşudan gələn qarmaqarışıq piano gurultusu altında gecə yarısınadək yata bilmədikdə anladım...

Sabahı atam yuxudan xeyli gec ayıldı və yatağının içində deyinməyə başladı:

- A kişi, zurna adamı dəng eləyir. Amma mən bu gecə gördüm ki, iş nə zurnada, nə də qavalda deyilmiş. İstəyir lap sinc-təbil vursunlar, təki hava yaxşı olsun. Musiqi ki, yaxşı oldu, düdkəşdə də çalınsa, adama ləzzət verər. Yox, əgər hava özü sarsaq oldu, onda istəyir tar yox, lap ney çal, yenə də dəngəsər olacaqsan. Heyif o piyəninədən!

Ehtiyatla soruşdum:

- Yenə nə olub məyər, a kişi?

- Daha nə olacaq? Bəs gecə eşitmədin təzə qonşun piyəninənin başına nə oyun gətirirdi? Səhərəcən yata bilməmişəm. Bir halda, vaxtilə balaban-tütək səsi altında o qədər şirin yuxular görmüşəm ki!.. Axı nə çalırdı bu bəstəkar?

- ?!

Səhər yuyunarkən dəhlizdə yeni qonşumla tanış oldum və gənc bəstəkarı çaya dəvət etdim. Lakin o, təkəbbürlə mənə təşəkkür edib öz otağına keçdi.

Təsadüfən evdən təzə qonşumla bərabər çıxdıq. İş elə gətirdi ki, yolumuz da bir səmtə düşdü. Mən bu fürsətdən istifadə edib gənc bəstəkarla söhbətə girişdim. Ancaq münasib mövzu tapa bilməyib namünasib yerdən başladım:

- Deyəsən gecə bizim uşaq sizi narahat etdi, - dedim, - Gərək bağışlayasınız, körpədir də, dil bilmir, söz qanmır...

Gənc bəstəkar yuxarıdan aşağı məni süzüb etinasız surətdə cavab verdi:

- Hə, zərər yoxdur, canım... Nə olar, qoy musiqi xəzinəmiz bir əsəri, bir gecə gec alsın... Hər halda, uşağınız mənim əsərlərimə alışdıqdan sonra rahat yatacaq!

- Bəli a, şübhəsiz. Yəqin ki, onda heç laylaya da ehtiyacı olmayacaq.

Onun gur səsi lapdan cırlaşdı:

- Nə? Laylay?! Laylay nədir, canım? Əl çəkin bu köhnəçilikdən! Yeni dövrün körpələri orkestr sədaları altında yuxulamalıdırlar!

- Bəli, əlbəttə. Siz düz buyurursunuz. Ancaq mənim atam uşağı laylaya öyrədib, həm də özü ona laylay çalır.

- Necə? Atanız uşağa laylay çalır??? Qəribədir!

- Bəli, çox qəribədir... Bilirsinizmi, bizim qoca köhnə xanəndədir. Eşitmiş olarsınız, əlli il oxuyub. İndi yetmiş yaşı var. Muğamat və xalq mahnılarını çox gözəl bilir. Hələ bəlkə o, sizə kömək də elədi, siz ondan istifadə də edə bilərsiniz.

Bu sözüm gənc bəstəkara bərk toxundu:

- Necə, necə?! Mən savadsız bir xanəndədən musiqi dərsi alım, muğamat öyrənim, xalq mahnıları yazım? Hi-hi-hi!.. Başa düşün ki, artıq elə şeylərin vaxtı ötüb. İndi əsrimiz simfoniya, romans, duet, suita əsridir.... Dünən bəstələdiyim suitanı eşitdinizmi? Onu fortepiano üçün yazırdım. Sizin köhnə xanəndə atanız yəqin ki, ondan heç bir şey başa düşməz. Ümumiyyətlə, indi camaatımızın musiqi kulturası çox aşağıdır. Biz gələcək nəsillər üçün yaradırıq. Siz isə daha doğrusu, sizin nəvə-nəticəniz bizi yalnız bir-iki əsrdən sonra dərk edə bilər. Bəli... Hələlik xudahafiz! Mən buradan sola dönməliyəm....

Gənc bəstəkar məndən ayrılıb getdi. Mən də həsrətlə onun ardınca baxaraq: "Niyə bu yeni musiqi əsərlərini başa düşəcək qədər mədəniyyətim yoxdur?!" - deyə acı bir təəssüf, ağır bir kədərlə işimə yollandım.

Axşam yenə də qonşum öz qaydası ilə pianonu döyəcləyirdi. O çaldıqca körpə yatmayıb çığırır, qoca əsəbi halda qapını çırparaq tez-tez otaqdan eyvana çıxıb, eyvandan mətbəxə girirdi. Birdən atam guya bütün bu həngamənin baisi mən imişəm kimi acıqla qarşımda durub çığırdı:

- Axı bir məni başa sal görüm, bu, nə çalır ey?

Mən donuxmuş halda gözlərimi döyüb çiyinlərimi atdım, deməyə bir söz tapa bilmədim. Bu hərəkətim kişini lap hövsələdən çıxardı. O, səsi titrəyə-titrəyə:

- Bəlkə qocaldığım üçün mənim musiqi hafizəm pozulub, zövqüm korlanıb, zəmanədən dala qalmışam, təzəni başa düşmürəm, hə? - dedi. - Sən ki cavansan, yeni adamsan, zəmanə uşağısan, bir məni başa sal görüm, axı bu nə havasıdır?

Atamın axırıncı sözü məni bir qədər ürəkləndirən kimi oldu. Səhər küçədə gənc bəstəkardan eşitdiyim cümləni mexaniki olaraq təkrar etdim:

- Suita, fortepiano üçün...

Sözüm ağzımdan çıxıb qurtarmamış qoca qeyri-adi bir səs çıxarıb:

- Nə?! - deyə soruşdu. Sonra uzun bir qəhqəhə çəkib əlavə etdi:

- Əlli il xanəndəlik elədim, muğamatın əlif-beyini tutuquşu kimi əzbərlədim, saysız-hesabsız təsniflər, xalq mahnıları oxudum, el havalarını öyrəndim. Təzə yazılan nə qədər musiqiyə ləzzətlə qulaq asdım. Ancaq nə piyəninədə, nə də zurnada belə hava eşitmədim. Bir də, balam, o havanı ki qonşun çalır, suiti eşitsə, içməmiş də elə piyan olar da! Ha-ha-ha!...


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/309664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR