Görkəmli alim, pedaqoq

Görkəmli alim, pedaqoq
20:08 17 Yanvar 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Yanvarın 18-i görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadənin doğum günüdür.
Azərbaycan təhsilinin, elminin inkişafında əvəzsiz xidmətləri olmuş M.Mehdizadə mənalı ömür yolu keçib. O, 1903-cü ildə Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub. Cəbrayılda pedaqoji kurs keçib, 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və bir müddət Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbdə fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.
M.Mehdizadə 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış M.Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək, səmərəli fəaliyyət göstərib. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (1967) olub.
Görkəmli təhsil qurucusu və təşkilatçısı akademik M.Mehdizadə pedaqogika və təhsilə dair çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Onun yaxından iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət “Pedaqogika” dərs vəsaiti hazırlanaraq nəşr olunub.
Alimin elmi yaradıcılığı əsasən təlimin təşkili, dərsin qurulması və aparılması məsələlərinə, məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına həsr edilib. Onun elmi əsərlərinin bir qismi Azərbaycanda 1920-ci ilədək olan məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı pedaqoqların pedaqoji fəaliyyətinin öyrənilməsinə həsr edilib. M.Mehdizadə ilk dəfə olaraq Azərbaycanda, eləcə də bütün Qafqazda fəaliyyət göstərən, təlim rus dilində olan məktəblərin açılmasını çar Rusiyasının siyasi məqsədləri, istilaçılıq niyyəti ilə əlaqələndirib, eyni zamanda rus məktəblərinin mütərəqqi rolunu da göstərib.
Görkəmli pedaqoqun ən böyük xidmətlərindən biri Azərbaycanda məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 20-30-cu illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən vahid əmək politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi, kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qollarını təşkil edir.
Elmimizə, təhsilimizə dəyərli töhfələr vermiş akademik M.Mehdizadə səmərəli xidmətlərinə görə yüksək mükafatlara layiq görülüb.
Görkəmli alim və pedaqoq M.Mehdizadə 1984-cü ildə dünyasını dəyişib. Onun işıqlı xatirəsi ürəklərdə zaman-zaman yaşayacaqdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR