Dövlət hansı tələbənin təhsil haqqını ödəyəcək? -

Məlum olduğu kimi sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək. Bu qərar Nazirlər Kabinetinin təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

Sənədə əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb. Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

Qərar qüvvəyə mindiyi gündən əksər tələbələr dövlətin bu yardımının ona aid olub olmaması ilə maraqlanır. Metbuat.az təhsil üzrə ekspert Kamran Əsədov ilə bu mövzu ətrafında müsahibə aparıb. Ekspert bildirdi ki, hal-hazırda mövcud terminə görə sosial həssas qrup, əmək qabiliyyəti olmayan və ya əlillik statusuna malik olan şəxslər hesab olunur.

''Sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək deyəndə bura yalnız əlilliyi olan şəxslərə şamil olunmayacaq. Düşünürəm ki, ailə üzvlərindən hər hansı biri əlil olmayan, amma uşağı təkbaşına böyüdən, oxudan analar, hər iki valideynini itirmiş təhsil alanlar, sosial müavinət alanlara da şamil olunmalıdır. İqtisadi böhran şəraitində bu qrupun çevrəsi bir az da genişlənir ki, düşünürəm ki, bizdə də bu tətbiq ediləcək.

Kamran müəllim yaş məhdudiyyəti nəzərə alınıbmı? Subbakalvrlar da bu qərardan yararlana bilərmi?

'' Burada hər hansı bir yaş məhdudiyyəti tətbiq edilmir və qəbul olma formasından asılı olmayaraq, həm dövlət, həm də özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr bundan yararlanacaq. Onlar hal-hazırda oxuduqları ikinci semestr üçün və növbəti tədris ili üçün təhsil haqqı güzəşti əldə ediblər.''

Elə tələbə var ki, təhsil haqqını tam ödəyib. Bəs onlar nə etməlidir?

''Bu müzakirə olunur. Çox güman ki, ödənişlər qaytarıla bilər. Təcrübədə bu olub.''

Qərarın icrası necə aparılacaq? Tələbələr nə etməlidr?

''Bunun üçün onlar dərslər açılandan sonra lazım olan sənədləri təhsil aldıqları universitetə təqdim etməlidir.Xatırladım ki, bu prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək.Tələbələr 142 nömrəsinə zəng edib məlumat ala bilərlər.''


Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR