Qohumunu 100 manata görə bıçaqladı

Qohumunu 100 manata görə bıçaqladı
20:37 17 Yanvar 2015
186 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində Culfa rayonu Saltaq kənd sakini, 1974-cü il təvəllüdlü Əqil Əli oğlu Əliyevin məhkəmə prosesi başlayıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edir.
 
İstintaqla müəyyən edilib ki, 2014-cü il, sentyabr ayının 9-da Bakı şəhəri, Qala qəsəbəsindəki “Qala” kafesinin həyətində Əqil Əliyevlə Ceyhun Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Əqil Əliyev bıçaqla Ceyhun Quliyevə iki dəfə zərbə endirib. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
 
Təqsirləndirilən şəxs qismində dindirilən Əqil Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Qala qəsəbəsində kafe icarəyə götürüb işlətdiyini göstərib: “Gecə iş yerində qalmışdım. Səhər tezdən kafedə xidmət edən Könül adlı qadın məni yuxudan oyatdı. Dedi ki, Tərlan adlı şəxs 100 manat pulunun kafedə itməsi ilə bağlı mübahisə edir, gəl onu evlərinə yola sal. Tərlanla qohumuq. Həyətə düşəndə gördüm ki, Tərlan içkilidir. Ona başa saldım ki, xadiməyə əlavə pul verməyib, bəlkə pulunu haradasa salıb itirib. Bu vaxt Tərlanı axtaran qardaşları - Ceyhun və Əsgər də gəldilər. Eyni şeyi onlara da dedim. Tərlanın yalan danışdığını bildirdim və söyüş qoydum. Bu səbəbdən Ceyhun mənimlə mübahisəyə başladı. Əlbəyaxa olduq. Üstümdəki bıçaqla Ceyhuna bir dəfə zərbə vurdum. Qardaşlar bıçağı əlimdən almağa çalışırdılar. Mənsə onları bıçaqla qorxudub qaçmaq istəyirdim.
 
Hadisə yerinə Ceyhunun böyük qardaşı da gəldi və bıçağı əlimdən aldı. Dalaşma zamanı xəsarət aldığım üçün xəstəxanada mənə yardım göstərdilər”.
 
Zərərçəkmiş şəxs qismində dindirilən Ceyhun Quliyev ifadəsində qardaşı Əsgər və Tərlanla birlikdə günəmuzd fəhlə işlədiklərini deyib: “Qala stansiyasında qardaşım Hafizə məxsus evdə yaşayırdıq. Hadisə baş verən gün qardaşım evə gəlməmişdi. Səhərə yaxın qardaşım Əsgərlə məni Tərlanı axtarmağa göndərdi. Kafeyə gəldik, heç kim yox idi. Həyət tərəfdən səs gəldiyini eşidib ora keçəndə qardaşımla kafenin icarədarı Əqilin mübahisə etdiklərini gördük. Tərlan Əqilə ya pulunun kafedə itdiyini, ya da xadiməyə 100 manat artıq verdiyini deyirdi. Əqil söyüş qoyanda özümlə onun arasında mübahisə düşdü, bıçaqla məni vurdu. Qardaşım Hafiz məni xəstəxanaya apardı”.
 
Şahid qismində dindirilən Tərlan Quliyev ifadəsində səhərə yaxın xadiməyə 40 manat verib kafedən getmək istədiyini, amma cibində 100 manat pulun əskik olduğunu gördüyünü bildirib: “Xadimə pulu artıq almadığını dedi. Evə getmək üçün həyətə düşəndə Əqil gəlib çıxdı, mübahisə elədi. Qardaşım Ceyhunu bıçaqla vurdu”.
 
Məhkəmə prosesi davam edir.
 
Onu da qeyd edək ki, Əqil Əliyevin adı DİN-in yaydığı başqa bir xəbərdə də neqativ planda keçir. Belə ki, ötən il may ayının 12-də DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Xəzər rayonundakı kafelərin birində əxlaqsızlıq yuvası aşkar edilməsi ilə bağlı məlumat yaymışdı. Məlumata görə, əxlaqsızlıq yuvası rayonun Qala qəsəbəsində aşkarlanıb. Culfa rayon sakini Əqil Əliyevin “Köhnə Qala” kafesində əxlaqsız yuvası təşkil etməsi müəyyən edilib. Əməliyyat nəticəsində kafenin gizli otaqlarında qadınların fahişəliyə cəlb edilməsi faktları aşkar olunub...
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR