Haruki Murakami: "Görəsən mən nə vaxt böyüyəcəm?" - MÜSAHİBƏ

Haruki Murakami: "Görəsən mən nə vaxt böyüyəcəm?" - MÜSAHİBƏ
20:52 17 Yanvar 2015
319 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az "Oxu Zalı"na istinadən tanınmış yapon yazıçı Haruki Murakami ilə söhbəti təqdim edir
- Cənab Murakami, siqareti və içkini sevirsiniz?
 
- Daha siqaret çəkmirəm, 25 il olar tərgitmişəm.
 
- Qəhrəmanlarınızın az qala hamısı siqaret çəkir, adama elə gəlir ki, siz siqareti sevən bir yazarsınız...
 
- “Qoyun ovu” kitabımı yazanda hələ çəkirdim. Sonra tərgitdim və növbəti kitablarda artıq siqaret çəkənlərin sayı azalmağa başladı.
 
- “Pinbol 1973” də, az qala hamı çəkir...
 
- Onu çoxdan yazmışam, içkiyə gəldikdə isə, əlimə nə düşsə içirəm.
 
- Tünd, yoxsa yüngül içkilər?
 
- Yox-yox, tünd içkilərdən uzaq durmağa çalışıram, onlar dərhal yuxu gətirir. Ümumiyyətlə hər gün saat 9-10 arası yatıram və yatmazdan əvvəl mütləq bir qədər içirəm.
 
- Açıq danışdığınız üçün təşəkkürlər. İndi icazənizlə söhbətimizin daha ciddi hissəsinə keçək. Müsahibədən əvvəl yaradıcılığınızın vurğunu olan üç moskvalı tələbədən sizin haqda rəy öyrənmək üçün kiçik bir tədqiqat apardım. Belə bir sual qoymuşdum: “Murakaminin kitablarında sizi ən çox nə cəlb edir?” Cavablar aşağıdakı kimi oldu:
 
1) Sanki, onun əsərləri sona kimi yazılmayıb, əsərin sonunu özün düşünməli olursan, danışılmamış nəhəng bir hissənin necə olacağını beynində götür-qoy edirsən; 2) Onun kitablarında nə isə bir sirr var; 3) Müəllif kitablarında Yaponiyadan bəhs etsə də yaponların bizə necə çox bənzəməsinə heyrət edirsən; 4) Onun stili yüngüldür, oxucudan xüsusi baş sındırmaq tələb etmir; 5) Hamı oxuyur deyə oxudum. Siz bu fikirləri necə şərh edərdiniz? 
 
- Sonuncu fikir haqda deyim ki, dünyada başqalarının rəyini nəzərə alıb kitab oxuyanlar daha çoxdur. Təhkiyəyə gəldikdə isə, mənim klassik təhkiyə üslubundan xoşum gəlmir, orada bir başlanğıc, hadisələrin inkişafı və bir son nöqtə var. Mən əvvəli və sonu bilinməyən əsərləri sevirəm. Bunun üçün də əsərdən çıxan son nəticəni, həmişə oxucu üçün açıq qoyuram, qoy o bu haqda düşünsün.
 
- Sizin qəhrəmanlarınız tez-tez Kantın “Təmiz şüurun tənqidi” əsərini oxuyur. Siz özünüz bu kitabı sevirsiniz? Yoxsa bu bir növ ədəbi priyomdur?
 
- Onu oxumağı çox sevirəm...
 
- Yatmazdan öncəmi?
 
- Yox, yox. Ümumiyyətlə kitab oxumağı sevirəm, tez-tez ordan sitatlar gətirirəm. Bu bir növ zövq aldığım məşğuliyyətdir. Eyni şeyi musiqi haqda da deyə bilərəm, tez-tez onun haqda yazıram. Yazarkən, musiqi dinləyəndə, yazı daha təbii alınır.
 
- Ancaq “təbiilik”dən danışırıqsa, sizin əsərlərinizdə oxucunun özünü zorla inandırdığı məqamlar az deyil. Orda uydurmalar, fantastika çoxdur. Sizin kitablarınızdakı sadə hadisələr Kantın əsərlərinə heç bənzəmir...
 
- Ola bilsin bənzəmir, amma kitabıma hadisələrin gedişi ilə heç bir əlaqəsi olmayan epizodları salmağı sevirəm. Əgər əsərdə ancaq “söhbətə dəxli olan” şeylər verilsə, o, sıxıcı və darıxdırıcı olar. Hadisələri bir-birinin arxasınca düzəndə isə, mətnin mənası külək kimi tezcə üfürülüb gedir.
 
- Kitablarınızın birində deyilir ki, insan özü ilə başqaları arasında məsafəni böyütmək üçün yazır. Doğrusunu desəm, sizin qəhrəmanlara baxanda, onların həddsiz tənha, başqa insanlardan qopmuş bir həyat sürdüyü sezilir. Bir qədər nəzakətsiz də olsa, istərdim soruşum, bu sizin öz əhvalınızı əks etdirmir ki? Yoxsa bu, yaponların indiki həyat tərzinə işarədir?
 
- Düzünü desəm, bu mənim öz əhvalımdır.
 
- Bağışlayın, siz evlisiniz?
 
- Hə, özü də otuz beş ildir.
 
- Heç vaxt ayrılmamısınız ki?
 
- Hələ ki yox.
 
- Bu sualı ona görə verirəm ki, sizin qəhrəmanlarınız ya tənhadır, ya ayrılıblar, ya da ayrılma ərəfəsindədirlər. Onların bütün şəxsi münasibətləri bir növ müvəqqətidir. Belə bir halın səbəbi nədir? Bəlkə kitablarınızda, yaşamaq istədiyiniz başqa həyat arzunuzu gerçəkləşdirirsiniz?
 
- Belə deyil, qəhrəmanlarımın həyatı mənə dolayı yolla aid ola bilər. Onlar təhkiyənin gedişində ortaya çıxırlar, çünki özləri ayrıca varlıqlar kimi yaşayırlar. Mənim təhkiyə vasitəsilə dünyaya deməyə çalışdıqlarıma neytral yanaşmaq lazımdır. Əgər, mətnə arvadım və uşaqlarım kimi şəxsi motivlərimin əsasında yanaşsam, hadisələrin gedişatı tezliklə dalana dirənər. Bununçün də neytral olmaq, hər şeyə soyuqqanlı yanaşmaq lazımdır ki, şəxsi həyatın əsərə sirayət etməsin. Yazarkən məhz belə mövqedən çıxış edirəm.
 
​- Yazarkən, kitablarınızı kimlərin oxuyacağını göz önündən keçirirsinizmi?
 
- Xeyr, heç ağlıma da gətirmirəm.
 
- Baxın, Rusiyada aparılan sorğulara görə sizi 20 yaşdan aşağı və 50 yaşdan yuxarı adamlar oxuyur. Orta yaşlı adamlar demək olar ki, sizin nəsrlə maraqlanmır.
 
- Yaponiyada isə, oxucularım 20-30 yaş arası insanlardır. Maraqlı bir məqamı sizinlə bölüşüm, iyirmi il öncə mən yazmağa başlayanda, hər şey elə indiki kimiydi. Mən yaşlanmışam, amma oxucular yox. Əlbəttə, əvvəl məni oxumuş adamlar indi də oxuyurlar. Xeyli belə hal bilirəm ki, məni öncə ana oxuyub, sonra qızına verib, sonra onlar birlikdə oxuduqlarını müzakirə ediblər. Bir sözlə məni kimlərin oxuduğunu bilmirəm. Amma yenə də gənclərin məni oxuması çox xoşdur. Mən 29 yaşımda yazmağa başlamışam, hələ də düşünürəm: görəsən mən nə vaxt böyüyəcəm? Elə indi də bu haqda düşünürəm. Bir tərəfdən də Yaponiyada 20-30 yaş arası adamlar tərəfindən maraqla qarşılanmağım, mənim üçün çox xoşdur.
 
Mənim yaşımda adam üçün, indiki vaxt, möhkəmlənmək, yaxşı vəzifəyə keçmək və özünə stabil həyat tərzi qurmaq dövrüdür: bu yaşda adamların qulluq mövqeyi yüksəlir, ailəsi, uşağı olur... Mənsə heç yerdə işləmirəm, uşaqlarım da yoxdur... Bəs yaşlılığım nə vaxt müəyyən olunacaq? Mənə elə gəlir, kitablarımda hələ həyatda mövqe qazanmamış 20-30 yaşlıların yaşantısını əks etdirə bilirəm. Halbuki, mən daha yaşlıyam.
 
- Əsərlərinizdə coğrafi adlar demək olar ki, yoxdur. Əgər Yaponiyadan bəhs olunursa, orda sadəcə Hokaydo adasının adı çəkilir, əgər Tokiodan bəhs olunursa Sindzyuki rayonunun adı çəkilir. Qəhrəmanların yaşadığı, ya da gəlib düşdüyü şəhərlərin adı yoxdur, hələ heç qəhrəmanların öz adları da yoxdur. Bir çox yapon bu sualı verir: Murakami kiminçün yazır, yaponlar üçün, yoxsa xaricilər üçün?
 
- Bəli, məsəlçün “Qoyun ovu” və “Dünyanın sonu”nunda hadisələr yad, neytral, Yaponiyadan kənar bir ölkədə baş verir, lakin sonralar hər şey dəyişdi, mən bilərəkdən “Yaponiyanın daxilindən” yazmağa başladım. Burda istiqamətim tam dəyişdi. Ümumiyyətlə, erkən kitablarımı son kitablarımdan tamam fərqli oxumaq lazımdır. Özüm bunu hiss edirəm və oxucularıma məsləhət görürəm.
 
- Kitablarınızın birində, - deyəsən “Küləyin səsini dinlə!” adlanır – deyilir ki, hər kəs dünyaya bir şeylər çatdırmağa can atır. Bəs siz dünyaya nə demək istəyirsiniz? Ümumiyyətlə, siz, məqsədli şəkildə nəyisə çatdırırsınız, yoxsa bu təbii özünüifadə şəklidir?
 
- Mən povestlər yazıram, onlar isə təbii olaraq, daxilimdən axıb gəlir. Bunun üçün də, hansısa əsərin nə üçün yazıldığı, nə mesaj verdiyini demək mənim borcum deyil, bu sualların hamısının cavabı mətnin özündə var.
 
Ancaq həm də mənimlə mətn arasında müəyyən bir bağ da var, həmçinin belə bağ mətnlə oxucu arasında da var və mən bu bağın nədən ibarət olduğunu müəyyən etmək gücündə deyiləm. Beləliklə, mən, mətn və oxucudan ibarət bir üçbucaq yaranır, povestimin bütün məzmunu məhz bu üçbucaqda toplanır. Bir sözlə, oxucunu istədiyim kimi düşünməyə vadar edə bilmərəm.
 
Sadəcə, oxucunun kitabımı məhz mənim istədiyim kimi qəbul etməsini istəməyə haqqım yoxdur. Biz eyni tezliklərdə düşünməyə bilərik. Yazıçı olmağıma baxmayaraq, bu, mətni oxucudan daha “yaxşı” anlayacağım anlamına gəlməz. Əgər siz mətni şəxsi nöqteyi-nəzərinizlə qiymətləndirəcəksinizsə, bu mətnlə sizin aranızda olan bir şeydir, buna heç nə deyə bilmərəm.
 
- Bəs özünüz əsərlərinizi necə qiymətləndirirsiniz? Kitablarınızda belə ifadələrlə qarşılaşıram: əgər yüksək ədəbiyyat və sənət istəyirsinizsə, yunanları oxuyun. Bəs öz yazdıqlarınızı necə, klassik ədəbiyyata aid edirsinizmi, yoxsa hələlik aid etmirsiniz?
 
- Sitat gətirdiyiniz fikri, ən erkən əsərlərimdə yazmışam. O zamanlar hələ, povesti necə yazmaq gərəkdiyini bilmirdim. İndi bilirəm. “Küləyin səsini dinlə!”, “Pinbol 1973” mənim üçün, etüd, qələm təcrübəsi oldu. Düzünü desəm, heç orda nələr yazdığımı xatırlamıram da. Bununla belə mənim yazıçı karyeram “Qoyun ovu” ilə başlayıb. Həm də Rusiyada əsərlərimin ardıcıllıqla çap olunub-olunmadığını bilmirəm, bunun üçün də orda üslubumun təkamülünü izləmək çətin olacaq.
 
- Üslubda belə yüksəliş hər zaman olacaq, yoxsa artıq lazımi yüksəkliyə qalxıbsınız və düz yolla irəliləyirsiniz?
 
- Bilmirəm.
 
- Bəs, siz yazmağa davam edəcəksiniz, yoxsa nailiyyətlərinizlə kifayətlənirsiniz?
 
- Mənim hədəfim “Karamazov qardaşları”dır. Onun kimi bir şey yazmaq zirvə nöqtəsinə çatmaq deməkdir.
 
- Buna nə vaxt başlayırsınız? Yoxsa artıq yazmağa başlamısınız? Ya da hissə-hissə yazıb, sonra birləşdirəcəksiniz?
 
- Xeyr, bu, gələcəyin işidir. Onu ən axırda yazacam. “Karamazovlar”ı 14-15 yaşımda oxumuşam, ondan bəri dörd dəfə təkrar oxumuşam. Hər dəfə ondan dərin zövq alıram. Mənim aləmimdə bu, ideal bir əsərdir.
 
- Bəs, rus ədəbiyyatından Dostoyevskidən başqa kimləri oxuyubsunuz?
 
- Demək olar, hər kəsi oxumuşam. 14 yaşımdam 20 yaşıma qədər ancaq rus ədəbiyyatı oxumuşam.
 
- Onların arasında ruhunuza ən yaxın olan kimdir?
 
- Sözsüz ki, Dostoyevski. “Cinlər” də güclü əsərdir, ancaq “Karamazovlar”a heç nə çata bilməz.
 
- Bəs yaponlar üçün Dostoyevski çox “ağır” deyilmi?
 
- Ola bilsin “ağır”dır, ancaq mən ən yaxşı əsərlərimi məhz o dərinlikdə yazmaq istərdim.
 
- Rusiyadakı oxucularınıza nə isə demək istərdinizmi?
 
- Yuxarıda dediyim kimi, rus ədəbiyyatını çox sevirəm, bəlkə elə buna görə Rusiyada oxunmaq mənimçün ikiqat xoşdur. Ümüd edirəm, növbəti yazdığım əsərlər də rus dilinə çevrilər.
 
- Cənab Murakami, yazmaq üçün sizə kabinetdə tək qalmaq bəs edir, yoxsa harasa getmək, müşahidələr aparmaq, insanlarla görüşmək, ölkədən çıxmaq, bir sözlə yeni təəssüratlar qazanmaq lazımdır? Yoxsa bütün mövzuları və təəssüratları daxili aləminizdən alırsınız?
 
- Ümumiyyətlə, kitab yazmağa sərf edəcəyim vaxtım çox azdır. İki il ərzində yazmağa cəmi 7-8 ay vaxt sərf etmişəm. Yazmaqdan əlavə, həm də yaşamaq lazımdır, mən ölkədən kənara da çıxıram, konsertlərə də gedirəm, kitab da oxuyuram. Adi insan həyatı yaşayanda ətrafda o qədər hadisələr baş verir ki! Hansısa bir məqamda öz-özünə deyirsən: axı, mən yazmalıyam – və yazırsan. Əlbəttə, yazmağa başlayarkən müəyyən hazırlıq dövrü keçməlidir, ancaq bu dövrü heç hiss etmirsən də.
 
Əgər əziyyət çəkirsənsə, mütləq bir şeylər alınır. Bax, bir aylığına cənub qütbünə getdim, gözəl təəssüratlarla qayıtdım. Mütləq deyil ki, harasa gedəsən, sadəcə küçələrdə gəzə bilərsən, eyni nəticə alınacaq. Yazmağa hazırlıq dövrü elə dövrdür ki, cürbəcür şeylər səni özünə cəlb edir. Yazıçının yazmaq üçün mütləq harasa getməsi, kimlərləsə tanış olması elə də vacib deyil.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/50916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR