İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib - İlham Əliyev

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib - İlham Əliyev
17:03 10 Aprel 2020
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında deyib.

Bildirib ki, Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir.

Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.

On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.

Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.

On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.

Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır.

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/310380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR