.

Prezidentə ünvanlanan məktublarda koronavirusa qarşı görülən tədbirlər yüksək qiymətləndirilir

Prezidentə ünvanlanan məktublarda koronavirusa qarşı görülən tədbirlər yüksək qiymətləndirilir
13:43 11 Aprel 2020
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır, dövlətimizin başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.

Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları məktublarda ifadə edirlər.

Publika.az Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Gəncə şəhərinin sakini Seymur Məmmədov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bu cür ifadə edir: “Dünyanı sarsıdan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Bəzi ölkələr vəziyyətə biganə yanaşdığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda zamanında mühüm tədbirlər görüldü.

Hazırda ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısı operativ şəkildə alınır, bu istiqamətdə mühüm işlər görülür. Dünyada hər keçən gün pandemiya ilə bağlı vəziyyət dəyişir və Sizin rəhbərliyinizlə ölkəmizdə proseslərə çevik reaksiya verilir. Dövlət tərəfindən əhaliyə bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Bir vətəndaş kimi xalqa yüksək qayğınız üçün Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq”.

Zaqataladan Fizzə Mahmudova ölkəmizə Prezident İlham Əliyev kimi müdrik, uzaqgörən siyasi xadimin rəhbərlik etməsinə çox sevindiyini bildirir. Azərbaycanda dövlətimizin başçısının rəhbərliyi ilə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görüldüyünü, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəslin formalaşdığını qeyd edən Fizzə Mahmudova yazır: “Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Xalqımızın birliyi sayəsində bu çətinliyin öhdəsindən gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Zaqatala gəncləri adından Sizə təşəkkür edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun sakini Azad İbrahimov isə Prezident İlham Əliyevə minnətdarlığını bu sözlərlə çatdırır: “Bizim ailəmiz Sizi daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bu siyasətin uğurlarını yalnız vətən xainləri görməyə bilərlər.

Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq və ölkəmiz tezliklə Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin”.

Gəncə şəhərinin sakini Kəmalə İsmayılova yazır: “Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz. Siz həmişə bizi, xalqımızı düşünürsünüz.

Çox hörmətli Prezident, inanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə sona çatacaq, Sizin qayğınız və səyləriniz nəticəsində Azərbaycanımız bu böhrandan minimum ziyanla çıxacaq. Bu gün biz Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq həmişə Sizinlə olduğumuzu və koronavirusa birlikdə qalib gələcəyimizə əminliyimizi bildiririk. Biz Sizinlə qürur duyuruq. Allah Sizi qorusun, daim var olun. Azərbaycanımızın daha da inkişafı naminə bütün işlərinizdə Sizə uğurlar diləyirik”.

Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsinin sakini Validə Zeynalova dünyanı koronavirus epidemiyasının bürüdüyü və hər gün müxtəlif ölkələrdə çoxlu sayda insan ölümünün baş verdiyi bir zamanda Azərbaycanda bu yoluxucu xəstəliyə qarşı ciddi mübarizənin aparılmasının dövlətimizin başçısının əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyi yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayır. O yazır: “Mən Birinci vitse-prezident, çox hörmətli Mehriban xanımın “Hər uşağa ailə gərəkdir” təşəbbüsünə qoşularaq, övladlığa uşaq götürmüşəm və ana kimi şərəfli ad daşıyıram. Hazırda oğlumla bir yerdə yaşayıram.

Cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın aztəminatlı ailələrə, xüsusilə məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Silahlı Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi hər birimizdə tezliklə böyük Qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan az itki ilə qurtulacağıq. Sizə və Mehriban xanıma, övladlarınıza və nəvələrinizə cansağlığı arzulayıram. Allah Sizi qorusun”.

Bakı şəhərinin sakini Aydın Kazımzadə həmişə olduğu kimi, indiki çətin günlərdə də dövlətimizin başçısının gündəlik çoxşaxəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha sübut etdiyini vurğulayaraq yazır: “Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Cənab Prezident, dünyada tüğyan edən pandemiyanın görülən bu işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına ölkəmizdə daha geniş yayılmasının qarşısının alınacağına və bu bəladan mümkün qədər az itkilərlə qurtulacağımıza inanıram. Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını bir daha birliyə və həmrəyliyə dəvət edirəm. Biz birlikdə güclüyük!”

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri Əlbaba Həsənov, Rabil Hüseynov və Əlizamin Cəlalov Prezident İlham Əliyevin ən çətin məqamlarda hər zaman hər bir vətəndaşın yanında olduğunu atdığı addımlarla, verdiyi qərarlarla sübut etdiyini, bu günlərdə bunu bir daha göstərdiyini dövlətimizin başçısına ünvanladıqları məktubda qeyd edirlər. Məktubda, həmçinin deyilir: “Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın qorunması üçün fəaliyyət göstərən tibbi heyətin və digər şəxslərin məvaciblərinin artırılması bir daha dövlətin hər bir vətəndaşının əməyini vaxtında qiymətləndirdiyini, onlara dəyər verməsini göstərir.

Bu pandemiya bütün dünyada bir sıra problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi nümunəsi Azərbaycana aiddir. Bu, Sizin humanistliyinizdən irəli gəlir. Buna görə Sizə təşəkkür edirik.

Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən gəlib. İnanırıq ki, hazırkı narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenindən öz axarına düşəcəkdir”.

Türkiyənin Kırıkkale şəhərində təhsil alan azərbaycanlı tələbə Marina Abdurahmanova onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirir. O yazır: “Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi bizə həm maddi, həm də mənəvi kömək oldu. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Belə çətin günlərdə bu qayğınız bizi çox sevindirdi. Vətəndən kənarda olsaq da, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirdiniz. Çox qürurverici bir hissdir. Türkiyədə olan bütün tələbələrin adından Sizə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, əziz Prezidentimiz!

Əminik ki, birgə səylər nəticəsində bu bəla da tarixə qovuşacaq, ölkəmiz bu çətin günləri minimum itki ilə başa vuracaqdır. Sizə cansağlığı arzu edirəm”.

Daşkəsən rayonunun sakinləri Etibar Verdiyev, Əli İsmayılov, Aybəniz Vəliyeva və Vüsal Haqverdiyev Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən bütün lazımi tədbirlərin həyata keçirildiyini, bu bəladan yalnız güclü sosial təcrid və verilən tövsiyələrə ciddi əməl etməklə xilas olmağın mümkünlüyünü bildirərək yazırlar : “İnanırıq ki, xalqımız bu işdə sonadək həmrəylik nümayiş etdirəcək və koronavirus mövzusu tezliklə tarixin yaddaşına köçəcəkdir. Biz daşkəsənlilər bütün tələb və tövsiyələrə ciddi əməl edirik və xalqımızı bir daha diqqətli, məsuliyyətli olmağa səsləyirik.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Əminik ki, Sizin səmərəli fəaliyyətiniz və xalqımızın həmrəyliyi sayəsində bu pandemiyanın Azərbaycana təsiri çox da böyük olmayacaq. Gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizdə həyatın tezliklə yenidən öz axarına düşməsini və Azərbaycanın inkişaf yolunu davam etdirməsini arzulayırıq”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrini və təşəbbüslərini dəstəklədiklərini bildirərək yazır: “Cənab Prezident, Sizin rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz dəyərli töhfəsini verəcəkdir”.

Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamına əsasən yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı bir qrup məhkumun əfv olunmasına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Laçın rayonundan məcburi köçkün İnşallah Əsədov yazır: “Bu Sərəncamınız bir daha Sizin böyüklüyünüzü, çətin günlərdə hər kəsi düşündüyünüzü göstərdi.

Böyük humanistlik nümayiş etdirdiyinizə, bununla da on minlərlə vətəndaşı sevindirdiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addımınız ölkədə ictimai həmrəyliyi, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir. Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun”.

Masallı rayonunun sakinləri Azər Soltanov, Adil Fərzullayev və Güllübəyim Rəhimova dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərin təqdirəlayiq olduğunu qeyd edərək yazırlar: “Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/310451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR