Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Zirvə Toplantısı tarixi bir hadisədir - ŞƏRH

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Zirvə Toplantısı tarixi bir hadisədir - ŞƏRH
16:43 11 Aprel 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası Zirvə Toplantısı şura üzvlərinin həmrəyliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib bir tarixi hadisə kimi yadda qaldı".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm şuranın fəaliyyəti, həm də beynəlxalq təşkilatların tarixində videokonfrans vasitəsilə zirvə toplantısı keçirməklə bir ilkə imza atdı: "Bu, məsələnin yalnız bir üzüdür. Hazırda koronovirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə yalnız birgə səylərlə mümkündür. Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onların səmərəli olanlarının qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır. Bu mənada, Azərbaycanın koronovirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var. Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir. Belə olan halda, Azərbaycan Prezidentinin təşəbbüsü ilə zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər".

Daha sonra o, ölkə başçısının diqqətdə saxladığı məsələləri təhlil edib: "Azərbaycan Prezidenti ilk növbədə məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki, zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soy, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Hazırkı mərhələdə koronovirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə, mənəvi–psixoloji məsələlər və ümumi həhmrəylik də bir o qədər əhəmiyyətlidir. Başqa əlamətdar bir məsələ isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun zirvə görüşünə qatılması idi. Bu da Azərbaycanın dəvəti ilə baş tutmuşdu. Onun bu iclasa qatılması Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq keyfiyyəti qazandırırdı. ÜST-ün baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda bundan sonrakı mərhələdə koronovirusa qarşı mübarizədə daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı.

Şübhəsiz ki, bütün bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsizliyini birlikdə qorumaq əzmi idi. Ancaq koronavirus pandemiyasının yaratdığı problemlər təkcə sağlıq müstəvisi ilə məhdudlaşmır və digər sosial-iqtisadi seferalara da ciddi şəkildə mənfi təsir göstərir. Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin minimuma endirilməsi məsələsi də gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarınn nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrin hazırkı mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi. Bu sırada Bak-Tibilisi-Qars dəmir yolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi. Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası Zirvə Toplantısı şura üzvlərinin həmrəyliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib bir tarixi hadisə kimi yadda qaldı".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR