Qazaxıstanlı ekspert: "Azərbaycan hökuməti üçün vətəndaşların təhlükəsizliyi prioritetdir"

Qazaxıstanlı ekspert: "Azərbaycan hökuməti üçün vətəndaşların təhlükəsizliyi prioritetdir"
17:32 13 Aprel 2020
164 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın Türk Şurasının sədri olaraq növbədənkənar iclasın təşəbbüskarı qismində çıxış etməsi əlamətdar haldır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə qazaxıstanlı ekspert, iqtisadçı Naylya Almuhamedova deyib.

Onun sözlərinə görə, aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında fövqəladə iclasının keçirilməsi bu ölkələrin mürəkkəb vəziyyətlərdə birgə fəaliyyət göstərmək niyyətini, eyni zamanda türk xalqlarının həmrəylik və dostluğunu nümayiş etdirdi:

"Planlaşdırılmamış iclasın təşkili bir daha təsdiq edir ki, Türk Şurası öz beynəlxalq nüfuzunu gücləndirməkdə olan çoxtərəfli məkana çevrilir. Bu tezisi, həmçinin sammitə dəvət edilən qonaqlar qismində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun, müşahidəçi dövlətin rəhbəri qismində Macarıstanın Baş naziri Viktor Orbanın, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun iştirak etməsi təsdiqləyir".

Ekspert hesab edir ki, Türk Şurasının iclasının gündəliyinə ticari-iqtisadi əməkdaşlıq məsələlərinin nəzərdən keçirilməsi uzunmüddətli əməkdaşlıq faktını təsdiq edir:

"Biz görürük ki, koronavirus pandemiyası dünya ölkələrini vətəndaşların təhlükəsizliyi, siyasət və iqtisadiyyat məsələlərində böyük seçim qarşısında qoyub. Amma yeni yaranan mürəkkəb iqtisadi vəziyyətdə belə ölkələrimiz koronavirusun yayılmasının pik həddi keçəndən sonra qarşılıqlı əməkdaşlığı möhkəmləndirməklə bu şərtlərə uyğunlaşmaqda maraqlıdır. Bununla bağlı, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev birgə "Fəaliyyət planı" hazırlamağı təklif edib. Bu baxımdan Türk Ticarət-Sənaye Palatasının və Türk İnvestisiya Fondunun işinin fəallaşmasının zərurəti artacaq. Bu məsələdə Türk Şurasının sədr ölkəsi kimi Azərbaycan tərəfindən aktiv fəaliyyət və təşəbbüslər vacib olacaq".

Azərbaycan hökumətinin koronavirusun yayılması ilə mübarizəsini şərh edərkən, N.Almuhamedova deyib ki, Azərbaycanın gördüyü tədbirlər bir çox baxımdan Qazaxıstan hökumətinin gördüyü tədbirlərlə eynidir:

"Azərbaycan vətəndaşların sosial məsafə saxlamasına diqqət ayırdı və bununla da infeksiyanın yayılma sürətini azaldaraq səhiyyə sisteminin yüklənməsini yumşaltdı. Başqa sözlə, Azərbaycan hökuməti üçün vətəndaşların təhlükəsizliyi və ölüm hallarının yüksək faizinin qəbulolunmazlığı prioritetdir. Əlbəttə ki, bu, işgüzar fəaliyyətdə özünü göstərəcək və gələcək perspektivdə iqtisadiyyatın ləngiməsinə gətirib çıxaracaq. Ona görə də Azərbaycanda vətəndaşlara təzminatlar ödənməsi, sahibkarların vergi yükünün azaldılması, kreditləşmənin stimullaşdırılması yolu ilə iqtisadiyyata mənfi təsirin azaldılması üzrə tədbirlər görülür".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/841694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR