Şərəf məsələsi

Şərəf məsələsi
21:57 17 Yanvar 2015
187 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, vətəndaşlarını erməni separatçılarından xilas etmək məsələsində yalnız öz gücünə arxalanmalıdır 
Yeni ilə bir neçə gün qalmış Qarabağdakı erməni separatçıları Azərbaycana "hədiyyə" etdilər. Ermənistan KİV-in məlumatına görə, dekabrın 29-da separatçı rejimin "birinci instansiya məhkəməsi" "prokuror" Karen Qabrielyanın tələbini yerinə yetirərək, iki azərbaycanlı haqqında ağır qərar çıxardı. Ötən ilin iyulundan separatçıların girov saxladıqları Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildilər.
Xatırladaq ki, ötən ilin iyulunda, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev əcdadlarının məskəninə baş çəkməyə cəhd edən zaman, Kəlbəcərdə erməni hərbçiləri tərəfindən girov götürülmüşdülər. Həmin an onlarla birlikdə olan daha bir Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülmüşdü. Sonradan "günah"ı işğal altındakı doğma torpaqlarına baş çəkmək olan dinc azərbaycanlılar qətldə, diversiyada və digər ağır cinayətlərdə ittiham olundular.
 
Erməni tərəfinin planına görə, hazırladıqları və teatr şousunu xatırladan "məhkəmə" hüququn bütün normalarına uyğun şəkildə keçirildiyindən, azərbaycanlı girovlar mövzusu artıq qapadılıb. Amma bu, heç də belə deyil.
 
Aydındır ki, azərbaycanlı girovların azad edilməsində beynəlxalq birliyin dəstəyinə arxalanmağa dəyməz. Dünyanın aparıcı oyunçuları sanki bu problemi görmürlər. Dinc azərbaycanlılara qarşı baş verən açıq özbaşınalığa nə Rusiya (halbuki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır), nə Birləşmiş Ştatlar diqqət göstərir və bu, xüsusilə məyusedicidir. ABŞ Dövlət Departamentinin, adətən, danışmağa həvəsli olan rəsmiləri jurnalistlərin israrlı cəhdlərindən sonra, azərbaycanlı girovlarla bağlı məsələyə eyni cür münasibət bildirirlər: "Xəbərimiz yoxdur". Özünü qlobal düzənin keşikçisi kimi təqdim edən bir dövlət üçün qəribə etinasızlıq deyilmi?
 
Bununla yanaşı, Azərbaycan girovların azad edilməsi məsələsini prezident səviyyəsində diqqətdə saxlayır. "Prezident daim bu məsələ ilə məşğuldur. Tamamilə əminəm ki, Ramil Səfərovu vətənə qaytarmış prezident onları da azad edəcək", - deyə ölkənin baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
 
Əlbəttə, Azərbaycan vətəndaşlarını girovluqdan azad etmək məsələsində sonadək getmək niyyəti heç bir kəsdə şübhə doğurmur. Amma girovlarla bağlı vəziyyət Səfərovun işindən çox fərqlənir. Hər halda, Azərbaycan Ordusunun zabitindən fərqli olaraq, D.Əsgərov və Ş.Quliyev sivil Avropa ölkəsinin həbsxanasında deyil, beynəlxalq qanunların işləmədiyi qondarma qurumun zindanında saxlanılırlar.
 
Separatçı rejimin "Azərbaycanlı diversantlar" məsələsinin qurama olduğu açıq-aydın görünür. "Günahı" doğma torpaqlarına baş çəkmək olan azərbaycanlılar üzərində məhkəmənin qurulmasının özü gülməlidir. Əlbəttə, onlar bu zaman heç bir "dövlət sərhədi"ni pozmayıblar və müvafiq olaraq, bu ittihamın heç bir əsası yoxdur. Nəticədə, ermənilərin "ittihamlar"ının bu qədər gülünc görünməməsi üçün azərbaycanlılar daha ağır cinayətlərdə - diversiyada və hətta qətldə ittiham olunublar. Amma söhbət hüquqi müstəvidə fəaliyyətdən gedirsə, burada da müəyyən problemlər var. Ermənistan girov götürülmüş dinc sakinlərin geri qaytarılmasına dair beynəlxalq öhdəlikdən qurtulmaq üçün məsuliyyəti üzərindən atmağa çalışır və bu səbəbdən də məqsədli şəkildə, baş verənlərə aidiyyətinin olmadığını iddia edir. Guya İrəvanın bu işə aidiyyəti yoxdur və məsələ "Qarabağ hökuməti" ilə həll olunmalıdır. Lakin qondarma "DQR" rejimini heç bir dövlətin və qurumun tanımadığı bəllidir. Hər imkanda "müstəqil dövlət olduğunu, beynəlxalq normalara qəti şəkildə əməl etdiyini" deyən Qarabağ separatçıları bu halda girovları geri qaytarmamaq üçün bunların əksini - beynəlxalq sənədlərin tələblərinə əməl etməli olmadığını deyir.
 
İstənilən halda, Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev hesab edir ki, erməni tərəfi həmin torpaqların yerli sakinləri olan azərbaycanlıları əcnəbi vətəndaşlar hesab edirsə, onların müdafiə hüququ daha ciddi şəkildə təmin edilməlidir. Əlbəttə ki, bu, baş verməyib və bu hüququn təmini sıfır səviyyəsində olub. Ola bilsin, Əsgərovla Quliyevin təmas xəttini dəfələrlə keçmələri erməni tərəfini xüsusilə qıcıqlandırıb. Onların bu addımı indiyədək bir neçə dəfə atdıqları məlumdur. Bəlkə də bu səbəbdən ermənilər onları daha sərt cəzalandırmaq qərarına gəliblər. Bununla da sanki onlar eyni fikirdə olan digər azərbaycanlılara "dərs verməyi" düşünürlər.
 
Hər halda, F.Mehdiyev Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququnun olduğunu düşünür. Onun sözlərinə görə, Bakı BMT, Avropa Parlamenti və Avropa Şurasının Azərbaycanın suveren ərazisi olduğuna, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyinə dair qətnamələrinə əsaslanaraq, Ermənistana qarşı iddia qaldıra bilər. "Lakin problem ondadır ki, Avropa Məhkəməsində hələ belə presedent yoxdur. Odur ki, biz Ermənistana qarşı iddia qaldıraraq, onun Dağlıq Qarabağı işğal etdiyini və işğal altında saxladığını, İnsan Haqları və Əsas Azadlıqlar Bəyannaməsinə əsasən, Əsgərovun və Quliyevin hüquqlarını pozduğunu (Maddə 5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ; Maddə 6. Ədalətli məhkəmə təhqiqatı hüququ) bildirəriksə, bu işin araşdırılmasına uzun illər sərf olunacaq", - deyə beynəlxalq hüquq sahəsində ekspert bildirir.
 
Bu arada Avropa İnsan Haqları Məhkəməsi 1990-cı illərdə oxşar vəziyyətlə üzləşib. O zaman tanınmamış respublikanın sərhədinin pozulmasına dair ittiham rədd edilib. Söhbət "Loizidunun Türkiyəyə qarşı iddiası"ndan gedir. O zaman adanın türk hissəsində doğulmuş qadın sərhədi keçərək yunan tərəfinə adlamaq istəyən zaman həbs edilmişdi. Adanın türk hökuməti qadını elə həmin gün azad etmişdi. Amma müvəqqəti olsa belə, həbs faktının olması ciddi səs-küy yaratmışdı. İş çox uzanmış, sonda iddiaçı istəyinə nail olmuş, Türkiyə qanunsuz hərəkət etməkdə təqsirli bilinmişdi.
 
Burada anologiya aparmaq olar. Sadədə bizim işdə məsələ bir qədər ciddidir. Çünki azərbaycanlılar nəinki həbs olunduqdan bir müddət sonra sərbəst buraxılmayıblar, hətta onlara qarşı qondarma ittihamla sərt cəza kəsilib. Bu, əlbəttə ki, onların azadlıq hüququnun kobud şəkildə pozulmasıdır.
 
Daha bir variant D.Əsgərovla Ş.Quliyevin xüsusi əməliyyat nəticəsində azad olunmalarıdır. Bu əməliyyat uğurlu alınacağı təqdirdə, heç bir kəs Bakını məzəmmət edə bilməz. Çünki söhbət rəsmi olaraq Azərbaycan ərazisi sayılan torpaqlarda azərbaycanlıların qanunsuz həbsindən gedir. Amma nəzərə alsaq ki, bu variantda risk böyükdür, o, az ehtimal olunandır: bu varianta əl atılacağı təqdirdə, qurbanların sayı azad ediləcək girovların sayını ötə bilər.
 
F.Mehdiyevin fikrincə, ən yaxşı variant Əsgərovla Quliyevin erməni diversiyaçılarla dəyişdirilməsi ola bilər. "1949-cu ildə qəbul edilmiş Cenevrə bəyannaməsi var. Orada müharibə şəraitində dinc sakinlərin qorunmasından danışılır. Sənəddə bildirilir ki, bu şəraitdə girov götürülmüş dinc sakinlər dərhal azad olunmalıdırlar. Bu, Azərbaycanla Ermənistan arasında keçərli olsa da, tanınmamış "DQR"lə bağlı o, işləməyəcək.
 
Ermənilərdən fərqli olaraq, biz ələ keçirdiyimiz diversantları məhkəməyə verməmiş və erməni əsirliyində olan vətəndaşlarımızla dəyişmişik. Bu halda da dəyişiklik mümkündür. Bizim əlimizdə dəyişdirə biləcəyimiz şəxslər olarsa, güman ki, ermənilər deyəcəklər: "Bizdəkilər hərbi deyil, mülki cinayətlərdə təqsirli bilinən mülki şəxslərdir. Sizdəkilər isə hərbçilərdir və siz onları geri qaytarmağa borclusunuz". Amma bu halda belə, əsaslar var. Çünki biz Azərbaycanın işğal olunmuş ərazilərində kimlərin hərbi xidmət çəkdiklərini bilmirik. Orada heç bir "könüllü"dən söhbət gedə bilməz. Muzdlular isə beynəlxalq hüquqa görə, 1949-cu ilin bəyannaməsinə əsasən müdafiə olunanlar arasında deyillər", - deyə ekspert qeyd edib.
İstənilən halda, D.Əsgərovla Ş.Quliyevin azad edilmələri nə qədər problemli olsa da, Azərbaycan üçün bu, şərəf məsələsidir. Əsas odur ki, onlar sağdırlar və onları istənilən yolla xilas etmək Azərbaycanın borcudur.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR