Koronavirus infeksiyasının xroniki ürək-damar xəstələrinə yoluxması ehtimalı daha yüksəkdir

Koronavirus infeksiyasının xroniki ürək-damar xəstələrinə yoluxması ehtimalı daha yüksəkdir
23:47 15 Aprel 2020
237 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəşəriyyət koronavirus (COVID-19) pandemiyası kimi qlobal təhlükə ilə üzləşib və bütün dünyada bu virusla ciddi mübarizə aparılır. Koronavirus infeksiyasının risk qrupuna daxil olan xroniki ürək-damar xəstələrinə yoluxması ehtimalı daha yüksəkdir.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində invaziv kardioloq Samir Mustafayev bildirib.

Koronavirusa yoluxan xəstələrin şikayətlərinin əsasən əzginlik, halsızlıq, şiddətli quru öskürək, yüksək temperatur və ciddi tənginəfəslikdən olduğunu vurğulayan S.Mustafayev xroniki ürək-damar xəstəliyi olanlarda isə anormal təzyiq yüksəlmələrinə rast gəlinə biləcəyini diqqətə çatdırıb: "Koronavirus xəstəliyinin əsas simptomlardan biri olan yüksək temperatur orqanizmdə iltihabi vəziyyəti artırdığı üçün ürək-damar xəstəliyi olan insanlarda kəskin miokard infarktı riskini yüksəldir. Bu infeksiya nəticəsində orqanizmdə toxuma və orqanların oksigenə tələbatı artır. Oksigen ehtiyacını qarşılamaq üçün ürək daha çox işləməyə məcbur olur."

Kardioloq qeyd edib ki, koronavirus infeksiyasına yoluxan ürək-damar xəstələrində yaranan yüksək temperatur və su itkisi ürək vurğularının sayının artmasına və arterial təzyiq oynamalarına səbəb olur. Nəticədə ürək-damar xəstəliyi olan insanlarda ciddi fəsadlara səbəb olur.

Dünyada bu xəstəliyə tutulan xəstələrin əksəriyyətində simptomlar yüngül olsa da, çox təəssüf ki, yaşlı və xroniki ürək-damar xəstəliyi olan insanlarda bu xəstəlik yüngül keçmir.

Həkim bildirib ki, bütün bunları göz önünə gətirərək, risk qrupunda olan bütün xəstələr özlərini yaxşı qorumalı, sağlamlıqlarına hər zamankından daha diqqətli yanaşmalıdırlar.

Ürək-damar xəstələri və digər xroniki xəstəlikləri olan insanlar koronavirus pandemiyası dövründə nəyə diqqət etməlidirlər?

1. Onlar evdə qalmalıdırlar. Evdən çıxmağa zərurət yarandıqda isə qoruyucu maska, eynək taxmalı, insanların çox olduğu yerlərdən mümkün qədər uzaq durmalı və digər insanlar arasında ən azı 2 metr məsafə saxlamalıdırlar. Maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır. Maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir. Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir.

2. Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Əlləri tez-tez maye sabunla ən azı 20 saniyə yumalı və spirt tərkibli məhlulla dezinfeksiya etməlidirlər.

3. Evi gündə ən azı 3 dəfə havalandırmaq lazımdır.

4. Evdən çıxmağa məcbur qaldıqda, evə dönərkən paltarların 60-90 dərəcə temperaturda yuyulması tövsiyə olunur. Üst paltarları bir gün balkonda saxlayaraq havalandırmaq lazımdır.

5. Stresdən mümkün qədər uzaq durmaq, sadə idman hərəkətləri etmək məsləhətdir.

6. Normal yuxu rejiminə əməl etmək önəmlidir.

7. Bol su içməli və təbii qidalara üstünlük vermək tövsiyə olunur.

8. Mütəmadi olaraq həkiminizlə əlaqə saxlayın. Həkimin təyin etdiyi dərman preparatları düzgün və vaxtında qəbul edilməlidir.

9. Ciddi zərurət yaranmadıqca, xəstəxanalara müraciət edilməsi məsləhət görülmür.

"Bu qaydalara ciddi riayət etməklə xroniki ürək-damar xəstəliyi olan insanlar özlərini koronavirusdan qoruya bilərlər", - deyə həkim qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/842357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR