Şahin Seyidzadə: Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır

Şahin Seyidzadə: Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır
20:17 17 Aprel 2020
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə həsr olunmuş video konfrans şəklində müşavirəsi keçirildi. Müşavirədə hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Prezidentin sədrlik etdiyi ənənəvi rüblük və illik yığıncaqlarından fərqli olaraq, bu müşavirə, Azərbaycanın da qarşılaşdığı qlobal çağırış, koronavirus pandemiyası fonunda keçirildi. Bu gün statistikaya görə, dünyada 2 000 000-na yaxın insan bu xəstəliyə yoluxmuş (orta hesabla 1 milyon nəfərə 260 nəfərdən çox yoluxmuş insan), təxminən 125 000 insan xəstəlikdən vəfat etmişdir (yoluxmuşların ümumi sayının 6.25%-i). Azərbaycanda isə 1200-dən çox insan (orta hesabla 1 milyon nəfərə təxminlə 120 nəfər yoluxmuş insan), bu xəstəliyə yoluxmuş 15 nəfər (yoluxmuşların ümumi sayının 1,25% -i) xəstəlikdən vəfat etmişdir. Göstəricilərdəki fərq göz qabağındadır.

Sözsüz, video konfrans şəklində keçirilən müşavirə zamanı koronavirus mövzusuna toxunmamaq mümkün deyildi. Təəssüf ki, bu mövzu son vaxtlar ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının bir hissəsinə çevrildi. Son 3 ay ərzində hökümət tərəfindən çox işlər görüldü, addımlar atıldı. Prezident İlham Əliyev çıxışı zamanı görülən tədbirlər, xüsusən də koronavirus ilə mübarizə sahəsində aparılan işlər barəsində vacib məqəmları diqqətə çatdırdı.

Beləliklə, koronavirusun yayılması ilə mübarizə sahəsində təqdim olunan əsas məqamlara diqqət çəkmək istərdim.

  • Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı

Prezident vəziyyəti şəxsi nəzarəti altına alıb. Funksional və ixtisaslaşmış sahələrinə görə müvafiq dövlət qurumları tam olaraq səfərbər olunub.

  • Koronavirusla mübarizə üçün bütün addımlar düzgün istiqamətdə atıldı

Alınan qərarlar mütərəqqi, əsaslandırılmış, adekvat, vaxtında və ən əsası kommunikasiya baxımından insanlara aydın, çevik bir şəkildə çatdırılır.

  • Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır

Qəbul edilmiş qərarlarla razılaşmaq və ya razılaşmamaq mümkündür. Adi halda hər bir qərar ayrıca müzakirə mövzusu ola bilər. Ancaq, krizis idarəetməsi və qlobal bir pandemiya dövründə prioritet daha başqadır - insanların sağlamlığı və həyatı. Prezident hər kəsi özünə və başqalarına qayğı göstərməyə çağırır. "Oyunun qaydaları" çox sadədir - qərarlara əməl etmək, özünüzə, başqalarına, həkimlərə və dövlətə kömək etmək. Əgər qaydalar pozulursa, cəzalanacaqsınız. Bütün bunlar hər bir insanın həyatı və sağlamlığı naminədir!

  • Koronavirusla mübarizə üçün növbəti addımlar vəziyyətdən asılı olaraq atılacaq

Karantin qaydalarını süni şəkildə sərtləşdirmək kimi planlar yoxdur, lakin, hər şeyin ən qısa müddətdə tamamlanacağı da dəqiq deyil. Qərarlar alınan məlumat və statistik göstəricilərdən asılı olaraq qəbul ediləcək. Hadisələrin necə dəyişəcəyini bizə zaman göstərəcək.

  • Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür

Prezident açıq şəkildə bildirdi ki, hökumət yumşalma addımlarının atılmasında maraqlıdır. Lakin, bunun üçün müvafiq əsaslar olmalıdır. Sevindirici haldır ki ...

  • Son günlərin rəqəmləri ruhlandırır

Hazırki rəqəmlər vəziyyətin nəzarətə götürüldüyünün və düzgün qərarların verildiyinin bir daha sübut edir. Son günlərdəki rəqəmlər bizi ruhlandırır. Lakin, bu insanları arxayın salmamalıdır. Hələ ki, ilkin göstəricilər müsbətdir və bunun bir tendensiya halına çevrilməsi vacibdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 2020-ci ilin birinci rübündə əmələ gəlmiş çağırışın öhdəsindən layiqincə gəlir. Birinci mərhələdə, "dövlət təhlükəsizliyinin təmin edilməsinə, milli genofond, insanların sağlamlığının və həyatının qorunmasına" yönəlmiş tədbirlər mərhələsi uğurla həyata keçirilir. İndi isə, ikinci mərhələ - "qısamüddətli zərərlərin təhlili, uzunmüddətli itkilərin minimuma endirilməsi və əhalinin müəyyən qruplarının diqqətdə saxlanılması və dəstək olunması" mərhələsi başlanıb.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Trend


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/843000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR