Prezident 600 min ailəyə sevinc bəxş etdi - Xalqa BÖYÜK SEVGİ

Prezident 600 min ailəyə sevinc bəxş etdi - Xalqa BÖYÜK SEVGİ
09:28 18 Aprel 2020
97 Digər
Ölkə mətbuatı
A- A+

Cənab İlham Əliyevin koronavirus pandemiyasına görə 190 manat alan işsiz insanların sayını 200 min nəfərdən 600 min nəfərə qaldırılması ilə bağlı verdiyi göstəriş təkcə Azərbaycan dövlətinin sosial mahiyyəti deyil, bu, birbaşa Prezidentin xalqa münasibətinin göstəricisidir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə keçirdiyi telemüşavirədəki çıxışı və göstərişləri haqda danışarkən qeyd edib.

A.Camalqızı bildirib ki, Azərbaycanın koronavirus pandemiyasının əhaliyə və iqtisadiyyata vurduğu zərərlərin minimallaşdırılması ilə bağlı ayırdığı vəsaitin həcmi olduqca böyükdür:

“Dövlətlərin pandemiyaya qarşı ayırdığı vəsait onun ümum daxili məhsulu ilə müqayisə edilir. Bir daha zərur olaraq xatırlatmağa ehtiyac var ki, Azərbaycan dövləti birbaşa cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətə ümumi daxili məhsulun 3 faizindən də çox – 2,5 milyard vəsait ayırıb. Müqayisə üçün yada salın ki, Rusiyanın bu istiqamətdə ayırdığı vəsait ümumi daxili məhsulunun 0,4 faizindən daha azdır.

Amma buna baxmayaraq, Prezident 2,5 milyard vəsaitlə kifayətlənmir, dövlətin bütün imkanlarını bu istiqamətdə səfərbər edir. Yalnız tibbi avadanlıqların alınmasına Prezident öz ehtiyat fondundan 97 milyon ayırdı və bilirsiniz ki, fevralın sonunda ölkəmizə gətirilən bu avadanlıqlar koronavirus xəstələrinin həyatının xilas olunmasında müstəsna rol oynadı. Yalnız martın ortalarında üzə çıxdı ki, dünyanın ən inkişaf etmiş ölkələrində süni tənəffüs aparatı çatışmazlığı var. Prezident isə hələ heç bir fəsad olmadan – fevralın ikinci yarısında Azərbaycanda koronavirus xəstəsi yox idi – böyük uzaqgörənliklə 200 süni tənəffüs aparatının və digər zəruri avadanlıqların alınması göstərişini vermişdi. Əlavə olaraq tibbi avadanlıqlar üçün 150 milyon manat da ayrılıb və ən zəruri halda dərhal istifadə ediləcək. Bütün bunlar 2,5 milyarda daxil deyil.

Digər tərəfdən, cənab Prezident bu il üçün nəzərdə tutulan heç bir sosial proqramın təxirə salınmaması ilə bağlı da göstəriş verdi və hazırda bütün sosial proqramlar, o cümlədən şəhid ailələri üçün mənzillərin alınması və tikintisi davam edir”.

Politoloq bütün bu prosesin ölkənin gəlirlərinin azaldığı bir vaxtda həyata keçirildiyinə diqqət çəkib:

“Nəzərə alın ki, dövlət büdcəsində 55 dollardan nəzərdə tutulan Bakı nefti hazırda 20 dollara qədər geriləyib, idxal-ixrac əməliyyatları azalıb, dövlətlər təbii olaraq pandemiyaya görə öz sərhədləri daxilinə çəkilib, karantin rejimi ilə bağlı bir çox qurumlar fəaliyyətini dayandırıb. Amma dövlətimiz gəlirinin bu qədər azalmasına rəğmən 300 mindən çox muzdlu işçinin aylıq yükünü, sahibkarlıq subyektlərinin ziyanının qarşılanması üçün onlara yardımları öz üzərinə götürüb. Əlavə olaraq, ardıcıl vergi güzəştləri gəlir – bilirsiniz ki, büdcənin əsas gəlir yeri vergilərdir - amma Prezidentin xüsusi tapşırığı ilə sahibkarlara ciddi vergi güzəştləri, hətta vergidən tam azadolma imkanları - vergi tətilləri verilir və s. Bütün bunlarla bərabər işsiz kimi qeydə alınan 200 min insandan başqa daha 400 min insanın 190 manat minimal ödənişlə iki aylıq təmin edilmısi qərarı olduqca böyük humanizm, Prezidentin xalqın qoruması, onun həm səhhəti, həm də dolanışığı üçün hər şey etməsinin nümunələrindən biridir”.

A.Camalqızı qeyd edib ki, bu 400 min üçün əlavə 152 milyon vəsait ayrılacaq və bu da 2,5 milyarda aid deyil:

“Göründüyü ki, 2,5 milyard deyilib, ancaq Prezidentimiz hər vəchlə bu rəqəmi böyüdür, müxtəlif mənbələri cəlb etməklə əhalinin hazırkı vəziyyətdən daha rahat çıxması üçün hər imkandan maksimum istifadə edir. Bir şeyi də təsəvvür etmək vacibdir: Dövlət birdən birə 600 min şəxsə, o cümlədən 304 min muzdlu işçiyə, bir o qədər sahibkara yardım edir. Bunun fiziki olaraq çatdırılması, həmin şəxslərin qeydiyyatıın aparılması, müəyyənləşdirilməsi, köçürmələrin edilməsi və s. – olduqca böyük həcmli bir işdir. Paralel olaraq yeni məşğulluq yerləri yaradılır və aradan keçən bu qısa müddət ərzində artıq 12 mindən çox iş yeri formalaşdırılıb. Bütün bunlar o qədər irihəmcli prosesdir ki, bunun ideal şəkildə indiyə qədər aparılmasına görə sözügedən qurumlara yalnız təşəkkür etmək düşür. Ona görə də hesab edirəm ki, birdəfəlik ödəməni 2-3 gün digərindən gec alanlar prosesi anlamalı və bu məsələdə anlayışlı davranmalıdırlar”.

Politoloq vurğulayıb ki, cənab Prezident ilk gündən həm tibbi ləvazimatların alınması, ölkəyə gətirilməsi, həm karantin rejiminin tətbiqi, “Yeni klinika”nın təcili istifadəyə verilməsi, modul tipli 12 xəstəxananın yaradılması, tibbi spirt və tibbi maska istehsalının başladılması, xalqın qorunması üçün karantin rejiminin tətbiqi və karantin müddətində işsiz, işini itirən şəxslər, muzdla çalışanlar, günəmuzd işləyənlər, ziyan çəkən sahibkarlar, paralel olaraq kənd təsərrüfatı sahəsində prosesin dayanmaması və s. çoxşaxəli işlərlə bərabər, şəhid ailələrinin mənzil təminatı və o prosesin getməsini bir an da olsun unutmur:

“Prezident həm 14 aprel müşavirəsində, həm də ötən gün bu məqamı xüsusilə vurğuladı və bir daha 1500 şəhid ailəsinin bu il mənzil təminatının mütləq şəkildə həll edilməsini tapşırdı.

Dövlətin bu qədər yükü öz üzərinə çəkdiyi bir məqamda vətəndaşların və sahibkarların üzərinə düşən məsuliyyəti də var: vətəndaşlar dövlətin aldığı qərarlara riayət etməli və bilməlidir ki, bütün bu tədbirlər, xərclənən milyardlar və görülən çoxhəcmli iş xalqın qorunması üçündür və heç də bütün ölkələrin rəhbərləri öz xalqı üçün bu qədər fədakarlıq etmir; sahibkarların isə dövlətin bu ağır yükü çiyinlərinə götürdüyü bir məqamda vergidən yayınmaq naminə əmək müqavilələri bağlamaması və digər meyilləri doğrudan da, Prezidentin dediyi kimi, xəyanət olardı. Biz bizi qoruyan dövləti öz məsuliyyətimizi dərk etməklə qorumalı və Prezidentin bu addımlarına qoşulmaqla ölkə rəhbəri və Birinci Vitse-prezidentin xalqa sonsuz sevgisini cavablandırmağı bacarmalıyıq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR