Əzaların dezinfeksiyası və ruhun profilaktikası dönəmi

Əzaların dezinfeksiyası və ruhun profilaktikası dönəmi
21:12 19 Aprel 2020
172 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Ey çətinliklər düyününü açan (Allah)!"

("Səhifeyi-Səccadiyyə"nin 7-ci duasından)

Koronavirusun vura biləcəyi ən böyük ziyan - ictimai laqeydlik virusunun vücudlarda təşəkkül tapmasıdır.

Və bu virus - koronavirusdan qat-qat təsirlidir və qat-qat sürətlə yayılır. Odur ki, bundan qorunmağa xüsusi fikir verməliyik.

Biz - temperamentli bir xalqıq, gediş-gəliş, əllə görüşmə, qucaqlaşma, hal-əhval tutma - bütün bunlar bizim üçün böyük əhəmiyyət kəsb edir.

Biz, bəlkə də yeganə bir millətik ki, "Başqa nə var-nə yox?", "Sözün, qulluğun?" kimi heç bir dilə praktiki mənada tərcümə oluna bilinməyən bir sualı verir və cavabında: "Sağlığın, gözəlliyin" və "Qulluq sahibi olasan" tipli yenə də heç bir dilə tərcümə oluna bilinməyən bir cavabla məmnunlanırıq...

Biz gecə saat 12-də bizə evə çatdıran dosta, mütləq: "Gedək, 1 stəkan çay içək" kimi səmimi dəvətlər etməyi, borcu qaytaran insana: "Qalaydı, tələsik deyildi" kimi cavabları verməyi özümüz üçün bir növ vacibi ədəb norması kimi qəbul etmişik.

Bunların fonunda, koronavirusun gətirdiyi karantin və izolyasiya, istər-istəməz münasibətlərdə bir cür ifrat ehtiyatlılıq, psixoloji təcrid, tənhalıq kimi hallara yol aça bilər.

Belə isə, daha da isti olmağa çalışmalı, telefon, mesaj, votsap və s. üzərindən mehribanlığı, hal-əhval tutmağı artırmağa səy etməliyik.

Valideyn, övlad, qohum, dost, yaxın, qonşu - hamıya diqqətimizin bir payını ayırmağa çalışmalıyıq. Xüsusən də nəzərə almalıyıq ki, iqtisadi çətinlik çəkən insanlar üçün bu karantin, olan durumu bir az da çətinləşdirir.

İmkanımız olsa, zəruri ərzaq məhsullarından ibarət bağlamaları tədarük edib, tutduğumuz siyahı üzrə daha ehtiyaclı qohumlara, yaxınlara çatdırmağımız yaxşı olardı.

Dostlar birləşib, daha az imkanı olan dostlara maddi diqqət göstərə bilər.

Yaşadığımız həyətdə bədvaris və bivaris insanlar varsa, onlara imkanımız çərçivəsində qayğı göstərməyimiz çox bəyənilən olardı.

Bu karantin və izolyasiya hələ bir müddət çəkə bilər. Gərək bu imtahanlardan daha möhkəm, daha mehriban, daha səmimi, daha imanlı çıxaq.

Əzalarımızı dezinfeksiya edərkən, ruhumuzun da profilaktikasına diqqət edək. Zikr, dua, əməllərdən, ziyarətnamə oxumaqdan qəflət etməyək.

Mübarək Üçaylıqda yaşadığımızı, İlahi ziyafət ayının müqəddiməsində olduğumuzu gərək hər zaman diqqət mərkəzində saxlayaq.

Böyük Allah xalqımıza, ümmətimizə, bütün bəşəriyyətə hidayət, ayıqlıq, bəsirətlilik və bütün maddi və mənəvi bəlalardan nicat nəsib etsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR