“La Stampa”da Azərbaycan Milli Xalça Muzeyindən bəhs edildi

“La Stampa”da Azərbaycan Milli Xalça Muzeyindən bəhs edildi
19:03 21 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İtaliyadakı Səfirliyi sosial şəbəkələrdəki profillərində “Milli muzeylərimizə virtual səyahət” rubrikasını təqdim edir. Bununla da İtaliya ictimaiyyəti Azərbaycandakı muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı qazanır.

Qeyd edək ki, bu rubrika İtaliyanın məşhur “La Stampa” qəzetinin xüsusi marağına səbəb olub və 20 aprel tarixində qəzetin “Səyahətlər və mətbəx” (Viaggi e Cucina) bölməsində jurnalist Noemi Pennanın müəllifi olduğu “Bir xalça muzeyi hansı formada ola bilər? Bakının müvafiq cavabı belədir” başlıqlı məqalə dərc edilib.

“Bükülmüş xalça. Budur, yalnız Azərbaycan Milli Xalça Muzeyinə məxsus ola biləcək orijinal forma. Biz Bakıda, Azərbaycandayıq və müzakirə mövzusu bütünlüklə xalçaçılıq mədəniyyətinə və sənətinə həsr olunmuş unikal bir muzeydir”, deyən müəllif muzeyin füsunkarlığı ilə yanaşı tarixi haqqında da məlumat verib. Muzeyin 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında Dənizkənarı Milli Parkda tikilmiş yeni, perspektivli, bükülmüş böyük xalçaya bənzəyən binaya köçürüldüyünü bildirib.

Məqalədə binanın interyerindən də söhbət açılıb, muzeyə girərkən ziyarətçilərin özlərini sanki asılmış bir tunelin içərisində hiss etdiyi diqqətə çatdırılıb. Burada bəziləri XVII əsrə aid olan Azərbaycanın dünyada ən böyük xalça kolleksiyaları, habelə arxeoloji tapıntılar və keramika, yağ lampaları, tikiş və zərgərlik əşyaları kimi məşhur sənətkarlıq nümunələrinin mükəmməl görünüşü ilə tanış olmağın mümkünlüyü vurğulanıb. Məqalədə həmçinin qeyd edilib ki, muzeydə müxtəlif dövrlərə aid üzərində əjdahalar, ümid ağacları, xaç və islam rəmzləri əks olunan əl ilə toxunmuş sadə və daha mürəkkəb formalarda xalçalar, xalçaların toxunması üçün dəzgahlar, yunlar, iplər, xurcunlar və digər müvafiq eksponatlar nümayiş olunur.

Müəllif bildirib ki, koronavirus səbəbindən yaranmış epidemioloji vəziyyətlə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi ziyarətçilərə bağlı olsa da, muzeyin kolleksiyası və möhtəşəm xəzinəsi təmənnasız şəkildə onlayn formada nümayiş etdirilir. “Virtual tur üç mərtəbə arasında sərbəst hərəkət etmək, sənət əsərlərindən zövq almaq və bizim diqqətimizi daha çox cəlb edən hekayələr üzərində dayanmaq imkanı verir”, deyə məqalədə qeyd olunub.

Azərbaycan Milli Xalça Muzeyinin interyeri ilə bağlı bir sıra fotoların da yer aldığı məqalə ilə müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.lastampa.it/viaggi/mondo/2020/04/20/news/quale-forma-potrebbe-mai-avere-un-museo-del-tappeto-ecco-la-suggestiva-risposta-di-baku-1.38738303


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/311478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR